Övladları tələbə adını qazanan jurnalistlər sevinc hisslərini bölüşdülər – MARAQLI SORĞU

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Bu il tələbə adını qazanmış abituriyentlər arasında xeyli jurnalist övladları var. “Sherg.az” olaraq həmin jurnalistlərlə əlaqə saxlayıb onların təəssüratlarını, keçirdikləri hissləri və istər ixtisas seçimində, istərsə də universitetə hazırlıq ərəfəsində övladlarına hansısa istiqamət verib-vermədiklərini öyrəndik.

“Övladlarımın ixtisas seçiminə hörmətlə yanaşdım”




Ali məktəbdə təhsil alacaq tələbələr sırasında jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də var. O, Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında Regionşünaslıq (Amerika üzrə əyani) oxuyacaq:
“Övladlarımın ixtisas seçiminə heç vaxt müdaxilə etməmişəm. Qızım Ülkər də bu il BDU-nun Tarix fakültəsinin magistraturasına daxil oldu. Oğlum Rəşid tarix, siyasət və regionşünaslıqla maraqlanırdı və seçimi özü elədi. Onların seçiminə hörmətlə yanaşdım. Qızım da 600 balla dövlət sifarişi ilə BDU-ya daxil olmuşdu, indi magistraturada təhsilini davam etdirəcək. Oğlum da BDU-da təhsil almaq istəyirdi və Amerika üzrə Regionşünaslıq fakültəsinə daxil oldu. Övladlarıma yalnız mənəvi dəstək olmuşam və yaxşı təhsil alması üçün onları repititor yanına göndərmişəm”.

“Tələbə adını qazandığım günü xatırlayıram”



“Qədim oğuz” qəzetinin baş redaktoru, AYB-nin “Ulu Çinar” jurnalının redaktoru Əfqan Nəsirlinin qızı Afət Cəfərova Avrasiya Universitetinin filologiya fakültəsinə (Azərbaycan dili üzrə) daxil olub:
“Əlbəttə, ali və müqəddəs hisslərdir. Dostlar, tanışlar təbrik edir çox ciddi məsuliyyət hiss edirsən. İstər-istəməz öz tələbə adını qazandığım günü xatırlayıram.
Lap uşaq yaşlarından övladlarımı bağçaya da, məktəbə də hər gün mən aparıb gətirirdim. Evdən 15-17 dəqiqəlik yolumuz olurdu. Yol boyu hər gün onlara yeni nəsə danışırdım, suallarına cavab verirdim. Seçim isə öz seçimidir. Hələ 9-cu sinfidə oxuyarkən onları ixtisasa görə böldülər. O vaxtdan seçimini etmişdi”.
“Bu sahəni seçməsi bizim üçün də təəccüblü oldu”



“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarov da o sevinci dadan xoşbəxt atalardandır. Onun qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək:
“Övladlarımın təlim və tərbiyəsi ilə hər zaman anası məşğul olub. Ola bilər ki, ixtisas seçimində də müəyyən yönləndirmələri var idi. Amma mənə elə gəlir ki, daha çox öz seçimidir. Çünki iqtisadiyyatyönümlü fakültəyə daxil olub və ailəmizdə hər kəs humanitar sahədə təhsil alıb. Bu sahəni seçməsi bizim üçün də təəccüblü oldu. Uşaq yaşlarından riyaziyyatı çox yaxşı bilirdi. Hesab edirəm ki, uğurlu seçimdir. Xüsusən də Bakı Dövlət Universitetinin tələbəsi adını qazanmaq qürurvericidir. Fürsətdən istifadə edib tələbə adını qaznan bütün şagirdləri təbrik edirəm”.

"Mənə verdiyi sözü tutdu"



Strateq.az saytının rəhbəri Elxan Şükürlünün də qızı onları sevindirib. Baş yazar hisslərini belə ifadə edib:

Böyük maarifçi Hüseyn Cavid “...Sürüklənən bəşəriyyət qadınla yüksələcək” deyirdi. Ona görə ki, bir cəmiyyətin inkişafının xeyli dərəcədə qadınlardan – analardan asılı olduğunu gözəl dərk edirdi...
Bəli, qadın, hər şeydən əvvəl, anadır – bizi dünyaya gətirən, südüylə və sevgisiylə bəsləyib tərbiyə edən Müqəddəs Varlıqdır. Bu səbəbdən qızlarımızın – gələcək analarımızın oxuyub savadlı olmaları təkcə onların öz hüquqlarını bilməsi və özünümüdafiə baxımından deyil, həm də bütövlükdə cəmiyyətin tərbiyə olunması sarıdan çox gərəklidir, vacibdir.
Sevinirəm ki, bir çox həyat hadisələrinə və ədalətli cəmiyyət quruculuğuna baxışda mövqelərimi bölüşən, yalnız yüksək savadı və gözəl əxlaqıyla bir-birini tamamlayan insanların cəmiyyəti qabağa apara biləcəyini düşünən qızım Dərya da həyatının ilk imtahanından uğurla çıxdı – 501 balla ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” fakültəsinə qəbul oldu.
O, həmişəki kimi, mənə verdiyi sözü tutdu. İndi də söz verir ki, bu Universitetin ən yaxşı oxuyanları, yüksək savad və gözəl əxlaqıyla seçilənləri sırasında yer alacaq...
Fürsətdən istifadə edib, buradan Dəryanın gözəl müəllimlərinə xüsusi minnətdarlığımı bildirir, övladları ali məktəblərə qəbul olunan bütün valideynləri təbrik edir, keçə bilməyənlərə isə növbəti qəbulda uğurlar arzulayıram!Allah hər birinizə xeyirli övlad nəsib etsin, dostlar! Övlad uğuruyla sevinən, fərəhlənən valideynlərdən olasınız!"


“İşimiz yalnız arxasında durub dəstək vərməkdir”



“Turan” İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalının oğlu Elçin də tələbə adını qazanıb. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Komputer elmləri fakültəsində təhsil alacaq:
“Elçin ali məktəbə daxil olan üçüncü övladımdır. 630 bal toplamışdı deyə qəbul olunacağı gözlənilən idi. İxtisas seçimində valideynlərin iştirakı olmadı. Özünün sevdiyi ixtisasdır. Proqramçı olmaq istəyirdi. İkinci kursda İELTS imtahanı verib təhsilini xaricdə davam etdirməyi planlaşdırır. Qismət... Bizim işimiz yalnız arxasında durub dəstək vərməkdir”.
“Bu, 11 illik orta məktəb həyatının ilk müsbət nəticəsidir”



“Xalq Cəbhəsi” qəzetinin redaktoru Mahir Zeynalovun qızı Gülnur Zeynallı isə Qərb Universitetinin Biologiya ixtisasına qəbul olunub:
“Qızımın Qərbi Kaspi Universitetinə, bilologiya ixtisasına qəbul olmasına çox sevindik. Bu, 11 illik orta məktəb həyatının ilk müsbət nəticəsidir. Son aylarımız çox həyacanlı oldu, amma ali məktəbə qəbul olacağını gözləyirdik. Çünki qızım son 3 ildə davamlı olaraq universitetlərə qəbul olmaq üçün hazırlaşıb, əlavə hazırlıq keçib. Gülnur Xırdalan şəhər1 saylı orta məktəbin təbiət fənləri təmayüllü sinfini yaxşı qiymətlərlə bitirib. Hələ 9-cü sinifdən seçimini etmişdi, kimya, fizika və biologiya fənlərini dərindən öyrənirdi. Onun bu uğuruna görə məktəbin rəhbərliyinə və müəllimlərinə təşəkkürümü bildirmək istərdim.
İxtisas seçimi zamanı xeyli müzakirələrimiz oldu. Amma seçimi qızım özü edib, onun gələcəyin bioloqu olması ailəmizdə hamının ürəyincə oldu. Həm də sevindik ki, özəl ali məktəblər arasında xüsusilə seçilən Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında, yəni pulsuz təhsil alacaq. Qızım bu universiteti ixtisas seçimi zamanı ilk sırada yazmışdı”.
“Biz də müəyyən istiqamətlər verirdik”



“Fed.az” biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da tələbə statusunu qazanmağa müyəssər olub. Cavidan ADA Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq:
“Çox gözəl hisslərdir. Ailəliklə hər birimiz sevindik ki, Cavidan qarşısına qoyduğu məqsədin bir pilləsinə nail olaraq tələbə adını qazandı. Ümid edirik ki, yaxşı və keyfiyyətli təhsil alacaq. Yəqin ki, daha sonra magistratura və digər təhsil mərhələlərinə keçmək üçün çalışacaq. Əlbəttə, biz də müəyyən istiqamətlər verirdik, tez-tez söhbətlər aparırdıq. Ümumiyyətlə, 7-ci sinifdən sonra onun fikirlərinin formalaşmasına və maksimum sərbəstlik verməyə çalışmışıq. İxtisas seçimi də öz istəyi idi.
Biz sadəcə ona müəyyən mənzərə yaradırdıq ki, məlumatı çox olsun. Həmin məlumatalara da əsaslanaraq şəxsi seçimini etdi. Olduqca gözəl, həmçinin məsuliyyətli və fəxrli bir duyğudur”.