Ramin Əlizadə: "Erməni yalanlarını dünya ictimaiyyətində ifşa etməliyik"
Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilib və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb. Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib, əhalisi amansızlıqla qətlə yetirilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı öldürülüb. Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə təsdiqləyir. Tarixi araşdırmalar göstərir ki, ermənilər xarici havadarlarının köməyi ilə təkcə XX əsrdə xalqımıza qarşı dörd mərhələdə soyqırımlar törədiblər. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə yüz minlərlə azərbaycanlı etnik təmizləməyə və deportasiyaya məruz qalıb. Milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilib. Düşmən tarixi torpaqlarımız hesabına ərazilərini genişləndirməyə nail olublar. Ermənilərin törətdikləri soyqırımı cinayətlərinin bəzi xarici dövlətlər tərəfindən dəstəklənməsi, kütləvi qətllərin qarşısının alınmaması, təcavüzkar ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyasını daha da gücləndirib. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası ermənilərin daha da azğınlaşmasına və 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasına gətirib çıxarıb. 1988-1990-cı illərdə də ermənilər 200 min nəfərdən artıq azərbaycanlını öz tarixi torpaqları olan indiki Ermənistan ərazisindən insanlığa yaraşmayan vəhşiliklərlə qovub çıxarıblar. Sumqayıtda, Bakıda qırğınlar törədiblər. 1990-cı il yanvarın 20-də Bakıda yüzlərlə günahsız, dinc sakinləri qətlə yetirən silahlı qoşun birləşmələrinin tərkibi də əsasən ermənilərdən ibarət idi. Ermənilər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 366-cı rus alayının köməyi ilə Xocalıda misli görünməmiş qəddarlıqla yeni soyqırımı törədiblər. Xocalı soyqırımında daha 613 nəfər azərbaycanlı dinc sakin vəhşicəsinə qətlə yetirilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara hələ Azərbaycan Xalq Cumhuriyyəti dövründə siyasi qiymət vermək üçün cəhd edilib. 1918-ci ilin mart ayında ermənilər tərəfindən xüsusi qəddarlıqla həyata keçirilmiş azərbaycanlıların soyqırımı faciəsinin təhlili məqsədilə fövqəladə istintaq komissiyası yaradılıb. Soyqırımın miqyasını və dəhşətlərini əks etdirən kifayət qədər faktlar, materiallar toplanıb. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i ölkəmizdə ümummilli matəm günü kimi qeyd edilib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan verməyib. 31 Mart soyqırımı da daxil olmaqla, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir. Bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa şəhərlərində, həmçinin Xocalıda və işğaldan azad olunmuş digər torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması da buna nümunə olaraq göstərilə bilər.
AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, vaxtı ilə Türkiyədə qondarma erməni "soyqırımı" ilə bağlı Osmanlı arxivində olan sənədlər toplandı və xarici dillərə tərcümə olundu. Tarixçi-alimin sözlərinə görə, məqsəd "erməni soyqırımı" yalanını ifşa etmək, ermənilərin iddialarının uydurma ittihamlar olduğunu sübuta yetirmək idi:
"Türkiyə bu addımı ilə dünyaya göstərdi ki, əksinə, Şərqi Anadoluda 1915-ci ilin yazından başlayaraq Van şəhərində, Muşda, Siirtdə, Bitlisdə, Qarsda, Ərzincanda, Ərzurumda, İğdırda, Sivasda minlərlə türk-müsəlman əhali məhz ermənilərin soyqırımına məruz qalıb. Ermənilər isə baş verənlərdən əks-təbliğat kimi istifadə ediblər. Eyni vəziyyət Azərbaycanla bağlı da aktualdır. 44 günlük müharibədən sonra öz tariximizə yeni baxış ortaya qoymalıyıq. Ermənilərin törətdikləri faciələrin cavabını təkcə döyüş meydanında deyil, həmçinin əlimizdə olan sənədlərlə ermənilərin yalanlarını beynəlxalq ictimaiyyət qarşısında sübut etməliyik. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 1918-ci ilin martından əvvəl də törədilib, sonrakı dönəmdə də baş verib. Soyqırımın coğrafiyası da çox genişdir, rəqəmlər də çox böyükdür. Hətta Şərqi Anadolunu da bura daxil etsək, demək olar ki, Xəzər və Qara dəniz hövzəsi də daxil olmaqla çox böyük bir məkanı əhatə edir. Təxmini hesablamalara görə, hardasa 3-4 milyon kv.km ərazidən söhbət gedir ki, həmin ərazilərdə ermənilər torpaqları müsəlman qanı ilə sulayıblar. 1905-06, 1918-ci illərin soyqırımları, 1920-ci illərdə xaricdə yaşayan ermənilərin torpaqlarımıza, Qərbi Azərbaycana köçürülməsi, ardınca 1930-40-cı illərin hadisələri, 1948-55-ci illərin deportasiyası, o cümlədən 1960-cı illərdə də deportasiya prosesi həyata keçirilib. Nəhayət, 1988-91-ci illərdə son olaraq Nüvədi kəndinin əhalisi deportasiyaya məruz qaldı. Bu da ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin, soyqırımların, ekosid və kultursid siyasətinin tərkib hissəsi idi. Burada Azərbaycan xalqını təkcə fiziki olaraq məhvetmədən getmir, həm də mədəni irsin məhvindən söhbət gedir. Azərbaycan xalqının tarixi-mədəni irsi silinir, abidələrimiz məhv edilirdi. Qərbi Azərbaycanda bu gün cəmi bir məscid var, onun da adını dəyişib "fars məscidi" qoyublar".
Alim vurğulayıb ki, biz tariximizdən nəticə çıxartmalıyıq və erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə onların öz dilində çatdırmalıyıq:
"Beynəlxalq konfranslar təşkil olunmalıdır. Xarici İşlər Nazirliyinin təbliğat vasitələri ilə bu iş həyata keçirilməlidir. Bütün səfirliklər, yerlərdə olan nümayəndələr, diplomatlar, Avropadakı, Amerikadakı "Azərbaycan Evləri", mədəniyyət evləri, diaspora mərkəzləri erməni vəhşiliyinin təbliğinə, erməni yalanlarının ifşasına xüsusi önəm verməlidir. Bu qurumlar hamısı səfərbər olmalıdır. Prezidentin son çağırışları da göstərdi ki, erməni yalanlarını dünya ictimaiyyətində ifşa etməliyik. Bu, tarixçilərimizə, politoloqlara, ümumiyyətlə, ermənilərə qarşı informasiya müharibəsi aparan, informasiya cəbhəsində döyüşən bütün ziyalı təbəqəyə aiddir. Bütün platformalarda ermənilər layiqli cavablarını almalıdır. Tarixi-sənədli filmlər çəkilməlidir, elmi araşdırmalar aparılmalıdır. Avropada qrantlar hesabına erməni yalanlarına həsr olunmuş kitablar yazanlar, əcnəbi alimlər konfranslara dəvət olunmalı, dəyirmi masalar təşkil edilməlidir. Yəni bu proses informasiya mübarizəsi müstəvisində aparılmalıdır. Əks halda növbəti faciələrlə, erməni uydurmaları ilə qarşılaşacağıq. Ermənilər güclü təbliğatla məşğuldur. İndi dünya iki cəbhəyə ayrılıb. Birinci cəbhə Rusiya və onun ətrafında olanlardır. İkincisi, Qərb dünyasıdır. Yeni şərtlər altında yenidən ortaya çıxan bir Türk Dünyası da var. Biz öz həqiqətlərimizi həm Rusiya, həm də Qərb dünyasının diqqətinə çatdırmalıyıq. Onlar da "erməni kartı"ndan istifadəyə son qoymalıdır. "Erməni kartı" elə bir məsələdir ki, o, əvvəl-axır bumeranq kimi onu istifadə edənlərə qarşı çevrilir. Rusiya iki yüz ildir, erməni kartından istifadə edirdi, ancaq indi ermənilər ruslara qarşı çıxmaqdadır. İndi də Qərb eyni şeyi edir".