"...Dərslər başlamalıdır, onlayn təhsil özünü doğrultmadı"

Ekspert tənəffüs müddətinin minimuma endirilməsi, hətta ləğvinin belə məqsədəuyğun olduğunu deyib


Pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.
Təhsil İnstitutu karantin dövründə orta məktəblərdə ümumi təhsil prosedurunun təşkil olunması haqda təkliflər irəli sürüb.
İnstitut COVID-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsini mümkün hesab etmir:

“Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür. Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır.

Müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan “sarı” və “narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.

Uyğunlaşdırılmış tədris planlarına əsasən təhsilalanlara fənlərin bir qismi onlayn, digər hissəsi isə sinif otağında ənənəvi qaydada tədris ediləcək. Sarı zonalarda şagirdlərin həftədə 3 dəfə, narıncı zonalarda isə 2 dəfə gəlməsi nəzərdə tutulur. Bəzi hallarda məktəbdə şagird sıxlığı nəzərə alınmaqla bu say bir qədər dəyişə bilər".

Mütəxəssislər isə hesab edir ki, Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO-nun da tövsiyələri nəzərə alınmaqla pandemiya şəraitində təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməlidir. Eyni zamanda  COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır.

Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır.

Təhsil  Nazirliyinə  ictimaiyyət nümayəndələrindən daxil olan  müraciətə görə, dərslər sentyabrın 15-i başlayacağı təqdirdə davamiyyət məcburi olmasın. Bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin.

Təhsil eksperti Rafiq İsmayılov da "Şərq"ə açıqlamasında tənəffüs müddətinin minimuma endirilməsi, hətta ləğvinin belə məqsədəuyğun olduğunu deyib. Onun sözlərinə görə, dərs saatlarında müəllimin şagirdlərə nəzarət etməsi mümkün olduğu halda tənəffüs zamanı bu mümkün deyil. Fasilə zamanı uşaqlar bir-birinə qarışdığı üçün nə sosial məsafəni tənzimləmək, nə də maska taxılmasına nəzarət etmək mümkündür:

"Dərs saatlarının 35 dəqiqəyə endirilməsi isə digər təkliflərdən irəli gələn bir zərurətdir. Sosial məsafənin gözlənilməsi baxımından siniflər yarıya bölündüyündən müəllimlərin  hər iki  sinifə dərs keçməsi üçün dərs saatlarının azaldılmasına ehtiyac yaranır. Məhz bu səbəbdən bəzi fənlərin onlayn keçirilməsi də müzakirə predmetidir. İstənilən halda dərslərin açılmasının  vacib olduğunu düşünürəm. Onlayn təhsil gözləntiləri doğrultmadı, daha doğrusu, effektsiz oldu. Onlayn dərslər ənənəvi təhsilin 25 faizlik tələbinə ancaq cavab verir".