Bu savaşla Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri işğalçılardan təmizləndi
Bu gün Füzuli şəhər günüdür. Füzuli şəhəri günü, şəhərin bərpası, inkişafı və mədəniyyətinin tanıdılması məqsədilə təşkil olunur. Bu günün qeyd olunması, yalnız bir bayram deyil, eyni zamanda şəhərin sakinləri üçün bir araya gəlmə və birlik hissini gücləndirmə imkanıdır. Tədbirlər çərçivəsində, mədəni festivallar, sərgilər, konsertlər və yerli sənətkarların iştirak etdiyi müxtəlif fəaliyyətlər keçirilir. Şəhər günü, gənclərin, yaşlıların və icma liderlərinin bir araya gələrək birlikdə Füzuli üçün planlar qurmasına şərait yaradır.
Qeyd edək ki, bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. 4 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoyub.
Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunub. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.
Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndlərinin də işğalından azad olunduğunu elan edib. Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasında “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 17 oktyabr – Füzuli şəhəri günü kimi təsis edilib. Xatırladaq ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
Millət vəkili Vüqar Bayramovun “Sherg.az”a açıqlamasına görə, Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri olub. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri işğalçılardan təmizləndi:
“4 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu. Artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur. Füzuli rayonunun bərpası, burada dayanıqlı inkişafın təmin edilməsi və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı Dövlət Proqramında yer almış əsas müddəalardandır. Artıq yüzlərlə keçmiş məcburi köçkün ailəsi Füzuli şəhərində abad evlərdə məskunlaşdırılıb və bu proses sürətlə davam etdirilməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzulinin bərpası istiqamətində çox böyük işlər görülür. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra cəmi 8 ay ərzində müasir standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Dünya praktikasında, bəlkə də, ilk belə haldır ki, tamamilə minalanmış ərazidə qısa zaman ərzində belə bir hava limanı tikilib. Füzuli şəhəri və digər kəndlərdə yaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar tikilir. Eyni zamanda geniş yol şəbəkəsi qurulur ki, bu da Füzulini Azərbaycanın digər rayonları və strateji əhəmiyyətli Qarabağ bölgəsi ilə birləşdirir. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında qurulan yeni layihələr müasir texnologiyalar və dayanıqlı enerji həllərini özündə birləşdirir.
2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Füzuli Şəhər Gününüz Mübarək!”.