Qanun hazırlanır: Tələbələr təhsil krediti ala biləcəklər

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası kekeçirilib. Sherg.az-ın xəbərinə görə toplantıda bildirilib ki, parlamentin payız sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.

Komitənin sədri, deputat  İsa Həbibbəyli deyib ki, bu, günün ən aktual məsələlərindən biri tələbələrə kredit verilməsi məsələsidir: “Təhsil Nazirliyi də bununla bağlı Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edib. Nazirlik və digər müvafiq qurumlarla birlikdə belə bir qanun layihəsinin hazırlanmasını gündəmə gətirəcəyik”.

Komitə sədri diqqətə çatdırıb ki, bu gün təhsilimiz digər sahələr kimi inkişaf edir: 

“Təhsil təkcə təhsil sahəsinin inkişafına kömək etməklə qalmır. Bütövlükdə cəmiyyətin inkişafına təsir edir. Azərbaycan elmi, təhsili müasirləşir. Bu günlərdə yeni dərs ilinin açılması ilə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrində yeni məktəblər açılıb. Əsaslı şəkildə yenidən qurulmuş məktəblər tədrisə başlayıb”.

İ.Həbibbəylinin sözlərinə görə, bu il rəhbərlik etdiyi quruma 190 müraciət daxil olub: 

“Müraciətlərin böyük əksəriyyəti tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub. Tələbələrin təhsil haqları ilə bağlı ayrıca qanun layihəsinin yaradılmasını məqsədəuyğun hesab edirik. Bildiyiniz kimi, 2017-ci ildən Maarifçi Təhsil Kredit Fondu yaradılıb. Bu Fond vasitəsilə ölkəmizin müxtəlif ali məktəblərində oxuyan və ehtiyacı olan tələbələrə köməklik göstərilib. Təbii, bu köməklik vasitəsilə bütün ödənişli təhsil alanların hamısının ehtiyacını ödəmək mümkün deyil. Bu sahənin inkişaf etdirilməsi üçün xüsusi qanun layihəsinin hazırlanmasına çalışırıq. Elm və təhsil komitəsi təhsil kreditləri ilə bağlı iş aparır. Təhsil Nazirliyi və digər nazirlikərlə də danışıqlar aparırıq. “Təhsil Kreditləri haqqında” qanun layihəsinin hazırlanmasnı günün əsas məsələsi hesab edirik”.