İxtisaslı kadrlar azalacaq: Magistratura imtahanına dəyişiklik lazım idi, amma...

“Ali təhsilin magistratura pilləsinə qəbulun sadələşdirilməsinə ehtiyac var idi. Amma bu sadələşdirmə ixtisas fənnlərindən imtahanın ləğv olunması hesabına baş verməməli idi”. 

Bunu Sherg.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, ali təhsil müəssisələrinin bakalavr pilləsində keyfiyyətli təhsil yoxdur: 

“Azərbaycanda 50-dən çox universitetdə 164 min tələbə təshil alır. Təəssüflər olsun ki, tələbələrin əksəriyyəti öz ixtisasları üzrə çox az bilgiyə sahibdir. Magistratura təhsili ilə bakalavr təhsili arasında müqayisə aparsaq, görərik ki, magistrlərin bilik səviyyəsi daha üstündür. Bu da ona görədir ki, bakalavr pilləsinin məzunları magistraturaya hazırlaşarkən ixtisas fənnlərini yenidən öyrənirlər. Eyni zamanda magistr təhsili dövründə ixtisas baxımından daha da təkmilləşirlər. Ancaq magistraturaya qəbulda ixtisas fənnlərinin ləğvi ixtisas biliklərinə malik kadrların sayının kəskin azalmasına yol açacaq. 



Kamran Əsədov: “Müəllimlərin işə qəbulunda ən yüksək bal toplamış şəxs belə jurnal yaza bilmir, auditoriyanı idarə etməkdə çətinlik çəkir” 


Gələcəkdə savadlı kadr çatışmazlığının şahidi olacağıq. Reallıq odur ki, Azərbaycan təhsil ocaqları müasir standartlara cavab verən kadrlar hazırlaya bilmirlər. Hətta müəllimlərin işə qəbulunda ən yüksək bal toplamış şəxs belə jurnal yaza bilmir, auditoriyanı idarə etməkdə çətinlik çəkir. Yaxud jurnalistikanın məzunu adicə məqalə yaza bilmir. Bütün bunların kökündə ixtisas biliklərinin zəif olması dayanır. Çox zaman dünya təcrübəsini tətbiq etməyin əhəmiyyətindən danışırıq. Konkret hansı hallarda dünya təcrübəsindən istifadə etməyin lazımlı olduğunu bilməliyik. Məsələn, Harvard universitetinin büdcəsi 40 milyard dollardır. İndi necə müqayisə aparaq? Ali təhsil ocaqlarımızın heç biri Boloniya sisteminin tələblərinə uyğun tədris prosesi qurmur. Universitetlərimizin maddi-texniki bazası, strukturu çox zəifdir. Mühazirə mətnləri köhnədir”. 

“Magistr olmaq istəyənlərin sayının azalması imtahanların çətin olması ilə bağlı deyil. Səbəb imtahan üçün tələb olunan xidmət haqqının və təhsil haqqının yüksək olmasıdır”


K.Əsədovun sözlərinə görə, yeni qaydalara əsasən, məzunların akademik göstəriciləri, qiyməti, balı hesablanıb orta bal çıxacaq və o da birinci mərhələnin üzərinə gələcək yekun bal olaraq toplanacaq: 

“Yaxşı bəs əvvəlki illərdə məzun olanların orta balı neçə çıxacaq? Axı indi qiymətləndirmə 100 ballıq şkala üzrə müəyyənləşir, amma əvvələr 5 ballıq şkala üzrə qiymət alınırdı. Düzdür, bəzi özəl universitetlərin məzunlarının akademik göstəriciləri yüksəkdir. Amma onların digər imtahanlardakı nəticələri zəifdir. Semestr zamanı qiymətləndirmələr şəffaf olmur. Kənar müdaxilələr baş verir. Həmçinin, hesab edilir ki, yeni qaydalar magistr olmaq istəyənlərin sayını artıracaq. Hazırda magistraturaya ayrılmış plan yerlərinin sadəcə 60 faizi dolur, qalan yerlər boş qalır. 2016-cı ildə magistratura pilləsinə qəbul olmaq üçün imtahan verənlərin sayı 26 min idi. 2019-cu ildə bu rəqəm 12 minə düşdü. Magistr olmaq istəyənlərin sayının azalması imtahanların çətin olması ilə bağlı deyil. Səbəb imtahan üçün tələb olunan xidmət haqqının və təhsil haqqının yüksək olmasıdır. Təsəvvür edin, magistraturaya imtahanın ilkin mərhələsini verən adam 110 manat pul ödəməlidir. Təhsil haqqı isə 3500-4000 manatdır. Heç kim bunu nəzərə almır”.