Birinci Bakı Türkoloji qurultayı Türkiyə mətbuatında

 Akif Aşırlı 

1924-cü ilin avqustundan başlayaraq Bakı Türkoloji Qurultaya hazırlığın sürətləndirilməsi, bir il sonra avqustda təşkilat komitəsinin konkret fəaliyyət planına keçməsi Türkiyə Cümhuriyyətinin ictimai-siyasi mühitində və mətbuatında canlanma yaratdı. Qurultaya Türkiyədən də alimlərin dəvət edilməsi, türkoloji sahədə təşəbbüslərin Rusiyaya keçməsi haqda yayılan fikirlər Türkiyənin rəsmi dairələrini məsələyə bir qədər ehtiyatla yanaşmağa vadar etdi.

Türk ictimaiyyəti əlifbanın dəyişdirilməsi məsələsinə həssas yanaşır, əsrlər boyu istifadə olunan ərəb əlifasından imtinanın ciddi problemlər yaradacağını düşünürdülər. Sovet İttifaqında yaşayan türk xalqlarının ərəb əlifbasından latın qrafikasına keçməsinin qurultayın əsas gündəmi olacağı bəlli olduğundan "ərəb əlifbasından imtina türk xalqları arasında mövcud yazılı-mədəni əlaqəni zəiflədə bilərmi" sualı Türkiyədə milliyyətçi və dini cameədə narahatlıq yaradırdı.

Ayaz İshaqi 1926-cı ilin fevralında Türk Ocaqlarının mətbu orqanı olan "Türk Yurdu" dərgisində “Ərəb və latın hərfləri" məqaləsində bu barədə narahatlığını və mülahizələrini bəyan edərək vəziyyəti bütün tərəfləri ilə izah edir, sovetlərin "mədəni siyasət" adı altında yeritdiyi politikanın mahiyyətini açıqlayırdı. "Cümhuriyyət", "Hakimiyeti-Milliyə", "İkdam", "Akşam", "Vakit" qəzetlərində, "Türk Yurdu" dərgisində Bakı qurultayı, bu elmi-ideoloji toplantının məqsədi, məram və gələcəyə hesablanan qərarları Türkiyə mətbuatının əsas diqqətində oldu. 

Türk xalqlarının taleyində ciddi rol oynayacaq bu qurultayı izləmək üçün digər ölkələrdən fərqli olaraq Bakıya ayrıca jurnalistlərin göndərilməməsi Türkiyə mətbuatında xeyli boşluqlar yaradırdı. "Cümhuriyyət" qəzeti ərəb əlifbasını latınla əvəzləyən, türk xalqlarının ortaq mədəniyyətinin problemlərini araşdıran, ortaq türk tarixi, etnoqrafiyası, arxeologiyası məsələlərini gündəmə gətirən bu önəmli qurultay barədə məlumatları Türkiyə nümayəndələrinin Bakıdan dönəndən sonra verəcəklərini qeyd edirdi. "Vaxt" qəzetinin 12 mart 1926-cı il tarixli sayında Fatih Rıfkı Aqay yazırdı: "Latın hərflərinin lehinə və əleyhinə nələrin danışıldığını inqilab tərəfdarlarının necə yozduqlarını, konqresdə iştirak edən Türkiyə nümayəndələri tezliklə bizə izah edəcəklər".

Mülahizələrini faktlara söykənərək bildirən F.Rıfkı Aqay sonra yazırdı: "Latın hərflərinin əleyhinə olanlar ortaya qəti bir dəlil qoyaraq səlahiyyətli şəxsləri inandıra bilməmişlər". Müəllifin söylədiyi bu arqument Türkiyə Cümhuriyyətinin latın qrafikasına keçid prosesindəki faktiki tarixini əks etdirir.

Ən dəqiq informasiyaları Ə.Hüseynzadə və F.Köprülüzadənin açıqlamasında axtaran Türkiyə mətbuatı və ictimaiyyəti qurultay haqqında xəbərləri əsasən Moskva kanallarından və İstanbulda nəşr olunan Azərbaycan mühacirət mətbuatından alırdı. 

Bu vəziyyət Türkiyə qəzetlərinin yaradıcılıq siyasətində həm informasiya məhdudiyyətinə, həm də hadisələrin elmi-siyasi şərhinə təsirsiz ötüşmürdü. Bütün bu boşluq və məhdudiyyətə baxmayaraq, qəzetlərində Qurultay barədə xeyli xəbər, təhlil, müsahibə və şərhlər dərc edilib. 

“Cümhuriyyət” qəzetinin 12 fevral 1926-cı il sayında Bakıda toplanacaq Türkoloji Konqresində iştirak etmək üçün Köprülüzadə Fuad bəyin Rusiyaya səfər etdiyi, Türkiyənin bu qurultayda bir neçə nümayəndə ilə təmsil olunduğu xəbəri verilirdi.

Qurultay boyunca qeydlər aparan Əli bəy Hüseynzadəyə görə, Köprülüzadə, Mesaroş, Bartold və Menzeldən ibarət olan heyət 1926-cı ilin fevralında İstanbuldan yola çıxıb və qurultayın fəaliyyətinə qatılıb. 

Türkiyənin elmi dairələri üçün bu, sadəcə sovet türkologiyasının toplantısı deyil, türkologiyanın beynəlxalq səviyyədə yeni mərhələyə çıxması kimi də qiymətləndirilirdi.

"Latın, yoxsa ərəb əlifbası" sualı Türkiyə ictimaiyyətinin diqqət yönəltdiyi, əsas müzakirə etdiyi ən ciddi məsələlərdən idi.

"Hakimiyəti-milliyə" qəzetinin 18 mart 1926-cı il tarixli sayında "Latın hərflərinin münaqişəsi", "İkdam" qəzetinin 12 mart tarixli 1926-cı il sayında Ahmet Cövdətin "Latın hərflərini qəbul edəcək olursaq" məqalələri artıq Bakı Qurultayının Türkiyə ictimaiyyəti arasında yaratdığı intellektual rezonansın göstəricisi idi.

İstiqlal savaşından yenicə çıxan, mədəni inqilabların həyata keçirildiyi Türkiyədə hələ ərəb əlifbasından istifadə olunurdu. Bakıdakı qurultay Türkiyə ziyalıları üçün əlifba islahatı, Türk dünyasının mədəni birliyi və dil məsələlərində mühüm bir sınaq meydanına çevrildi.  

Türkiyə mətbuatı səhifələrində də əsas mübarizə, fikir toqquşmaları, ideya mübarizələri Azərbaycanda, Kazanda, Türküstanda olduğu formada iki cinahda, "latınçılar" və "ərəbçilər" arasında aparılırdı. 

"Cümhuriyyət" qəzetinin 12 mart 1926-cı il tarixli sayında Yunus Hadi latın hərflərinin qəbuluna şəxsən tərəfdar olmaqla bərabər bu işin sadə bir məsələ olmadığını da qeyd edirdi. ""Milliyyət" qəzetində Şükrü Qara bəy latın hərflərinin tərəfdarı olduğunu qeyd edir, Türkiyə hökumətinin bu barədə qərar verməyini, gözləmə mövqeyində olduğunu yazırdı: "Hökumət latın hərflərinin qəbuluna hələlik qərar verməyib, lakin bu hərflərin qəbulu hər halda yaxşı bir iş olacaq. Bilirsiniz ki, bugünkü əlifbamız pərakəndəlik içindədir. Latın hərfləri bu pərakəndəliyi aradan qaldıracaq. Sonra hər kəs türkcəni daha tez öyrənəcək".

Ə.H.Əmir bəy isə "Vaxt" qəzetindəki məqaləsində Bakıda keçirilən Türkoloji Qurultaya diqqət yönəldərək yazırdı: "Son həftənin latın hərfləri lehinə qeyd olunacaq ən mühüm hadisəsi Bakı qurultayında bu hərflərin qəbuluna qərar verilməsidir".  

Ərəb əlifbasının tərəfdarları öz fikirlərində hərf inqilabının nəticəsində Türk dünyasının qədim yazılı irsindən məhrum olacağını iddia edir, Latına keçidin ərəb əlifbasını qoruyub saxlamaq və cüzi islahatlarla təkmilləşdirmək istəyən digər türk toplumlarla mədəni bağların qırılacağı fikrini müdafiə edirdilər. Ahmet Cövdet (Oran) "İkdam" qəzetindəki məqaləsində latına keçidin heç də asan olmayacağına toxunur, baş verəcək boşluqlara diqqət çəkirdi.  

"Hakimiyəti-milliyə" qəzetindəki məqalələrdə ərəb əlifbasının türk dilinin fonetikasına uyğun gəlmədiyi, savadsızlığın ləğvi üçün latına keçidin zəruri olduğu vurğulanırdı. Qurultayda aparılan müzakirələr, latınçıların üstün mövqeləri, əlifba islahatlarının zəruri olduğu haqqında elmi yanaşmalar Türkiyədə latınçıların mövqeyini xeyli gücləndirdi.  

Türkiyə mətbuatı Bakıya gedən professorlar M.F.Köprülü, Əli bəy Hüseynzadə və İsmail Hikmət Ertaylanın fəaliyyətini yaxından izləyir, Türkiyə nümayəndə heyətinin geri dönəndən sonra açıqlama vermələrini gözləyirdi.

Heyətin rəhbəri Mehmet Fuad Köprülü, ilk vaxtlar ərəb əlifbasının saxlanmasının tərəfdarı kimi çıxış etməsinə baxmayaraq Azərbaycan mətbuatına müsahibələrində ehtiyatlı mövqe tutur, suallara diplomatik cavablar verirdi.

Bakıdakı ictimai-siyasi mühitin, xüsusilə Bəkir Çobanzadə, C.Məmmədzadə, F.Ağazadə, Səmədağa Ağamalıoğlu kimi azərbaycanlı dilçi-alim və ziyalıların və Sovet Türk respublikaları nümayəndələrinin latın hərflərinə keçiddəki qəti mövqelərinin F.Köprülünün də fikirlərinə təsir göstərdiyi qeyd olunurdu.  

Mətbuatda aparılan maraqlı müzakirələrdən biri də Türkiyənin dünyanın müxtəlif coğrafiyalarında yaşayan, milli mədəniyyətlərini mühafizə edən türklərin taleyində oynayacağı rol və Türkiyə alimlərinin türkologiyadakı yeri, mövqeyi ilə bağlı idi.  

Türkiyə aydınları və "Müəllimlər Məcmuəsi"nin yazarları etiraf edirdilər ki, Avropa və xüsusilə Rusiyadakı türkoloji araşdırmaların səviyyəsinə görə Türkiyə bu sahədə çox geridədir. 

Mətbuatda əksini tapan müxtəlif məzmunlu yazılarda Bakı Qurultayı Türkiyə alimlərinin elmi potensialını artırmaq üçün bir çağırış kimi qiymətləndirilirdi.

Digər tərəfdən, Türkiyə qəzetlərindəki bəzi yazılarda Sovet hökumətinin bu qurultayı siyasi təbliğat elementinə çevirməsi, Türk xalqlarını nəzarətdə saxlamaq üçün vasitə kimi istifadə etməsi, kommunistlərin Türkiyədə mühacirətdə olan liderlərə kəskin mənfi münasibəti də ciddi tənqid edilirdi.

1926-cı ilin fevralın 26-sı 10 mart tarixli sayların ciddi analizi, təhqiqatı onu göstərir ki, Türkiyə mətbuatı Qurultayı yalnız dil, istilah tədbiri kimi deyil, bütün Türk dünyasını eyni mədəni platformada birləşdirəcək tarixi addım kimi qiymətləndirib. 

P.S Məqalə "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin donorluğu ilə həyata keçirdiyi "I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində" layihəsi çərçivəsində hazırlanıb.