Buraxılış imtahanları tamam ləğv edilməlidir

Təhsil eksperti millət vəkilinin təklifini bəyəndi

"Biz şagirdlərin ali məktəbə qəbul şansını  artırmalıyıq, azaltmamalıyıq"


Deputat Aqiyə Naxçıvanlı bu tədris ilində buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməyi təklif edib.
Deputat bu təklifi Milli Məclisin iclasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, hazırda yaranmış vəziyyətlə bağlı onlayn təhsilin davam etdirilməsində çox böyük çətinliklər var: “Buna görə də valideynlər tərəfindən mənə belə müraciətlər daxil olur. Mən də bu müraciətləri burada səsləndirirəm. Heç olmasa, bu tədris ilində bu təklif qəbul edilsin”.

Millət vəkilinin səsləndirdiyi təklifi müsbət qarşıladığını deyən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, təhsil alanlar üçün 2020-2021-ci tədris ili həqiqətən də çox çətin olacaq: 

- Xanım millət vəkilinin təklifi yerində və zamanındadır. 2019-cu ildə biz bu təklifi irəli sürmüşdük. Təəssüf ki, təklifə ciddi yanaşılmadı. 2019-cu tədris ilinin ikinci yarısında – 2020-ci ilin martından pandemiya səbəbiylə onlayn tədrisə keçildiyi zaman da biz təklif etdik ki, abituriyentlər üçün qəbul imtahanları çox çətin olacaq. Qəbul imtahanında 600-dən yuxarı, 700 bala yaxın nəticə gözlədiyimiz şagirdlər aşağı bal topladılar. Səbəb də məlumdur. Elə şagirdlər oldu ki, heç sınaq imtahanlarında da iştirak edə bilmədilər. Biz şagirdlərin ali məktəbə qəbul şansını  artırmalıyıq, azaltmamalıyıq. Xanım millət vəkilinin təklifi müsbətdir və vaxtında irəli sürülüb.

Lakin mən təklif edirəm ki, buraxılış imtahanları ümumiyyətlə ləğv edilsin, keçirilməsin, əvəzində qəbul imtahanları 2 dəfə keçirilsin. Abituriyent də sərbəst seçim etsin, hansı imtahanda yüksək nəticə göstəribsə, o göstəricilərlə ixtisas seçimində iştirak etsin. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyin elə də effekti olmayacaq. I və II ixtisas qruplarında riyaziyyat fənnindən imtahan var, qəbul imtahanlarında da var. III ixtisas qrupunda dil və ədəbiyyat fənnindən imtahan var, buraxılış imtahanında da bu fənlər əsasdır. Yəni buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsində yalnız IV ixtisas qrupu üçün təkrarlanmayan fənlərdən söhbət gedə bilər.

Digər qruplarda demək olar təkrarlanan fənlər olacaq. Qabiliyyət imtahanı tələb olunan ixtisaslar üzrə abituriyentlər onsuz da 2 dəfə imtahan verir. Ən doğru və optimal variant bu olar ki, orta məktəbi bitirən hər şagirdə attestat verilsin, ayrıca buraxılış imtahanı olmasın, şagird birbaşa qəbul imtahanına hazırlaşsın və daha yaxşı nəticə əldə edilməsi və qarşıya qoyulan hədəfə çatmaq üçün 2 qəbul imtahanı keçirilsin. 2019-2020-ci tədris ili çox çətin və gərgin oldu. 2020-2021-ci tədris ili də fərqli olmayacaq. Tədris ilinin ilk 2 ayı artıq arxada qalıb, üçüncü ayda da dərslərin başlanması perspektivi görünmür. Mövcud vəziyyətlə əlaqədar şagirdlər demək olar heç nə öyrənməyiblər.

Ona görə də həm Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının ləğvi, qəbul imtahanlarınınsa 2 mərhələdə keçirilməsi üzərində ciddi düşünməlidirlər.