Ermənilər hələ də sovet "KQB"-si ilə birlikdə təşkil etdikləri iğtişaşları bizim ayağımıza yazmağa çalışırlar
Vasif Əfəndiyev: “Sumqayıt hadisələrinin ardınca Xocalı faciəsi də eyni ssenari üzrə təşkil olunmuşdu. Bir sumqayıtlı olaraq hadisələrin bütün gedişatını tam təfsilatı ilə xatırlayıram”
Sumqayıt hadisələrindən 36 il ötdü. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın, əslində, erməni Eduard Qriqoryan olduğunu sübut edir. Sumqayıt hadisəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib. Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ovaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni millətindən olan 26 nəfərin qətlini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra - fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb. Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bilib. E.Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub. Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb. Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Sumqayıt hadisələrinin şahidi, tədqiqatçı Ramazan Məmmədov da demişdi ki, 1988-ci ildə Sumqayıtda törədilən iğtişaşlar fevralın 27-si axşam saat yeddinin yarısında başlayıb və həmin axşam sovet ordusu dördüncü məhəlləyə daxil olsa da, bir-iki gün heç nə etməyib. Əslində, iğtişaşlara şərait yaradılıb. Erməni tərəfi bir göz qırpımında bu hadisələrə "qiymət" verməyə başlayıb. Sumqayıt şəhərində 27-28-29 fevral və martın birində baş vermiş hadisələr qurtarmamış Pribaltikada Yurmala şəhərində nəşr olunan “Yurmala” qəzetində Sumqayıt hadisələrinə "qiymət" verilib. Xəbərlərin əvvəlcədən hazırlanması da göstərir ki, iğtişaşlar əvvəlcədən təşkil olunubmuş. Əgər Ermənistanda arxivlər açılarsa, bütün həqiqətlər üzə çıxar. Həm Ermənistan, həm də dünya ictimaiyyəti baş verən hadisələr haqqında həqiqətləri öyrənər. Özünü demokrat kimi qələmə verən Paşinyan niyə arxivlərin açılmasını təmin etmir? Görünür, qondarma "erməni soyqırımı" məsələsində olduğu kimi, Sumqayıt hadisələrində də həqiqətlərin üzə çıxması onlara sərf etmir.
Sumqayıt hadisələrinin şahidi, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, Sumqayıt hadisələrindən 36 il ötməsinə baxmayaraq, ermənilər hələ də sovet "KQB"-si ilə birlikdə təşkil etdikləri iğtişaşları bizim ayağımıza yazmağa çalışırlar. Ekspertin sözlərinə görə, Sumqayıt hadisələrinin ardınca Xocalı faciəsi də eyni ssenari üzrə təşkil olunmuşdu:
"Bir sumqayıtlı olaraq hadisələrin bütün gedişatını tam təfsilatı ilə xatırlayıram. Şəhərdə iğtişaşlar və qarışıqlıqlar başlayarkən bir qrup naməlum şəxs təhsil aldığım Neft Kimya İnstitutunun Sumqayıt filialının qarşısında cəmlənmişdilər. Antropoloji quruluşları bizə bənzəməyən, lakin bizim dilimizdə orta səviyyədə danışan 40-50 adam içəri daxil olmağa cəhd edirdilər. Biz qapıda sipər çəkərək onları içəri buraxmırdıq. İğtişaşçılar institutun içərisində, guya, erməni gizləndiyini deyirdilər. Biz onları içəri buraxmayanda arxa tərəfdə dayanmış uzun dəri plaşlı bir neçə şəxsi yanlarına çağırdılar. Maşından iki nağara çıxartdılar və insanları cuşa gətirən ritmlər çaldılar. Yenə onları içəri buraxmayanda iri daşlarla şüşələrdən birini qırdılar. Bu zamana kimi arxa qapıdan institutda qalmış bir neçə erməni qızı yola salmışdıq, beləliklə, bu təxribat alınmadı. Tam əminliklə deyirəm ki, yük maşınlarında xüsusi olaraq gətirilmiş həmin qrup "KQB"-nin təxribatçıları idi. Onların arasında erməni millətindən olan cinayətkar ünsürlər vardı. Sonra İnstitutun fəallarından olan İmamverdi sovet Azərbaycanı bayrağını əlinə götürüb dəstənin qarşısına keçdi. Biz təxribatçı qrupu oradan uzaqlaşdırdıq. Hadisələr artıq "Avtovağzal" deyilən ərazidə ordu ilə toqquşma müstəvisində davam etdi".
V.Əfəndiyev vurğulayıb ki, onların niyyəti partiya komitəsi binasının qarşısına gedib dövlətdən dəstək istəmək idi:
"Lakin hərbçilər buna imkan vermədilər. Əksinə, təxribatçıların şəhərə yayılmasına şərait yaratdılar. Bu hadisələr hər birimizin gözü qarşısında baş vermişdi. Hərbiçilərlə toqquşma olan ərazilərə xeyli sayda çay daşları və şüşə qırıntıları gətirilmişdi. Sizi əmin edirəm ki, Sumqayıt əhalisi bu hadisələrdə ermənilərə hər cür yardım edirdi. Qonşular erməni sakinləri öz evlərində gizlədirdilər. O zaman Sumqayıtı tərk edən çox sayda erməni bu faktı təsdiqləyib. Ona görə erməni tərəfinin bu iddiası saxtakarlıq və həyasızlıqdır. Çox təəssüf ki, Rusiya dövlət başçısı da dəfələrlə münaqişənin Sumqayıt hadisələrindən sonra başladığını vurğulayıb. Lakin tarixi faktlar var. İlk münaqişə Ermənistanın Quqark rayonunda soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsi ilə başlayıb".