Məktəblərlə bağlı qərarın uzanması təhlükəsizliyimizə hesablanıb

"Ölkədəki epidemioloji vəziyyəti nəzərə almaqla bağçaların və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini bərpa etmək olar"

Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalsa da, məktəblərin açılıb-açılmayacağı bəlli deyil. Uzun müddətdir bu istiqamətdə müxtəlif  qurumların və ekspertlərin iştirakı ilə müzakirələr aparılır, lakin hələ də  konkret qərar verilməyib. Koronavirusa yoluxanların sayının az olması məktəblərin sentyabrın 15-də açılacağına dair ümidləri artırsa da, dünyanı qorxuya salan ikinci dalğa ehtimalı Azərbaycan cəmiyyətində də xof yaradıb. Valideynlərin əksəriyyəti uşaqlarını məktəbə göndərməyə ehtiyat edir. Ekspertlər isə əksinə, uşaqların təhsildən geri qalmasının arzuolunmaz fəsadlarından  ehtiyatlanır. 

 Əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət də  "Şərq"ə açıqlamasında dövlətimizin və cəmiyyətimizin inkişafı üçün təhsilin  çox önəmli məsələ olduğunu deyib.  Pandemiya səbəbindən təhsil sistemində yaranan durğunluğun mənfi fəsadları olacağına rəğmən  ekspert  deyib ki, bir dövlət üçün əhalinin təhlükəsizliyinin və sağlamlığının təminatı təhsildən daha vacibdir:

"Bu baxımdan insanlarımız bir az daha səbrli olmalı və  tədris sisteminin bərpası ilə bağlı aidiyyəti qurumların verəcəyi qərarı gözləməlidir. Bu məsələnin bu qədər uzanması və geniş müzakirə olunması bizim təhlükəsizliyimizə  hesablanıb. Biz də onların qərarlarına hörmətlə yanaşmalıyıq".  

Təhsil İnstitutu və nazirlik tərəfindən bu  məsələ ilə bağlı ciddi  təkliflər hazırlandığını vurğulayan  əməkdar müəllim  hesab edir ki, aparılan işlərin nəticəsi kimi respublika üzrə orta, ali və məktəbəqədər təhsil ilə bağlı bütün təkliflər hərtərəfli, kompleks şəkildə düşünülüb:
"Biz bilirik ki, pandemiya dövründə virusun yoluxma sayına görə bölgələrimiz  narıncı, sarı və yaşıl zonalara ayrılıb.  Yaşıl zonalarda virus demək olar ki, olmadığına görə orada karantin tətbiq edilməyib. Hazırda bu bölgələrdə həyat öz axarında davam etdiyi üçün təhsilin davamlılığı ilə bağlı bir məhdudiyyət olmayacaq. 

 Narıncı zonalarda isə sərt karantin tədbiq edilən şəhər və rayonlar nəzərdə tutulduğundan orada məktəbəqədər, orta və ali təhsili qarışıq etmək mümkündür. Yəni həm ənənəvi, həm də məsafədən təhsil formasında dərslərə davam etmək olar".
  
A.Həsrətin fikrincə, ölkədəki epidemioloji vəziyyəti nəzərə almaqla bağçaların və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini bərpa etmək olar. Ancaq mütləq şəkildə  qruplarda uşaqların sayına fikir vermək lazımdır:

"Elə valideynlər var ki, bu mərhələdə uşaqlarının bağçaya və ya  məktəbəqədər təhsil müəssisələrinə getməsini istəmir. Övladını nənə-babasının yanında qoymağa daha çox üstünlük verir. Hətta bəzi valideynlər müqavilə imzalamaqla övladının adını məktəbəqədərə yazdırıb, uşaqla evdə məşğul olmaq istəyir. Bağçalara o uşaqlar qəbul olunmalıdır ki, ana işləyir və övladına baxacaq yaxını yoxdur". 

İbtidai sinfə gedən uşaqların ənənəvi təhsilə cəlb olunmasını vacib hesab edən ekspertin fikrincə, təhsilin bu pilləsi üçün  onlayn dərslər o qədər də effektiv nəticə vermir: "Əgər sinifdə 35-40 şagird varsa, onları iki-üç yerə bölməklə müvəqqəti olaraq bütün bunların həlli yolunda bərabər çalışıb, bu problemi aradan qaldırmalıyıq. Məsələn, 1 A - birinci, 1 A - ikinci və 1 A- üçüncü sinif qrupları yaradıb növbə ilə onlara dərs keçmək olar. Sinif müəllimi birinci qrupun dərslərini izah edib, tapşırıqlarını yoxladıqdan sonra onları evə buraxmalı və ikinci qrup ilə məşğul olmalıdır. Əgər bir sinif müəllimi gün ərzində səhər saat 9-dan günorta 13:00-a qədər 30 şagirdə dərs deyirdisə, düzgün vaxt bölümü ilə yenə də eyni proses davam edəcək və vaxt itkisi olmayacaq. İşinin peşəkarı olan hər bir müəllim ibtidai  sinif şagirdləri üçün hansı bilgilərin daha vacib olduğunu bilir. İbtidai  sinif müəllimləri öz proqramlarını təşkil etməklə bu prosesin öhdəsindən məharətlə gələ bilərlər. Kurrikuluma görə, mövzuların deyil, standartların reallaşdırılması önəmlidir. Yəni şagird oxuyub, anlama bacarığına yiyələnməlidir. Müəllim hansı metodika və ya üsuldan istifadə edirsə etsin,  son nəticədə uşaqlara bilik aşılamış olsun. Önəmli olan dərsliyi başdan-ayağa şagirdə əzbərlətmək yox, o dərsliyin mahiyyətini uşaqlara izah etmək və onların qavramasına nail olmaqdır. Müəllimlərimiz oturub gözləyir ki, aidiyyəti qurum konkret qaydalar müəyyən etsin və bunlar da ona uyğun təhsil proqramını tədris etsinlər. Halbuki, müəllimlərimiz də təşəbbüskar olmalı və öz sinifləri, çalışdıqları müəssisənin imkanlarına uyğun təkliflərini verməlidir. Bütün potensialını ortaya  qoyub dərs dediyi şagirdlərinin təhsildən geri qalmaması üçün öz proqramını hazırlamalıdır".

A.Həsrət onu da qeyd edib ki, 5-9-cu sinif şagirdləri isə sırf praktika tələb edən texniki fənləri mənimsəmək üçün məktəbə  gəlməli, qalan dərsləri isə məsafədən keçməlidir:

"Onlayn dərs zamanı hansısa şagirdin mənimsəməsində geriləmə olarsa,  fənn müəllimi məktəb direktoru ilə danışıb mövzunu dərk edə bilməyən şagirdlər üçün əlavə gün  təyin etməli və həmin şagirdlərlə sinifdə məşğul olmalıdır. Yerdə qalan şagirdlər də həmin dərsə onlayn qoşulub öyrəndiklərini təkrar edə bilərlər".