Biz şəhid müəllimlərimizlə də qürur duyuruq, onları yetişdirən müəllimlərlə də
Vətən savaşımızda dünyaya bir millətin necə bütövləşdiyini göstərdik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qələbədə generallar, zabit heyəti, əsgərlərlə yanaşı bütün xalq döyüşdü. Kimisi birbaşa döyüşlərdə, kimisi arxa cəbhədə.
Kimisi əsgərə mənəvi dəstək olmaqla. Qürurverici həm də budur ki, Vətən savaşında müxtəlif peşə sahibləri də hərbi təyinatlılarla eyni cərgədə dayandı. Müəllimlər də həmçinin. Soraqları gəlir indi. Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Facebook”da yazıb. C.Valehov yazıb ki, Rəşad Məmmədov 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 bal toplayıb və Gəncə şəhər 16 saylı tam orta məktəbə tarix müəllimi təyin edilib. Şəhid müəllimlərimizdən biri də Famil Əhmədzadədir. F.Əhmədzadə İsmayıllı şəhər 3 saylı məktəb-liseyin tarix müəllimi olub.
Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Famil müəllim 1997-ci ildən pedaqoji fəaliyyətlə məşğul imiş. Məktəbdə tarix-diyarşünaslıq muzeyinin yaradılması onun adıyla bağlıdır. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə önəm verən şəhid müəllim uşaqların da, müəllimlərin də sevimlisi olmağı bacarmışdı.
Qarabağ torpaqları uğrunda savaşda da Vətənin sevimli övladı olduğunu sübut etdi. Belə müəllimlər fəxr ediləsidi. Kəlbəcərdə məktəb binasını yandıran üzdəniraq məktəb direktorunu şəhid müəllimlərimizlə müqayisə etməyə dəyməz. Sadəcə, insanı heyrət bürüyür ki, özünü pedaqoq sayan, məktəb direktoru olan birisi çalışdığı təhsil ocağını necə oda verə bilir?! Bu müəllimin yetişdirdiyi şagirdlər necə olacaq? Əlbəttə, sual ritorikdir. Erməni müəllimlərinin necə şagird yetişdirdikləri göz önündədir. Bu kimi “müəllimlərin” tərbiyələndirdiyi uşaqlar Kəlbəcərdə, Ağdamda evləri yandıran, təbiətə savaş elan edən, zorla zəbt etdikləri ərazilərdə vəhşiliklər, vandallıq törədən, heç bir maddi-mədəniyyət nümunəsi yarada bilməyən insanlıqdan kənar varlıqlardır.
Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında şəhid müəllimlərimizin vətənpərvərlik və insani dəyərləri öz müəllimlərindən öyrəndiklərini, şagirdlərinə də bunu aşıladıqlarını dedi:
- Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, əsas məsələ həqiqəti düzgün dərk etməkdir. Amma indi biz görürük ki, ermənilər həqiqəti dərk edə bilmir. Elə zənn edirlər ki, başqasının torpağını zəbt etməklə, qırğınlar, soyqırım törətməklə, təbiəti məhv etməklə, daşlara, meşələrə qənim kəsilməkdə haqlıdırlar, doğru iş görürlər.
Onlara deyilir ki, bu sizin torpağınız deyil, məğlub oldunuz, ərazini tərk edin, amma onlar həqiqəti dərk etmir, hətta təbiətlə də savaşırlar. Şəhid müəllimlərimizə gəlincə, belələri çoxdur. Bir neçəsini şəxsən tanıyıram. Lerik rayonunun Hamarmeşə (əvvəllər “30-cu kilometr” kəndi deyilirdi) kənd məktəbinin idman müəllimi Fərrux – soyadını xatırlaya bilmirəm, Vətən müharibəsinə könüllü getdi, yaralıdı, hazırda xəstəxanada müalicə olunur. Belələri çoxdur.
Könüllü gedənlər də var, hərbi mükəlləfiyyətli olduqları üçün səfərbərliyə çağırılanlar da. Bizim müəllimlər vətənpərvərdilər, beynəlmiləldilər. Öz xalqını, millətini sevirlər, başqa xalqlara da hörmətlə yanaşırlar. Amma təcavüzkar, işğalçıya münasibət fərqlidir. Məsələ, Vətənsə, heç kimə güzəşt olmaz. Ona görə də müəllimlərimizin arasında da müharibənin ilk günlərindən orduya yazılanlar, cəbhəyə gedənlər oldu.
Şəhid olan müəllimlər də öz müəllimlərinin yetirmələridir. Deməli, onlara müəllimləri vətənpərvərliyi, insansevərliyi təlqin edib, onları bu istiqamətdə yetişdirib, tərbiyə edib. İnsanın formalaşması 50 faiz valideynin, 50 faiz müəllimin üzərinə düşür. Yəni insanın formalaşmasında valideynlə müəllimin yükü 50-nin 50-yədi. Bərabərdi.
Hesabınızı götürün, bizim müəllimlər necə vətəndaş yetişdiriblər. Həm şəhid müəllimlərimizlə fəxr edir, qürur duyuruq, həm də onları tərbiyə edən müəllimlərlə. Bu cür şərəfli müəllimlərlə məktəbi yandıran müəllim müqayisə oluna bilməz. Bizim müəllimlər insanlığı, erməni müəllimlərsə vəhşiliyi, qəddarlığı tərbiyə edir. Erməni müəllimi bu cür – məktəbə od vuran simasıyla yadda qalacaq, Azərbaycan müəllimi isə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağıyla.