Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümüdür.
Heydər Əliyev Azərbaycan xalqının tarixində silinməz iz qoymuş, müasir dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamış görkəmli siyasi və dövlət xadimidir. Onun zəngin və çoxşaxəli fəaliyyəti ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edib. Müxtəlif dövrlərdə həm keçmiş SSRİ miqyasında, həm də müstəqil Azərbaycanda yüksək vəzifələrdə çalışan ulu öndər öz qətiyyəti, uzaqgörən siyasəti və idarəçilik təcrübəsi ilə seçilib.
1923-cü il mayın 10-da şəhərində anadan olan Heydər Əliyev gənc yaşlarından dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərib. Təhlükəsizlik orqanlarında başladığı peşəkar fəaliyyəti onu respublikanın ali rəhbərliyinə qədər yüksəldib. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin inkişafında yeni mərhələ başlanıb. Həmin dövrdə sənaye, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olunub, Azərbaycanın keçmiş ittifaq məkanında nüfuzu əhəmiyyətli dərəcədə artıb.
1980-ci illərdə SSRİ rəhbərliyində yüksək vəzifələrdə təmsil olunan Heydər Əliyev ittifaq miqyasında iqtisadi, sosial və mədəni layihələrin həyata keçirilməsində mühüm rol oynayıb.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran və vətəndaş qarşıdurması təhlükəsi fonunda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması və sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıb. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub, dövlət quruculuğu prosesi gücləndirilib, Azərbaycanın beynəlxalq əlaqələri genişlənib. Xüsusilə neft strategiyasının həyata keçirilməsi və ölkənin dünya iqtisadiyyatına inteqrasiyası baxımından atılan addımlar Azərbaycanın gələcək inkişafının əsasını təşkil edib.
Bu gün ümummilli liderin siyasi irsi Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad olunur. Onun dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasəti və müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlər ölkənin tarixində mühüm yer tutur. Ulu öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində anım tədbirləri keçirilir, onun xatirəsi hörmət və minnətdarlıqla yad edilir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq ölkəmizin tarixində müstəsna xidmətlər göstərib. Həmçinin xalqımızın milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, Azərbaycanın inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində misilsiz fəaliyyət həyata keçirib. C. Məmmədov qeyd edib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ağır və mürəkkəb dövrlərdən uğurla çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub:

"Dövlətçiliyin qorunması, milli həmrəyliyin gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və müasir Azərbaycanın formalaşdırılması Ulu Öndərin siyasi fəaliyyətinin əsas istiqamətlərindən olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfələrindən biri də güclü dövlətçilik ənənələrinin formalaşdırılması və xalqın gələcəyə inamının möhkəmləndirilməsi olub. Onun müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmiş, ölkəmiz bütün sahələrdə mühüm uğurlar əldə edib. Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı bu gün də ölkənin gənclər siyasətinin əsasını təşkil edir. Ulu Öndər hər zaman gəncləri Azərbaycanın gələcəyi kimi qiymətləndirmiş, onların savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişməsini vacib hesab edib. Bu gün Ümummilli Liderin siyasi kursu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi nailiyyətlər, Qarabağda aparılan bərpa-quruculuq işləri, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzu Heydər Əliyev ideyalarının yaşadığını və uğurla davam etdirildiyini bir daha göstərir. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci və Qarabağda yenidən canlanan həyat Ulu Öndərin Azərbaycanın güclü və bütöv gələcəyi ilə bağlı müəyyən etdiyi strateji baxışın real təzahürüdür. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini minnətdarlıq hissi ilə anırıq".