Bakı Dövlət Universiteti AzTV-nin «Təhsil üçbucağı»nda

Universitetin geniş  həyətində, açıq səma altında qurulan studiya özünün rejissor formatı ilə hər kəsin diqqətini cəlb edirdi



Azərbaycan televiziyası - AzTV bütün telekanallarımıza örnək olmaqdadır. Birincisi, ona görə ki, bu televiziya ölkə telekanalının ana nöqtəsidir, başlanğıcıdır. İkincisi, bu kanal yarandığı çağdan bugünədək peşəkarlığa xüsusi diqqətlə məktəb səviyyəsinə yüksəlib. Adətən yay mövsümündə telekanallar bir qayda olaraq «məzuniyyətə» çıxır, köhnə, nimdaş proqramlarla tamaşaçıları yola verirlər. AzTV yeganə telekanaldır ki, bu yayı tamamilə yeni proqram formatları, hər şeyə yeni peşəkarlıq baxışı ilə tamaşaçıların rəğbətini qazandı. Etiraf edək ki, AzTV Azərbaycan xalqının milli maraqlar sisteminə xüsusi diqqəti ilə, xalqımızın milli dəyərlərini qorumaq və zənginləşdirmək missiyası ilə, azərbaycançılıq kimi milli ideologiyamızın ifadəçisi rolunu peşəkarlıqla həyata keçirməsi ilə, klassika və müasirliyin birgəliyinə gətirdiyi yeniliklərlə  çox böyük iş görməkdədir. Bu televiziyada həmin tematikalar ətrafında yeni rəhbərliyin yaratdığı proqram formatları milli dəyərlərimizin və milli maraqlarımızın efir məkanına çıxarılması məqsədilə  yüksək qiymətə layiq fəaliyyət göstərməkdədir.  Bu proqram formatları  içərisində təhsil sisteminin inkişaf dinamikasını ortaya qoyan, bu sistemin əsrin çağırışları kontekstində fəaliyyətinin çoxtərəfli parametrlərini müəyyənləşdirən «Təhsil üçbucağı» verilişini xüsusi qeyd etmək olar.

«Təhsil üçbucağı» heç bir xarici telekanallardan format köçürməsi olmayıb, birbaşa orijinal bir telelayihə kimi özünü göstərməkdədir. AzTV-nin yeni rəhbərliyi və bütövlükdə yaradıcı komandanın peşəkarlıq tələbləri bu proqramın da fəaliyyətində reallaşmaqdadır. Proqramın ideya müəllifi və aparıcısı Orxan Cabbarlı Azərbayan tamaşaçısına peşəkar bir telejurnalist kimi çoxdan məlumdur. AzTV-də ərsəyə gətirdiyi bu proqramda Orxan Cabbarlının peşəkarlıq keyfiyyəti bir daha özünü  göstərməkdədir.

«Təhsil üçbucağı» proqramının çoxsaylı buraxılışlarında qoyulan  tematika zənginliyi yeni tədris ilinin başlanğıcında da dərhal hiss edildi. Sentyabrın 20-də «Təhsil üçbucağı» proqramı xalqımızın milli həyatında misilsiz rol oynamış və oynamaqda olan Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmişdi. Universitetin geniş  həyətində, açıq səma altında qurulan studiya özünün rejissor formatı ilə hər kəsin diqqətini cəlb edirdi: ekspertlər, aparıcı üçbucağı, ətrafda geniş auditoriya - hər şey əvvəlcədən proqramın uğurlu olacağını vəd edirdi. Ekspertlər: Bakı Dövlət Universitetinin Elm və elmi innovasiya üzrə prorektoru, AMEA-nın müxbir üzvü, tanınmış alim Aydın Kazımzadə və yenə də AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımov.

Ekspertlərin belə bir seçimi Bakı Dövlət Universiteti barədə geniş, əhatəli və səriştəli informasiyaların  təqdim olunacağına zəmanət verirdi. Digər tərəfdən, tamaşaçılar peşəkar telejurnalist Orxan Cabbarlının dolğun cavablar tələb edən suallar qoyacağını da əvvəlcədən yaxşı bilirdilər. Suallar ilk növbədə xalqımızın iftixar yeri olan bu universitetin  tarixi inkişaf yolu ilə bağlı oldu. Professor Aydın Kazımzadə bu inkişaf yolunun daha çox bu günü ilə, bu inkişafa dəstək olan dövlətimizin və onun rəhbəri Prezident İlham Əliyevin qayğısından, Universitetin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı tarixi sərəncamın Respublika Nazirlər Kabineti, Təhsil Nazirliyi və BDU rəhbərliyi tərəfindən necə yerinə yetirildiyindən danışdısa, professor, tarix elmləri doktoru Musa Qasımov Xalq Cümhuriyyəti qurucularının bu universiteti hansı zaman kontekstində və hansı çətinliklərlə yaratdığını, meydana gələn Universitetin elm və tədris sahəsində 100 ildə qazandığı uğurlarından söhbət açdı.

«Təhsil üçbucağı»nın budəfəki auditoriyası lap geniş idi. Çünki proqram, qeyd etdiyimiz kimi, Universitetin geniş həyətindən efirə çıxırdı. Auditoriyada Universitetin sayılıb-seçilən alimləri, professor-müəllim kollektivi, tələbələr oturmuşdu. Aparıcı auditoriyadakı hər kəsi- professordan tutmuş tələbəyədək hər kəsi proqramın fəal iştirakçısına çevirirdi. Professor Cahangir Məmmədli, professor İbrahim Zeynalov, professor Hikmət Məmmədov, professor İzzət Rüstəmov və başqaları Universitetin onların həyatında, millətin maariflənməsində, ölkəmizin dünya arenasında tanıdılmasında oynadığı roldan, ümummilli liderimiz Heydər Əliyevin Bakı Dövlət Universitetinə verdiyi yüksək qiymətdən danışdılar.
Bakı Dövlət Universitetinin professoru, millət vəkili Kəmalə Əliyeva çox təsirli bir çıxışında Bakı Dövlət Universitetinin çoxminli kollektivinin üzvlərindən biri olması ilə fəxr etdiyini bildirdi.

Tələbələrin qısa çıxışları, yəqin ki, tamaşaçıları  daha çox duyğulandırdı. Çıxış edən tələbələr Bakı Dövlət Universitetini müqəddəs elm, tədris məbədi kimi qiymətləndirdilər və arzularının məhz bu məbəddə gerçəkləşdiyini emosional bir üslubda, sevgi ilə dilə gətirdilər.
Proqramın sonunda professor Aydın Kazımzadə aparıcının maraqlı bir sualına cavab olaraq Bakı Dövlət Universitetinin son beş ildəki elmi uğurları barədə qısa, lakin dolğun, faktlarla zəngin bir hesabat verdi, bu tədris, elm müəssisəsinin yubiley ərəfəsində gördüyü və görəcəyi tədbirlərdən danışdı, uğurlu sabahın proqram xarakterli  informasiyalarını tamaşaçıya təqdim etdi.
Azərbaycan televiziyasının son vaxtlar hazırladığı yeni və maraqlı proqram formatları içərisində maarifçilik missiyasını uğurla yerinə yetirən «Təhsil üçbucağı»nın budəfəki buraxılışı Bakı Dövlət Universitetinin 100 illiyi ərəfəsində müqəddəs məbədə təbrik aktı kimi yaddaşlarda qaldı.   

Günel Mehdizadə (Bayatlı)