Bu, Azərbaycan təhsil sisteminin yaxşılaşdırılmasına xidmət edir
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karaca arasında onlayn görüş keçirilib.
Görüş zamanı BANM ilə İTU arasında tədris, süni intellekt, ikili diplom, qarşılıqlı tələbə və müəllim mübadiləsi və əməkdaşlıq perspektivləri müzakirə edilib. Kompüter mühəndisliyi, birgə akademik proqramların həyata keçirilməsi və Suni İntellekt ixtisasının yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, onlayn tədrisin təşkili istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və dəstək barədə qərar qəbul edilib.
Əldə edilən razılığa əsasən, Bakı Ali Neft Məktəbinin və İstanbul Texnik Universitetinin seçilmiş tələbələri hər iki təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı qazanacaq.
Universitetlərin ikili diplom razılaşması ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Rafiq İsmayılov isə deyib ki, qabaqcıl xarici universitetlərlə əlaqələrin qurulması və möhkəmləndirilməsi Azərbaycan Universitetləri üçün prioritet məsələdir:
"Bu səbəbdən bir çox ali təhsil ocaqları tələbə mübadilə proqramlarında iştiraka xüsusi əhəmiyyət verir, öz tələbələrinin xaricdə 1 yaxud 2 semestr oxumaları, akademik təcrübə keçmələri üçün təşəbbüslərlə çıxış edir.
Müxtəlif ölkələrin universitetləri ilə yerli universitetlərimiz arasında tələbə və müəllim mübadiləsi və birgə əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair təcrübələr çoxdur. Amma seçilmiş tələbələrin hər iki təhsil müəssisəsinin diplomunu alması təcrübəsi ilə rastlaşmamışam. Bildiyim qədər bunun hüquqi bazası da yoxdur.
Hər bir universitetin özünəməxsus tədris proqramı olur və yalnız həmin proqramı sona qədər mənimsəyən tələbələrə diplom verilir. Hansısa bir xarici universitetin professoru bir neçə dəfə mühazirə oxuyub deyə seçilmiş tələbələrə həmin universitetin diplomunun verilməsi şəxsən mənim üçün anlaşılmazdır".
Təhsil eksperti Kamran Əsədov isə deyib ki, ikili diplom birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki universitet tərəfindən rəsmi şəkildə verilən milli diplomdur.
Onun sözlərinə görə, ikili diplomlar rəqabət qabiliyyətini artırır, ali təhsil müəssisəsinin ümumavropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması baxımından əhəmiyyətli bir yenilikdir: "İkili diplom Azərbaycan ali təhsilinin beynəlxalq imici üçün çox vacibdir.
Bizim diplomların xarici ölkələrdə də qəbul edilməsi istiqamətində mühüm addımdır. Azərbaycanda təhsil alan bir çox kadrlar Avropaya işləməyə gedirlər və Azərbaycanda aldıqları diplomun Avropada tanınmaması problemi ilə üzləşirlər.
Bu baxımdan, ikili diplomların tətbiqi olduqca vacibdir. İkincisi, ikili diplomların verilməsində təhsil standartlarının Avropa təhsil sisteminə uyğunlaşdırılması məsələsi də əsas şərt kimi qoyulub. Bu da bilavasitə Azərbaycan təhsil sisteminin yaxşılaşdırılmasına xidmət edir".
Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacib prioritetlərdən olduğunu vurğulayan ekspertin sözlərinə görə, beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir:
"Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir".