İmtahan vaxtı: Abituriyentə zaman tanımaq lazımdır



Qəbul imtahanında istifadə olunan test tapşırıqlarını cavablandırmaq üçün daha çox vaxta ehtiyac var



Rus dilində qəbul imtahanı verənlər üçün qəbul qaydası dəyişib. "Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imtahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb. Qeyd edək ki, bundan əvvəl həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Xatırladaq ki, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən ayrıca imtahan verirlər.                    

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, köhnə qaydalara görə hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilirdi. İmtahanlar 45 dəqiqə müddətində aparılır və  imtahanların nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilirdi:

"Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirir. 2019-cu il də daxil olmaqla 9 və 11-ci sinif məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 bal idi. Səhv cavablar yekun bala təsir göstərmirdi. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılırdı. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar".



“Yeni dəyişiklik imtahan iştirakçılarına öz bilik və bacarıqlarını daha yaxşı nümayiş etdirməyə imkan yaradacaq"


K.Əsədov deyib ki, ötən illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalı idi: 

"2008-ci ildən etibarən orta məktəblər kurikulum qaydalarına uyğun tədris həyata keçirməyə başladılar. Ona görə də bu imtahanlarda dəyişiklik zəruri idi.  Yeniliyə görə respublikanın təhsil sistemində tətbiq edilən fənn kurikulumunun təlim nəticələrinə əsasən, bu imtahanda artıq dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahanda şagirdlərə 30 tapşırıq: dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı + 1 cavabı yazı ilə ifadə olunan açıq tipli), oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı + 1 cavabı yazı ilə ifadə olunan açıq tipli) və dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Qapalı tipli tapşırıqların hər birinin düzgün cavabı 1 balla, açıq tipli tapşırıqların hər birinin cavabı qiymətləndirmə meyarlarına uyğun olaraq 1, ½ və ya 0 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan balı hesablanarkən tapşırıqlara verilmiş balların cəmi 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar". 

Ekspertin fikrincə, dəyişiklik təkcə imtahanın modeli ilə bağlı deyil, eyni zamanda imtahanda ayrılan vaxtla bağlıdır:

"Əvvəl “45 dəqiqə” idisə imtahan, 2020-ci ildən etibarən Azərbaycan dili imtahanı “1 saat 30 dəqiqə”  olacaq.  Bu da qaçılmaz idi. Çünki yeni imtahanda istifadə olunan test tapşırıqlarını cavablandırmaq üçün daha çox vaxta ehtiyac var. Vaxtın çoxalması imtahan iştirakçılarına öz bilik və bacarıqlarını daha yaxşı nümayiş etdirməyə imkan yaradacaq".