Bakıda məktəbəhazırlıq qruplarına 25 mindən çox ərizə qəbul edilib


Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına elektron ərizə ilə müraciət edənlərin sayı açıqlanıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA -nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18:00-a qədər paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 25 000-dən çox ərizənin onlayn qeydiyyatı aparılıb.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmrinə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayıb. Elektron ərizə qəbulu sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçirilir. Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.