Oğul -Azərbaycanın Natiq Qasımov zirvəsi!

 "Təslim olmasa, 22 nəfəri güllələyəcəyik"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı. 25 iyun 2024-cü il. “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”.
  Hər dəfə bu məlumatı oxuyanda ürəyim titrəyir... Gözlərim yaşarır.... Qəlbim riqqətə gəlir... Mən bu sərəncamla bütöv Azərbaycana Milli Qəhrəman adının verildiyini sanıram. Zatən xalqımız qəhrəmandır. Lakin Natiq Qasımovun bu yüksək ada layiq görülməsi xalqımızı qəhrəmanlığın zirvəsinə ucaltdı. Və mənə elə gəlir ki, Natiq indi ən uca zirvədən yurdumuzu seyr edir, qələbəmizdən onun da gözləri yaşarır. Düşmənə tuşlanmış odlu-alovlu baxışları, yurdumuza sevgi, məhəbbətlə baxır. Və bəlkə də, “Ana, narahat olma, mən burdayam, səni görürəm. Ağlama, ana, ağlama! Mən qayıdacağam, mütləq qayıdacağam”, pıçıldayır... Onun ölümü müəmmalıdır, nəşi də tapılmayıb hələ. Rəzil, hiyləgər düşmən hələ də bizi sınayır, Natiq barəsində həqiqəti gizlətməklə. Düşmənin mərdi böyük xoşbəxtlikdir, deyib atalarımız. O da bizə qismət olmadı. Elə alçaq, namərd düşmənlə üz-üzəyik ki, 21 yaşlı gəncin qətlə yetirildiyini söyləməyə belə cürət etmir.      
21 yaşlı gənc – Natiq. Nə etdi, neylədi ki, düşmənin canına vəlvələ düşdü, hayıfını necə alacağını götür-qoy edib hansı “cəzanı” düşündülər, hələ də susurlar. 
Kənddə doğuldu, ölkənin rəmzinə çevrildi
Gədəbəyin Qaramurad kəndində bir qış günü dünyaya gələn oğlanın bir ölkənin, millətin rəmzinə çevriləcəyini kim təxmin edərdi?.. Heç kim!.. Onun taleyi göylərdə yazılmışdı. Alın yazısına “bu oğlan igid olacaq, bu oğlan neçə nəfərin həyatını xilas edəcək, bu oğlanın taleyi gizli qalacaq”, yazılıbmış. Biz onun barəsində “şəhid” demirik, “həlak olub” da yazmırıq. Bəlkə, hələ uzun müddət kimsə də bunu deməyəcək, yazmayacaq. Çünki onun ömrü sirr pərdəsi arxasındadır. Yerdədirmi, göyəmi çəkilib, bilmirik. Bilənlər var, amma elə əclafdırlar ki. Özlərini, hətta olmayan şəxsiyyətlərini də inkar etməyə razılaşırlar, lakin bu oğlan barəsində bildiklərini söyləmirlər. Azərbaycan xalqı üçünsə Natiq Qasımov zirvəsi var artıq. Natiq Qasımov elə bir zirvəni fəth edib ki, ona ad tapmaq, isim qoymaq çox çətindir. Mümkünsüz deyil, amma. Onun kimliyini tərif etmək üçün qısa ömür yolunun bircə gününün bir neçə dəqiqəsinə nəzər salmaq yetərlidir.  Bu həmin dəqiqələrdir ki, Natiq Qasımov  “sən təslim olmasan, bizi güllələyəcəklər”, deyilməsi müqabilində basılmaz qalasını tərk etməyə və erməni cəlladlarına təslim olmağa qərar verib. Bu, təsadüf yox, qanunauyğunluqdur. Natiqin bu hərəkəti 34 il əvvəl çəkilmiş “Uzaq sahillərdə” filmində Mixaylonun - Mehdi Hüseynzadənin kənd camaatını ölümdən xilas etmək naminə faşistlərə təslim olması səhnəsi ilə necə də eynidir. “Oğul” filminin təqdimatında iştirak edənlərin əksəriyyətinin məhz bu epizodu yada salmaları təəccüblü deyil. Mehdi Hüseynzadənin bir bəndlik şeiri var:     
Süd verib qoynunda bəslədin məni,
Mən sənin gözündə qurbanam, Vətən!
Qoymaram incidə yad ellər səni,
Bil ki, etibarlı oğlunam, Vətən

  Mixaylonun taleyini təkrarlayan Natiq Vətənin etibarlı oğlu olduğunu da sübut etdi. Natiq qəddar, alçaq düşmənin onu sağ buraxmayacağını bilə-bilə, təslim olub. Belə bir qərarı görəsən, neçə nəfər, nə qədər insan verə bilər?!. Dünyada nə qədərdir bu cür ciyərli, şir ürəkli, cəsur, mərd, həyatını gözgörəsi heçə sayan, açıq şəkildə gözlərinin içinə baxan ölümün düz gözünün içinə baxanlar. Var yəqin ki, digər xalqların da qəhrəmanları, ömrünü, həyatını, gələcəyini Vətəninə, millətinə fəda edənlər. Kim nə deyir, desin, bizdə daha çoxdur belələri. Əsl kişi olanlar! Azərbaycan xalqı minlərlə, milyonlarla qəhrəman, igid övladları ilə fəxr etməkdə haqlıdır. Onlardan biri, hətta birincisi isə məhz Natiq Qasımovdur. Vətənə oğul olan oğul! Natiq Qasımov. Təsəvvür edin, bu oğul erməni cəlladlarını igidliyi, cəsurluğu, qorxmazlığı ilə gör necə mat qoyub ki, onunla necə davrandıqlarını söyləməyə belə cəsarət etmirlər. Qısası, mərdlik, kişilik, igidlik nədir, Vətəni, insanları – böyük ölçüdə bəşəriyyəti, yaradılmışları  sevmək nədir, Natiq Qasımov göstərir bizə. Hər cür pafosdan uzaq deyirik, Vətəni sevməyi Natiq Qasımovdan öyrənməliyik. 21 yaşlı gənc bunu necə bacarıb, kim dünyaya gətirib onu, aslan südüyləmi bəslənib?.. Niyə təəccüb edirik, “aslan südü”ylə bəslənənlərimiz azdımı məgər?!. Onları böyüdən sadə, el analarıdır. Çoxu kasıblıqla böyüdüb övladlarını. Bəlkə ehtiyacları ödəyə bilməyiblər. Bəlkə hansısa gecə ac yatanları da olub… Amma ürəkləri olub, ürəkləri!  Cəsurluq, igidlik, mərdlik qanla, canla ötürülür nəsildən-nəslə.  Natiq də belə oğul idi. 21 yaşında elə bir şücayət göstərdi ki, dillərə dastan oldu. Millətin qəhrəmanı oldu! 
  44 günlük şanlı Vətən müharibəsinin dördüncü ildönümü günlərində şəhidlərimizi, qaziləri, itkinləri, əsir və girovlarımızı, ümumən Vətənimizin hər bir qarışı üçün canından keçməyə hazır olanları ehtiramla yad edirik. Hələ də barəsində dəqiq məlumat əldə edilməmiş, itkin sayılan, fəqət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Milli Qəhrəman adı verdiyi Natiq Qasımovu xatırlamaq da həm ona, həm də ümumən Vətənimizə və bütün şəhidlərə vəfa borcumuzdur. 

Əsl oğul

  Natiq Səlim oğlu Qasımov 2 yanvar 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub.  1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində hərbi xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, separatizmin silahlı münaqişəyə, qısa zamanda isə müharibəyə çevrildiyi və bütün Qarabağı və ətraf əraziləri əhatə etdiyi zaman Azərbaycan milli ordusu hələ tam formalaşmasa da, könüllü özünü müdafiə batalyonları yaradılırdı. Və igid oğul-qızlarımız düşmənə qarşı mərdliklə döyüşürdülər.  Natiq də Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb. 1992-ci ilin fevralında erməni-rus hərbi birləşmələri Xocalıda törətdikləri soyqırım zamanı Xocalı əhalisi arasında əsir götürülənlər də vardı.  Natiq Xramort (indiki Pirlər) kəndi yaxınlığında 6 əsgər yoldaşı ilə birgə alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşüb. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni təkbaşına davam etdirib. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. Amma erməni cəlladları onu həssas nöqtədən “vuraraq” təslim olmağa məcbur ediblər. Bu, bəlli bir tarix olsa da, xatırlatmağı vacib bilirik. Natiqin erməni separatçılarına niyə, necə təslim olduğunun canlı şahidləri var. Natiq Qasımov 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbiçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə də təsvir edilib. 

“Get, ona de ki, təslim olsun”
  
Yenə də “Uzaq sahillərdə” filmini xatırladım. Faşist zabiti qocaya “Get ona de ki, təslim olsun, yoxsa hər 2 nəfərdən biri güllələnəcək!” bağırır. Erməni separatçıları eynən faşistlərin təcrübəsini təkrarlayır. Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri: Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar, sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar, sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa, 22 nəfər xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki, ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hisdən qap-qara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi”. 

  Natiqin erməni separatçıları tərəfindən əsir alındığını əks etdirən fotolar var. İtalyan müxbir çəkib. Natiq 5 gün təkbaşına qoruduğu mövqedən əlində Azərbaycan bayrağıyla çıxıb. Əynində isə idman paltarı... Bu, igid oğulun necə çətin, qeyri-bərabər döyüşdə düşməni lərzəyə salmasından xəbər verir. Natiqin bayrağımızı əlindən buraxmaması, dindirilmə zamanı erməni cəlladları qarşısında dim-dik əyləşməsi, üzündəki cəsur ifadə onun gerçək bir qəhrəman olduğunu sübut edir. Natiq haqqında danışanda, yazanda onun igidliyini, cəsarətini, düşmən qarşısında dəyanətini, əyilməzliyini, qarşıda onu gerçək ölüm gözlədiyini bilə-bilə təslim olmasının doğurduğu hissləri sözlərlə tam ifadə etmək mümkün deyil.    
  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir. 

“Can, ay bala!”
  
Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən "Oğul" sənədli filmi çəkilib. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqhdir. Film həqiqətən də böyük rezonans yaradıb. Filmin təqdimatı Bakıda Nizami Kino Mərkəzində keçirilib. Və Natiqin ailə üzvləri, anası da orada olub. Dursun ana filmə baxarkən sızıltılı səslə “can, ay bala, neçə gün bu paltar əynində qalıb?!”, söylədi. Bunu unutmaq mümkün deyil... Ekran işində Birinci Qarabağ müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: “Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur”. Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi. Filmi izləyəndə suallar insanı rahat buraxmır: “Niyə Enriko Sarsini Natiqi erməni cəlladlarının yanında qoyub gedib? O getməsəydi, “yox, mən bu əsiri sizə tapşırmayacam, özümlə aparacam, onu azad edin, mən də burda qalacam, heç yerə gedən deyiləm”, söyləyib israr etsəydi, Natiq sağ qalardı. Eh, Sarsini, Sarsini... Sən o gedişinlə bir ananın ürəyinə dağ çəkiləcəyini bilməliydinmi, bilirdinmi, təxmin edirdinmi görəsən?.. Həmin gün çox şey dəyişə bilərdi. Amma dəyişmədi. Və Natiq qəhrəman oldu!        
  Natiq Qasımov haqqında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli film çəkilib. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. 

“Elə  uşaq vaxtından ciyərli idi...”
  
Natiqin anası Dursun ana ilə söhbət etmək şərəfinə nail olduq. Ona zəng edəndə, nə deyəcəyimi, hansı təsəlli sözləri ilə ovudacağımı bilmirdim. Oğul itirmiş anaya nə söyləsək, təsəlli olar ki?! Həm də “o, Natiqin anasıdır! Demək iradəlidir”, düşündük. Səhv etməmişdik. Dursun anaya “fəxr etməlisiniz ki, Natiq kimi oğulun anasısınız”, dedikdə, o, cavabında 

“Natiq tək bizim deyil, Natiq hamınındır”, söylədi. Dilindən bal süzülürdü övlad dağı ilə, övlad həsrətiylə yanan Dursun ananın: 

- Bütün şəhidlərimizə qurban olum. Kimi dindirirsən, “Natiq tək oğuldu, ondan yoxdu, daha olmayacaq”, deyir. Onun qəhrəmanlığı yerlə göy qədərdi. Natiqin 2 yaşı vardı, biz Mingəçevirə köçəndə. Böyüdü, məktəbə getdi, məktəbi bitirdi, əsgərliyə getdi, qayıdan kimi də Qarabağa müharibəyə getdi. Elə uşaq vaxtından ciyərli idi. Heç nədən qorxmazdı. Döyüşdə  də elə olub. Erməni elə bilib ki, kilsənin içində batalyon var. Natiq tək döyüşüb 5 gün. Çox cəld idi, bir neçə nöqtədən atəş açırmış, elə bilirlərmiş ki, içəridə xeyli əsgər var. Xocalıdan olan o müəllim də sonra bizə tez-tez gəlirdi. Neyləsin, deyirdi, bilsəydim, sonu belə olacaq, getməzdim xahişə. Amma o getməsəydi, Natiq xocalılara görə o kilsədən çıxmağa razılaşmasaydı, bu gün elin, millətin oğlu olardımı?!. Natiq ordan çıxıb gedə də bilərdi. Yol vardı, bilirdi. Amma getməyib, razı olmayıb günahsız insanların öldürülməsinə. Bu gün bütün xalq Natiqi sevir, hamı onu ucalara qaldırır. Bu, mənə böyük təsəllidi. 

  Dursun ana dedi ki, Natiqin itkinlik xəbəri gəldikdən sonra Mingəçevirdə qala bilməyib Gəncəyə köçüblər: 
- Mingəçevirdə qala bilmədim. Hara baxırdım balamı görürdüm, hər yerdə izi vardı. Ona görə Gəncəyə köçdük. Bu 30 ildə mən yaşadım, həm də yaşamadım. İndi də gözüm yoldadı. Hərdən əlimi üzürdüm, fikirləşirdim, daha bundan sonra bir xəbər çıxmayacaq. Amma hərdən də yenə ümidim göyərirdi. Elə bilirəm, bir gün xəbər çıxacaq mütləq. Necə ki Prezidentin Natiqə Milli Qəhrəman adı verdiyi ilə gəlib məni müjdələdilər, bax eləcə də bir gün özü haqqında xəbər gətirəcəklərinə ümidliyəm. Prezidentimizə, Mehriban xanıma təşəkkür edirəm, Natiqin qəhrəmanlığına dəyər verdikləri üçün. 
- Biz sizə təşəkkür edirik, Dursun ana, Natiq kimi oğul dünyaya gətirdiyinizə görə. 
- Sağ olun, çox sağ olun. Təki elimiz-günümüz yaşasın, var olsun. Natiq kimi neçə-neçə oğulun hesabına erməninin belini qırdıq, torpaqları azad etdik. Onların hamısı mənim balalarımdı, mən onların hamısının anasıyam.
Biz də sizin və sizin timsalınızda alnımızı açıq, başımızı dik edən igid oğulların anaları – Azərbaycan qadını qarşısında baş əyirik.  Natiq kimi oğullar böyüdən analar durduqca Vətən basılmaz!