Ekspert də istisna etmir:“Onlayn imtahanlar mümkündür, amma...”

“...Daha çox asan və orta tipli test tapşırıqları təqdim edilməlidir ki, imtahan nəticələri qənaətbəxş olsun”



Azərbaycan imtahanlar onlayn keçirilə bilər. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hazırda onlayn imtahanlarla əlaqədar müəyyən araşdırmalar aparılır.

Onun sözlərinə görə, bu məsələ xüsusi karantin qaydalarının dəyişməsindən asılıdır: 

“Onlayn imtahanların keçirilməsində ədalətlilik prinsipi əsasdır. İmtahan üçün hamının evində müəyyən proqram təminatı, kompüter, kamera və digər əşyalar olmalıdır. Biz bu məsələyə də baxırıq. Onlayn imtahan keçirmək üçün imtahanın təhlükəsizliyini izləmək çox ciddi texniki məsələdir. Bunu təmin etmək üçün böyük maddi resurs lazımdır. Bunlar kompleks məsələdir”.

İmtahanların onlayn keçirilməsi ilə bağlı “Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda qüvvədə olan qərara görə orta və ali məktəblər ən yaxşı halda 4 mayda yenidən tədris prosesini bərpa edə bilər:

“3 martdan etibarən ölkə ərazisində bütün tədris fəaliyyətlər dayandırılıb. Bu o deməkdir ki, geri qayıdanda kifayət qədər mövzu məsafəsi yarana bilər. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. 1-4-cü sinflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır. Bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Digər narahatlıq doğura bilən siniflər 9 və 11 – ci siniflərdir. Bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. Düzdür əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlışdırılandan da çox oldu. 4472 orta məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə dərslərdən azı 60 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir”.



Ekspert qeyd edib ki, həlli gözlənilən ən ciddi problem 9 və 11 ci siniflərin imtahanıdır. Pandemiya təhlükəsi uzanarsa, müəyyən proqram təminatı tətbiq edilməklə onlayn imtahanlar mümkündür:

“Hər kəs mobil telefon, komputer və planşet ilə şəxsi imtahan səhifəsinə daxil olub imtahan verə bilər. Burada ən ciddi narahatlıq kənar müdaxilə, köçürülmə halları ilə bağlıdır. Bunun qarşısını almaq üçün öncə hər bir test tapşırığına müəyyən müddət daxilində cavablamaq imkanı verilməlidir. Məsələn, 1 və ya 2 dəqiqə bir test tapşırığına cavablamaq üçün vaxt verilir və müddət bitdikdən sonra test tapşırığı ekrandan gedir və ona qayıtmaq olmur. Digər tərəfdən hər bir imtahan iştirakçısı “face controll” proqramına cəlb edilməklə imtahan verir və ekranda kənar üz, sima olarsa, avtomatik olaraq o test tapşırığına cavab vermək imkanı məhdudlaşdırılır. Onlayn imtahanda səs kontrolu da əsas məsələdir. İmtahan iştirakçısı testin cavabını kənar bir şəxsdən soruşmaq istədikdə, 2 ci bir əlavə səs yenədə test cavablandırmaq imkanını aradan qalıdırır. Burada yaranacaq problem hər kəsin lazımi avadanlıqla və internet ilə təmin olunması üçün problemdir. Nəzərə alsaq ki, ölkədə 4447 orta məktəb və hər bir məktəbin komputer otağı var. Hər bir şagird məktəbə gedir, deməli, nəzəri olaraq onlayn imtahanın keçirilməsi mümkündür”.

K. Əsədov onlayn imtahanların müsbət tərəfindən də danışıb:

“İmtahan bitən kimi nəticəsi ekranda olcaqdır. Hesab edirəm ki, onlayn imtahanlarda təhlükəsizlik 100 faiz təmin olunacaq və heç bir kənar müdaxilə olmayacaq. “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram imtahan verənin yanında kənar şəxsi və səsi müəyyən edir, imtahan nəticələrini ləğv edir. Avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) bu işin öhdəsindən gələ bilər.

Düşünürəm ki, DİM buraxılış və qəbul imtahanlarında təqdim edilən situasiya tipli test tapşırıqlarını çıxarmalı, 9-cu siniflər üçün buraxılış imtahanı 2 mərhələli yox, bir mərhələli olmalıdır. Bundan başqa DİM elektron ərizə qəbuluna başlamalıdır. Sənəd Qəbul Komisiyyaları isə onlayn sistemdə fəaliyyət göstərməlidir. 25 apreldən ərizə qəbulu başlamlı və 25 maya qədər davam etməlidir. İndidən bu prosesi həyta keçirmək lazımdır ki, sonradan ərizə qəbulunda vaxt itirilməsin. Sənəd qəbulu və bununla bağlı sənədləşmə prosesi onlayn qaydada həyata keçirilməlidir. İmtahanda təqdim ediləcək test tapşırıqlarının da ağırlılıq dərəcələrini müəyyən qədər azaltmaq lazımdır. Çətin tipli test tapşırıqlarından az, daha çox asan və orta tipli test tapşırıqları təqdim edilməlidir ki, imtahan nəticələri qənaətbəxş olsun”.