"Distant təhsil şagirdə, tələbəyə fayda vermir. Bu, əlacsızlıqdan tətbiq olunan bir sistemdir"
Təhsil müəssisələrinin sentyabrın 15-dən etibarən açılacağı insanlarımızın üzünü güldürdü. Bu qərar özündə bir çox müsbət cəhətləri ehtiva edir çünki. Məktəblərin açılması, ənənəvi tədris prosesinin müəyyən dəyişikliklərlə bərpa edilməsi, uşaq bağçalarının da açıla biləcəyi, hətta metropolitenin də sentyabrın 15-dən fəaliyyətinin bərpa ediləcəyi ehtimalı, normal, günlük həyatımıza qayıdışın çox da uzaqda olmadığından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev modul tipli növbəti xəstəxananın açılışında videoformatda iştirakı zamanı bu məsələyə toxunub və bildirib ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı əsas məsələdir:
“Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik”. Prezident vurğulayıb ki, karantin rejimi müsbət nəticəsini verir və əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarsa, qısa müddət ərzində biz normal, adi həyata qayıda bilərik”. Təhsil müəssisələrinin açılması qərarı da, şübhəsiz ki, koronavirusa yoluxma sayında müsbət tendensiya – sağalanların sayının yoluxma sayını üstələməsinin müşahidə edilməsiylə bağlıdır. Lakin virus təhlükəsi hələ də real olduğundan tədris prosesinin bərpası bir neçə şərt daxilində mümkündür.
Təhsil dövlət siyasətimizin aparıcı xəttidir, vətəndaşların sağlamlığı da həmçinin. Təhsilin inkişafı baxımından ənənəvi tədrisə qayıdılması vacibdir. Bu, ictimai maraqlar, vətəndaş hüquqları baxımından da lazımlıdır. Dərsə getməli olan dərsə, bağçaya getməli olan bağçaya getməli, valideynlər də normal iş rejiminə dönməlidir. Eyni zamanda müəssisələrin açılması heç bir halda yeni yoluxma sayında kəskin artım yaratmasın deyə, tələb olunan qaydalara dəqiqliyilə əməl edilməlidir. Əks halda məktəblər, ali təhsil ocaqları yenidən bağlana bilər, bu da dövlətə əlavə problem və çətinliklər yaradar. Bəs Təhsil Nazirliyi hansı qaydaları təqdim edir?
Məktəblərin açılması həm də cəmiyyətdən gələn mesajdır
Təhsil naziri Emin Əmrullayev COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə bununla bağlı tərtib olunan qaydaları açıqladı. Nazir qeyd etdi ki, ümumi məntiq təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməsindən ibarətdir. Nazir diqqətə çatdırdı ki, Azərbaycanda təhsil müəssisələri sentyabrın 15-də mərhələli şəkildə açılacaq. Sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaq. Bu il ibtidai siniflərdə 650 min şagird təhsil alacaq. Bağçaların da fəaliyyəti bu tarixdə bərpa olunacaq.
Yuxarı sinif şagirdləri isə sentyabrın 15-də onlayn tədrisə başlayacaqlar. Zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflər, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur. Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.
Nazir qeyd edib ki, məktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq. Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq. Məktəbəhazırlıq siniflərində şagird sayı nəzərə alınacaq.
İnternat məktəblərində də tədrisə oktyabrın 1-dən mərhələli şəkildə start veriləcək.
Uşaqlarını məktəbə göndərmək istəməyən valideynlərlə xüsusi razılaşma aparılacaq: “Valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etməlidir. Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyi tərəfindən teledərslər və “Virtual məktəb” layihələri də davam etdiriləcək. Şagird mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, onun birinci yarım il üzrə attestasiyası nəzərə alınsın. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.
Ali məktəblərdə, hələ ki distant təhsilə üstünlük verilir
Ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesinin bu təhsil pilləsində dərslər sentyabrın 15-dən distant formada davam etdiriləcək. Birinci kurslar isə sentyabrın 15-dən qəbul olunduqları ali təhsil müəssisəsinə gələ biləcəklər.
Təhsil naziri məlumat verib ki, pandemiya dövründə təhsil sistemində elektronlaşma və rəqəmsallaşma çox sürətlə gedib: “Aprel və may ayları ərzində 1 milyon şagird, 100 mindən çox müəllim “Virtual məktəb”ə qoşulub. Özəl şirkətlərlə əldə olunan razılaşmaya əsasən 40 min müəllimə internet paketlər təqdim olunub”.
Nazir vurğulayıb ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində xüsusi risk qrupuna daxil olan müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq, həmin müəllimlər digərləri ilə əvəz olunacaqlar: “Belə bir qərar almaqda məqsədimiz müəllimlərimizin sağlamlığının qayğısına qalmaqdır”.
Təhsil naziri deyib ki, pandemiya kəskinləşərsə, məktəblərin bağlanması lokal xarakter daşıyacaq, bütün təhsil müəssisələri yox, kütləvi yoluxmalar olan təhsil müəssisələri bağlanacaq.
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Məktəblinin dostu” layihəsi haqqında məlumat verib. Bildirib ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən bu layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
Məktəblər açılanda “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə xüsusi nəzarət aparılacaq. Layihə əməkdaşları məktəblərdə hərarətin ölçülməsinə, spirtdən istifadəyə və ara məsafənin qorunmasına nəzarət edəcəklər.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov diqqətə çatdırıb ki, “Microsoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunur. Bununla bağlı “Microsoft Teams” şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.
“Elə etməliyik ki, təhsil axsamasın, insanların sağlamlığı da qorunsun”
Məktəblərin hansı şərtlər altında açılmasına təhsil və tədris sahəsində təcrübəyə malik ziyalılar da maraqlı təkliflərlə çıxış edirlər. “Şərq”ə fikirlərini bölüşən Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib ki, Təhsil Nazirliyi ekstremal vəziyyətə uyğun hərəkət etməyə çalışır. Professorun sözlərinə görə, insan sağlığı önəmlidir, amma təhsil də çox vacibdir:
- Elə etməliyik ki, həm təhsil axsamasın, həm də insanların sağlamlığını qoruya bilək. Fikrimcə, orta məktəblərdə mərhələli tədris düzgün koordinasiya olunur. Amma universitetlərlə bağlı təkcə I kursların dərsə əyani getməsi qaneedici deyil. Digər kurslarda təhsil alan tələbələrin dərslərdə əyani iştirakı vacibdir. Distant təhsil, onlayn dərs heç kimi coşdurmasın, vəcdə gətirməsin.
Distant təhsil şagirdə, tələbəyə fayda vermir. Bu, əlacsızlıqdan tətbiq olunan bir sistemdir. Təhsilin öz qaydası var, dərslər canlı olmalıdır. O baxımdan siniflər, auditoriyalar şagird və tələbələrin üzünə nə qədər tez açılarsa, o qədər yaxşıdır. Çalışmaq lazımdır ki, təhlükəsizliyi maksimum gözləmək şərti ilə tələbələr əyani təhsil alsınlar.
Q.Məhərrəmliyə görə, təhsildə könüllülük prinsipi yanlışdır:
- Təhsil məcburidir. Verilən qərar hamı üçün eyni olmalıdır. Könüllü təhsildə dərsə gedən şagird və tələbələrin sayı çox az olacaq. Yəqin ki, gələcəkdə müəyyən korrektələr ediləcək və şagirdlərimiz təhsildən kənarda qalmayacaq.