“Ali təhsil haqqında” qanun layihəsi hazırlanır. Sherg.az-ın xəbərinə görə, bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında komitənin sədri İsa Həbibbəyli məlumat verib.
Komitə sədri deyib ki, Təhsil Nazirliyi oktyabrın 1-ə qədər “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı təkliflərini Elm və təhsil komitəsinə təqdim edəcək:
“30 səhifəlik qanun layihəsi hazırlanıb. Komitə və Təhsil Nazirliyi qanun layihəsini birləşdirəcək. Ümid edirəm ki, oktyabrın ilk ongünlüyündə komitədə müzakirəyə çıxaracağıq”.
İ.Həbibbəyli iclasda ibtidai siniflərdə dərs yükünün ağırlığı məsələsinə də toxunub:
“Uşaqlar üçün dərs kitablarının ağır olması probleminin aktuallığını nəzərə alan Təhsil Nazirliyi artıq bu istiqamətdə addımlar atır. Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb. Bu dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısında, ikinci hissəsi tədris ilinin ikinci yarısında tədris olunacaq. Məlumat verim ki, bu istiqamətdə addımların atılması davam edəcək. Dərs yükü ilə bağlı problemlər aradan qalxacaq”.