Tələbə qızları təhsil haqqından azad etsək, oğlanlara haqsızlıq olar
Təhsil eksperti isə təklifə qarşı çıxdı: Deyək ki, mənim 2 qızım var, onlar təhsil haqqından azad edildi, amma bir başqasının 2 oğlu var, o, hər iki övladına görə təhsil haqqı ödəməlidir. Burda hər kəsə eyni imkanlar prinsipi pozulmuş olur
Millət vəkili Musa Quliyev Azərbaycan hökumətini yeni dünya trendinə imza atmağa çağırıb. Bu trendin adı “qızların ümumən təhsil haqqından azad olunması”dır. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini KİV-ə açıqlamasında bildirib ki, dövlət ali təhsil müəssisələrində təhsil xərclərinin çox hissəsinin ödənişsiz olması üçün büdcədə təhsillə bağlı maliyyə yükünün artırılmasına ehtiyac var: “Çox istərdim ki, yaxın vaxtlarda biz elə bir qanun qəbul edək ki, bütün qız uşaqlarının təhsil haqqını dövlətimiz üzərinə götürə bilsin.
Qız uşaqlarının təhsil xərclərini dövlət ödəsin. İstər özəl, istərsə də dövlət ali təhsil müəssisələrində”. Millət vəkili deyib ki, bu il təhsil xərcləri üçün dövlət büdcəsindən 2 milyard 285 milyon manat vəsait ayrılıb. Gələn ilin büdcəsinə əlavə 100 milyon manat ayrılarsa bütün tələbə qızların təhsil haqqının dövlət tərəfindən qarşılanması mümkün olar və bununla da problemlər həllini tapar. Problem deyəndə isə millət vəkili erkən nikah məsələsini qabardıb. M.Quliyev bu fikirdədir ki, orta ixtisas və dövlət ali məktəblərində tələbə qızların təhsil haqqını dövlət üzərinə götürərsə, bu, erkən nikah probleminin həllinə dəstək olar, selektiv abortların qarşısının alınmasına öz təsirini göstərər. Biz qızlarımızın oxumasına ciddi önəm verməsək, gələcəkdə bizim savadlı və sağlam nəslimiz olmayacaq. Millətin inkişafı, cəmiyyətin inkişafı qadının tərəqqisindən, qadının inkişafından asılıdır.
Millət vəkilinin təklifinin reallaşması mümkündürmü? Təhsil ekspertləri nə düşünür?
Əməkdar müəllim Almaz Həsrət “Şərq”ə açıqlamasında təşəbbüsün ilk baxışda yaxşı göründüyünü dedisə də bunları əlavə etdi:
- Musa müəllim humanist təklif irəli sürüb. Lakin mən bu təşəbbüsün 100-ə 100 müsbət olduğunu deyə bilməyəcəm. Biz gender bərabərliyindən, hamıya bərabər imkanlardan danışırıq. Müasir dünyanın tələbi budur. Niyə fərdləri cinsinə görə ayırmalı, hansınasa üstünlük verməliyik? Zənnimcə, bu, doğru yanaşma sayılmaz. Təhsil hamı üçündür və hamıya eyni, bərabər imkanlar yaradılır. Əgər qızlar arasında savadlılığın artmasını istəyiriksə, onlara müəyyən faiz güzəştlər tətbiq edilə bilər.
Ancaq təhsil haqqından tam azad etmək doğru deyil. Belədə digər ailələri yük altında qoymuş olarıq. Deyək ki, mənim 2 qızım var, onlar təhsil haqqından azad edildi, amma bir başqasının 2 oğlu var, o, hər iki övladına görə təhsil haqqı ödəməlidir. Burda hər kəsə eyni imkanlar prinsipi pozulmuş olur. İstər oğlan olsun, istər qız, onların hər ikisi bizim gələcəyə baxan gözlərimizdir. Məncə, erkən nikah probleminin kökü təkcə qızların savadsızlığından qaynaqlanmır. Həmçinin kişilərin – oğlanların da savadlı, dünyagörüşlü olması lazımdır. Nikah yaşına çatmamış qızları kiminlə evləndirirlər?
Dünyagörüşü dar oğlanlarla. Savadlı, özünün, ölkəsinin gələcəyini, ertəsi gün ailəsində təhsilli, savadlı övlad görmək istəyən hansı gənc nikah yaşına çatmamış, orta təhsil pilləsini başa vurmamış qızla evlənər? Biz məsələyə birtərəfli baxmamalıyıq. Erkən nikah, selektiv abort probleminin həlli də qızların təhsil haqqından azad edilməsindən keçmir. Bu, sadəcə, problemin bir tərəfidir. İstəyiriksə ki, qızların təhsilə cəlbolunma səviyyəsi artsın, savadlılıq səviyyələri yüksəlsin, ailələrdən işə başlamalı və təbliğatı gücləndirməliyik. Yüksək nailiyyətlərə imza atan xanımlarımız efirlərdə təbliğ edilməlidir.
Ailələrlə maarifləndirici işlərin aparılmasına önəm verilməlidir. Məncə, tələbə qızları təhsil haqqından azad etmək mümkün olacaq iş deyil. Hər kəs öz bacarığına, biliyinə arxalanmalıdır. Təəssüf ki, bəzən biz formaya önəm veririk, məzmuna yox. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Təhsil alan qızların statistikasını artırmağın faydası nə olacaq?