Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb


Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, 2000-ci ildə ölkədə 3 572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5 096-a, 2018-ci ildə 5 117 nəfərə çatıb.

2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olanların 2 312-i, 2018-ci ildə isə 3 459-u sırf tədqiqatçı, qalan şəxslər isə texniklər, köməkçi heyət və s. olub.

Tədqiqatçı qadınların çoxu - 2 037 nəfəri elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.

Ötən ilin məlumatlarına görə, ölkədə 832 qadın humanitar sahə üzrə tədqiqat aparır. Qadınların elmdə ən az diqqət göstərdikləri sahə tibdir. Ötən il cəmi 3 nəfər qadın tibb sahəsi üzrə tədqiqat işi aparıb. Həmin şəxslərdən yalnız birinin elmi dərəcəsi (fəlsəfə doktoru) olub.
 
2010-cu ildə elmi tədqiqat və işləmələrlə mşğul olan qadınların 63-ünün, 2018-ci ildə 149-nun elmlər doktoru, 2010-cu ildə 805-inin, 2018-ci ildə 1 040-ının fəlsəfə doktoru elmi dərəcəsi olub.