Məktəbəhazırlıq əlavə əziyyət deyil

Bu proses uşaqların məktəbə adaptasiya olmasına xidmət edir

Dünəndən etibarən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib. 
Valideynlər "mektebeqebul.edu.az" elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə  bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq. 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.
Təhsil ekspertləri məktəbəhazırlıq qruplarını kifayət qədər önəmli bir təhsil pilləsi kimi dəyərləndirir. Qeyd edirlər ki, bu qruplarda uşaqlar burada oyunlar oynayacaq, şəkil çəkəcək, rəqəmlərlə tanış olacaq, hərflərin çap şəklini öyrənəcəklər.

 Öyrəndiyi hərflə düzələn sözləri tapacaq, sadə cümlələr quracaqlar. Ən önəmlisi, məktəbi görəcək, mühitə alışacaq, müəllimlərini tanıyacaqlar. Beləcə, ailədən məktəbə keçid edəcəklər.

Valideynlərin böyük bir kəsimi isə əlavə əziyyət kimi dəyərləndirir. Düşünürlər ki, uşaqlar yazıb oxumağı elə dədə-baba qaydası ilə birinci sinifdə öyrənsələr daha yaxşı olar. 

Qeyd edək ki, təlimata uyğun olaraq məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçilir. Gün ərzində 3 məşğələ keçilən qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.



`Təhsil eksperti Nadir İsrafilov da bir çoxları kimi  məktəbəhazırlıq məsələsinin ən vacib və əhəmiyyətli təhsil pilləsindən biri olduğunu deyib:

"Məktəbəhazırlıq məsələsi 2013-cü ildə Prezident tərəfindən təsdiq olunmuş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas hədəflərindən biridir. Bu proses uşaqların məktəbə adaptasiya olmasına xidmət edir.

Bununla bağlı tədris planı var və müəllimlər hazırlıq keçir. Məktəbəqədər hazırlıq müəssisələrinin azlığı səbəbindən, hazırlıq qrupları məktəblərdə paralel olaraq fəaliyyət göstərir”.

Məktəbə hazırlıq qruplarının təhsilin inkişafındakı roluna toxunan ekspertin sözlərinə görə, bu cür əhəmiyyətli addım ancaq və ancaq təhsilin inkişafına xidmət edə bilər:

"Dövrümüzdə bir çox ailənin maddi durumu imkan vermir ki, övladını ödənişli müəssisədə oxutsun. Bu, təkcə məktəbəqədər təhsilə aid deyil. Elə bu gün ali məktəblərin demək olar ki, 70 faizi ödənişlidir. Bu da qismən təhsilə mane olan səbəblərdəndir. Ona görə də dövlətin bu məsələyə diqqəti artırması təhsilin inkişafında böyük rol oynayır”.