Bir çox ərazilərimiz hissə-hissə, "otlaq sahəsi" adı ilə ermənilərə peşkəş edilib
“Nəinki Başkənd bizdə qalmalı, üstəlik, Zəngəzur, Göyçə və Dilican da Azərbaycana qaytarılmalıdır. Ölkə ictimaiyyətinin də istəyi, fikri budur"
Gədəbəyin Başkənd yaşayış məntəqəsi ilə bağlı məsələ yenidən aktuallaşıb və ictimaiyyətdə müzakirələrə səbəb olub. Xüsusən, Başkəndin gələcəkdə "mübadilə" əsasında Ermənistana verilə biləcəyi ilə bağlı iddiaların gündəmə daşınması ciddi etirazlara yol açıb. Çünki Ermənistanın iddia etdiyi bu kənd keçmiş sovet dövründə Ermənistana verilmişdi. Qazaxın 4 kəndinin - Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimlinin işğaldan azad edilməsindən sonra Ermənistanla Azərbaycan arasında eksklav kəndlər məsələsinin müzakirəyə çıxarılacağı istisna deyil. Qeyd edək ki, hazırda Ermənistanın işğalı altında 4 eksklav yaşayış məntəqəmiz var. Bunlar Qazaxın hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunan Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvanın Sədərək rayonunun Kərki kəndləridir. Bu kəndlər Azərbaycan üçün eksklav, Ermənistan üçün anklav kəndlərdir. Danışıqların növbəti mərhələsində Ermənistan tərəfinin də Gədəbəy rayonunda yerləşən Başkəndlə bağlı məsələ qaldıracağı istisna olunmur. Bu barədə erməni mənbələri də yazırlar. Bir daha qeyd edək ki, ermənilərin “Artsvaşen” adlandırdıqları bu yaşayış məntəqəsi Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilsə və onun xəritəsinə daxil edilsə də, bura tarixi Azərbaycan torpağıdır. Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib. Ermənistan ordusu o vaxtlar Başkənddən Azərbaycanın Gədəbəy rayonunun sərhəd kəndlərini, Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi.
Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, Zaqafqaziya Federasiyası dövründə, yəni Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət Zaqafqaziya Demokratik Federativ Respublikası dövründə bu dövlətlər arasında inzibati sərhədlər yox idi. Professorun sözlərinə görə, həmin dövrdə ərazilər ümumi gedirdi:
"1936-cı ildə Ermənistanda Çəmbərək (Krasnoselo) rayonu yaradılanda ərazisi kiçik olduğu bəhanəsi ilə Moskva rəhbərliyinin tapşırığı ilə Başkənd inzitbati baxımdan Ermənistanın Çəmbərək rayonunun ərazisi sayıldı. Əslində, elə həmin dövrdən etibarən ətraf kəndlərin əhalisi narazılıq edirdilər ki, nəyə görə bir Azərbaycan kəndi Ermənistana verildi. Ermənistan hətta Moskvanın köməyi və havadarlığı ilə çalışırdı ki, qonşu kəndləri - Gədəbəyin ruslar yaşayan Novo-Saratovka və Novo-İvanovka kəndlərini də özlərinə birləşdirsinlər. Hətta Moskva böyük vəsait ayıraraq Saratovka ilə Başkənd arasında 1970-ci illərdə asfalt yol çəkməyə başladı və iki il orada işlədilər. Əlbəttə, bunu rayon rəhbərliyi yox, məhz Ermənistan istədiyi üçün etmişdilər. Demək istəyirəm ki, ermənilər davamlı olaraq Moskvanın havadarlığı ilə həmin ərazilərimizi Ermənistana birləşdirməyə cəhd göstəriblər. Azərbaycan xalqının bu məsələyə narazılığı isə hər zaman olub. Gədəbəyin Şınıx zonasız 26 kənddən ibarətdir və hamısı Azərbaycan kəndləridir. Başkəndən Dilican istiqamətinə, eyni zamanda Daşkəsən istiqamətinə doğru bütün kəndlər - Arabaçı, Qızılqaya, Novo-İvanovka Azərbaycana aiddir. Ərazinin quruluşu elədir ki, Şınıxa gedən yolların hamısı Başkənddən keçirdi".
Alim vurğulayıb ki, ermənilər 1990-cı illərdən başlayaraq ora quldur dəstələri, saqqallıları yerləşdirərək böyük faciələr törətmişdilər:
"Şınıxın kəndlərinə hücum etməyə başladılar. Gədəbəydən Şınıxa avtomobillə gedən dörd nəfər mülki vətəndaşı Başkənd ərazisində tutmuşdular və yandırmışdılar. Belə faciəli hadisələr baş verirdi. 1992-ci ildə Xocalı faciəsi baş verəndən sonra Gədəbəy özünümüdafiə dəstələri yaranmağa başladı. 1992-ci ilin mart ayının axırlarından Müdafiə Nazirliyinin bölgə üzrə xüsusi nümayəndəsi olmuşam, vəsiqəm indiyədək durur. Həm də batalyon komandiri idim. 1992-ci ilin 6-8 avqust ayında yerli batalyonların və Müdafiə Nazirliyinin planlaşdırdığı əməliyyat nəticəsində Başkənd düşməndən azad edildi. Qazax-Ağstafa batalyonu da bizə kömək etdi. Ağstafadan "Qara canavar" artilleriya diviziyası dəstəyə gəlmişdi. Dəstəyə rəhbərlik edən polkovnik-leytenant Rəfael Əsədov idi. Şəmkir batalyonu və Goranboydan da köməyə gələnlər oldu. Komandirimiz polkovnik Cahangir Rüstəmov idi, Qazax korpusunun komandiri də Dadaş Rzayev idi. Yerli qüvvələr əməliyyatda əsas rol oynadılar, çünki bölgəni daha yaxşı tanıyırdılar".
S.Məmmədli xatırladıb ki, 1968-cı ildə Başkənddən təxminən 7 km aralıda, Dilican istiqamətində yerləşən Tağlar kəndi bütövlükdə Ermənistana verilmişdi:
"Ermənilər çalışırdılar ki, müxtəlif nöqtələrdən ərazimizi hissə-hissə qopararaq Ermənistana birləşdirsinlər. 1936-cı ildə sahəsi 60 kv. km. olan Başkənd qeyri-qanuni, zorla bizdən alınaraq Ermənistana verilib. Bir çox ərazilərimiz hissə-hissə, "otlaq sahəsi" adı ilə ermənilərə peşkəş edilib. Ona görə də Başkənd mübadilə mövzuzu ola bilməz. Çünki Başkənd tarixən bizim torpağımız olub. Əhalinin otlaq yeri, yaylaq yeri olub. Çobanlıq edən üç-beş erməni yavaş-yavaş orada koma tikərək, məskunlaşıblar. Zamanla saylarını artıraraq bizə məxsus ərazilərdə ağalıq etməyə başladılar. Ermənistan 30 illik işğal dövründə Azərbaycana bir trilyon dollardan artıq ziyan vurub, torpaqlarımızı viran qoyub. 1 milyon əhalinin mülkiyyətini dağıdıblar, ərazinin büyük hissəsini minalayıblar. 1 kv.metr ərazini təmizləmək 3 dollara başa gəlir. Bütün bunlara görə ermənilər cavab verməlidir. Nəinki Başkənd bizdə qalmalı, üstəlik, Zəngəzur, Göyçə və Dilican da Azərbaycana qaytarılmalıdır. Ölkə ictimaiyyətinin də istəyi, fikri budur".