Kamran Əsədov: "Birmənalı şəkildə universitetlərdə dərslərin ənənəvi qaydada davam etdirilməsini təklif edirəm"
Karantin müddətində məktəblərin açılması ilə bağlı müxtəlif təkliflər var. O cümlədən də Azərbaycan Təhsil İnstitutu karantin dövründə özəl məktəblər, peşə məktəbləri və ali təhsil müəssisələrində tədris prosesinin necə təşkil olunması haqda öz təkliflərini irəli sürüb. Bu təklifərdə hər bir təhsil pilləsi üzrə spesifik senari hazırlanıb. Orta məktəblərlə bağlı hazırlanan əsas senari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Buna səbəb isə məktəblərin tədris ilinin əvvəlində yeni yoluxma təhlükəsi yaratma ehtimalına dair irəli sürülən proqnozlardır.
Təhsil eksperti Kamran Əsədov isə "Şərq"ə açıqlamasında epidemioloji vəziyyət və yoluxma sayından asılı olaraq bütün təhsil müəssisələrinin açılmasını vacib hesab edir. Onlayn təhsil sisteminin özünü bir o qədər də doğrultmadığını vurğulayan eksperti sinif və auditoriyalara, eləcə də təhsil müəssisələrinə daxil olma, həmçinin tədris prosesinin müddəti ilə bağlı ciddi dəyişikliklər etməklə ənənəvi tədris prosesinin başlanmasını zəruri hal kimi qeyd edib:
"Düzdür, 2020-ci ilin mart-iyun aylarında respublikanın təhsil müəssisələrində alternativ təhsil alma formaları tətbiq edildi. Amma nəzərə alaq ki, həmin şagirdlər dərs ilinin ilk altı ayını məktəbə getmiş, müəyyən qədər bilik və bacarıqlara yiyələnmişdilər. Dərs ilinin ilk günündən onlayn dərslərə başlamaq effektiv metod deyil. Əvvəla, tədrisinə yeni başlanılan fənlərin tədrisinə sıfırdan onlayn başlamaq şagirdlər üçün olacaq. Həm də ki, bütün şagirdlərin internetə çıxışı və kompüteri yoxdur.
Bir ailədə 2 və daha artıq uşaq orta məktəbdə oxuyursa, onların eyni vaxtda onlayn dərsləri izləməsi və iştirakı mümkün olmayacaq. Bu səbəbdən məktəblərdə növbəlilik prinsipi ilə də olsa, ənənəvi tədris prosesinin başlamasını labüd hesab edirəm. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət etmək və məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsini təmin etməklə tədris davam etdirilməlidir".
- Bəs, ali və orta ixtisas təhsili ilə bağlı verilən təkliflər barədə nə düşünürsünüz?
- Təhsil İnstitutunun ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesinin bu təhsil pilləsində distant formada davam etdirilməsi təklifini birmənalı olaraq yanlış hesab edirəm. Təhsil İnstitutunun təklifində distant təhsil formasına dair tədris vəsaitlərinin və resursların mövcud proqramlara uyğun olaraq hazırlanması tövsiyə edilir. Bu, düzgün yanaşma deyil. Birmənalı şəkildə universitetlərdə dərslərin ənənəvi qaydada davam etdirilməsini təklif edirəm. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr özünü idarə edə biləcək yaşdadılar. Onların maska taxması, sosial məsafəni qoruması kimi qaydalara riayət etməsində heç bir problem görmürəm. Həm də ki, ölkənin 50-dən çox ali təhsil müəssisəsində 200-ə yaxın ixtisas var. Bu ixtisasların əksəriyyətinin distant qaydada həyata keçirilməsi mümkün deyil. Xüsusən də tibb və texniki ixtisas üzrə təhsil alan tələbələr üçün auditoriya şəraitində təhsil mütləqdir.
...Tibb tələbələrini evlərinə yaxın olan poliklinika və xəstəxanalara cəlb edib onlarla praktik dərslər keçmək olar
"Ev məktəbləri" (Home School) layihəsi üzərində işlədiyini vurğulayan K.Əsədov hesab edir ki, karantin rejimi ilə əlaqədar təhsil müəssisələrinə gedə bilməyən tibb tələbələrini evlərinə yaxın olan poliklinika və xəstəxanalara cəlb edib onlarla praktik dərslər keçmək olar. Eyni zamanda pedaqoji ixtisas üzrə təhsil alan tələbələr, müəllimlərin işə qəbul imtahanlarında iştirak edən, lakin müxtəlif səbəblərdən işə qəbul edilməyən şəxsləri lokal dərslərə cəlb etmək olar. Hər bina, hər məhəllə üzrə bir neçə müəllim ayırıb orada yaşayan şagirdlərə dərs keçmələrini təmin etmək olar. Bu zaman həm məktəb müəllimlərinin üzərinə düşən təhsil yükü azalar, həm də məktəbə gəlmək imkanı olmayan şagirdlər üçün təhsil daha əlçatan olar.
...Məktəblilərin davamiyyəti və vahid məktəbli formasında olması məcburi xarakter daşımamalıdır
Sentyabrdan məktəblərin açılmasının zəruriliyini təkrar qeyd edən ekspertin fikrincə, bu, yoluxma sayının artmasına təsir etsə belə profilaktik tədbirlərlə qarşısını almaq və təhlükəni minimuma endirmək mümkündür. Xüsusən də sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir. Eyni zamanda məktəblilərin davamiyyəti və vahid məktəbli formasında olması məcburi xarakter daşımamalıdır. Məktəbli forması almaq üçün şagirdlərin valideynləri ilə birlikdə satış məntəqələrinə getməsi, virus daşıyıcısı olan birinin həmin formaya toxunması uşaqlar arasında virusun yayılma riskini artıra bilər. Davamiyyət məcburi olmadığı üçün dərsdən geri qalmalar olmasın deyə şagirdlərin alternativ təhsilalma formalarından istifadəsinə şərait yaradılmalıdır.
- Növbəli təhsillə bağlı verilən təkliflər, sizcə, nə dərəcədə məqsədəuyğundur?
Bu senariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir. Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir. Bu senarini yanlış hesab edirəm. 6 günlük təhsil müəssisələrində şagirdlər 240 gün dərsə gedir. Hətta bunun fonunda belə bəzən şagirdlərin tədris proqramını çatdıra bilmədiyinin şahidi oluruq. Karantinə görə dərslər həftədə iki dəfə keçirilsə, 68 gün ərzində şagirdlərin tədris proqramını mənimsəməsi absurddur. Ən azından həftədə 3 gün şagirdlərin dərsə getməsi vacibdir.
- Təkliflərdən biri də bəzi fənlərin onlayn keçirilməsi, yalnız əsas fənlərin məktəbdə keçirilməsi ilə bağlıdır...
- Bəli, bu barədə irəli sürülən fikirləri məqsədəuyğun hesab edirəm. Bütün fənlərin məktəbdə keçirilməsi vacib deyil. Yalnız akademik bilik tələb edən fənləri məktəbdə keçib, digər fənlərin isə onlayn tədrisini davam etdirmək olar. Daha çox texniki və təbiət fənlərinin ənənəvi qaydada keçirilməsini təmin edib, humanitar fənləri isə onlayn keçmək olar.
- Yəqin, siz də yuxarı sinif şagirdlərinin dərslərə onlayn davam etməsi tərəfdarısınız?
- Onsuz da 10-cu və 11-ci sinif şagirdlərinin 80 faizinin davamiyyəti çox aşağı idi. Əksəriyyəti hazırlıq kursları və repetitor yanına gedərək imtahanlara hazırlaşdılar. Bu həm də onların potensial daşıyıcı olmaqlarına əsas verirdi. Şəhərin bütün yerlərini gəzdikdən sonra məktəbə gələn şagirdlər məktəblərdə virusun yayılması təhlükəsini daha da aktuallaşdırır. Bu səbəbdən onların dərslərdə onlayn iştirakı məqsədəuyğun hesab edilir.