"Özlərini bunker müəllimi adlandırıb, repititorluq edirlər” – Nazir narazıdır

“Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesabına imtahanlara müstəqil hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.


Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında deyib.

Nazirin sözlərinə görə, qarşıda duran vacib məsələlərdən biri bütün məktəblərdə tam orta təhsil səviyyəsində keyfiyyətli təhsilin təmin edilməsidir: "Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Əfsuslar olsun ki, elə təhsil müəssisələrimiz var ki, onlar bu işi lazımi səviyyədə təmin və təşkil edə bilmirlər. Bu, bir çox məqamlarla özünü təsdiq edir".

Tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov nazirin iradları üzərində müəllimlərin təsnifatını verdi: 

- Nazirin müəllimlərdən narazılığını, ümumilikdə üç hissəyə bölərdim.

Birincisi, bilik və bacarıqları zəif olan müəllimlər. Onlar tədris apardıqları siniflərdə şagirdlərə minimum bilikləri verə bilmirlər, nəticədə şagirdlər iştirak etdikləri buraxılış və qəbul imtahanlarında zəif nəticələr göstərirlər. Bu əsasən xarici dil müəllimlərinə aiddir. Ölkədə qəbul və buraxılış imtahanlarında ən aşağı nəticə məhz xarici dillər, xüsusi ilə ingilis dili ilə bağlıdır. 



Bu kateqoriyaya malik müəllimlər müasir standartlara cavab vermirlər. 

İkincisi DİM-in keçirdiyi qəbul və buraxılış imtahanlarında imtahan rəhbəri, zal nəzarətçisi və yoxlayıcı marker kimi iştirak edən məllimlər. Təhsil Naziri  bu kateqoriyaya aid olan məllimlərdən ona görə narazıdır ki. Onlar arasında vəzifəsinin öhdəsindən gələ blməyənlər var. Zal nəzarətçisi olan bəzi müəllimlər imtahanların gedişində ciddi qüsurlara yol verirlər. Onlar nələrinsə qarşılığında imtahan iştirakçılarının köçürməsinə göz yumurlar, onların imtahanın gedişinə maneə olmasına göz yumurlar. Bundan başqa bu kateqoriyaya aid olan müəllimlər imtahanların yoxlanılması zamanı qeyri-peşəkarlıq göstərib test tapşırıqlarını düzgün yoxlamırlar və imtahan iştirakçılarının balları kəsilir. 

Ceyhun Bayramovun onlardan həm də narazılığı ona görədir ki, onlar dövlətin müəyyən işlərində iştirak etdikdən sonra qurumun adından öz məqsədləri üçün istifadə edirlər, özlərini bunker müəllimi adlandırıb repititorluq edirlər.

Üçüncü kateqoriya isə dərs deməklə yanaşı məktəbdə inzibati, rəhbər vəzifə tutan müəllimlərdir. Onlar da vəzifələrinin öhdəsindən gəlmirlər. Hazırda çox sayda müəllim jurnal işləyə bilmir, uşaqlarla davranmağı bacarmır. Çünki müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcəsindədir.