Dərsə girməyən müəllimlər də var
Hamının optimal cavabı hazırdır, internet yoxdur
"Yenə də valideyn narazıdırsa, Təhsil Nazirliyinə, məktəb rəhbərliyinə müraciət etməkdə tam sərbəstdir"
Təkcə şagirdlər deyil, müəllimlərin də dərsə davamiyyəti yoxlanmalıdır. Söhbət əlbəttə ki, onlayn dərslərdən gedir. Hanı o gözəl günlər ki, müəllim dərsə gəlməyən şagirdi qaldırıb bütün sinfin qarşısında sorğu-suala çəkərdi, “niyə gəlməmişdin, xəstəsən “spravka”n hanı?” və sair və ilaxır. Elə bir zamana gəlib çıxdıq ki, nə müəllim şagirddən, nə də müəllimdən kimsə hesab soruşa bilir. Ən optimal cavab hazırdı: internet yoxdur! Dərs buraxan müəllimlərin əlindən yanıqlı valideynlər var. Sosial şəbəkədə yazırlar. “Uşaq 20 dəqiqədi kompüterin qabağındadı, müəllim yoxdu”, “müəllim 10 dəqiqə dərsə “girir, sonra “yoxa çıxır”, yazırlar. Deməli, onlayn dərsləri müəllimlər də “boykot” edir.
Valideynin biri narazılıq edir ki; “17 dəqiqə keçib, hələ də müəllimə yoxdu. Dərs adi qaydada olanda da sumkasını sinfə qoyub gedirmiş söhbət-qiybətə. Qiymətə gələndə də uşaqların qiymətini kəsir... yəni kim necədirsə, adidə olduğu kimi, virtualda da elədir”. O vaxt məktəbimiz təmir olunanda uşaqlar günortadan sonra başqa məktəbdə dərs keçirdi. Fikir verirdim valideynlərə. Kim saat 8-də dərsə gecikirdi, 13:30-da başlayan dərsə də gecikirdilər”.
Cavablar, münasibətlər də da özünü çox gözlətmir:
- Təhsil sıfırdı, repetitordan başqa yolumuz yoxdur.
- 22 dəqiqə keçir. Qrupa da yazırlar, cavab vermir. Hər dəfə belə edir. Heç 10 dəqiqə girmir dərsə.
- Bu tip müəllimləri işdən azad etmək lazımdır, çünki o, təsadüfi adamdır, ondan müəllim olmaz. Təhsil Nazirliyini məlumatlandırmaq lazımdır, qoy ölçü götürsünlər. Faktları toplayın, göndərin TN-ə, ağlı gələcək başına.
- Əvvəlcə məktəb direktoruna deyin, baxmadı, TN-ə. İkisini də cəlb edəcəklər məsuliyyətə.
Başqası yazır:
- Bizim məktəbdə Allaha şükür, hər şey qaydasındadır, direktor birbaşa özü nəzarət edir bütün dərslərə.
- İnsandan asılıdır. Deyirlər virtual dərs pisdir, yalan söhbətdi. Bizim uşaq həm məktəbi, həm də hazırlığı onlayn keçir. Hazırlıq müəllimləri super, ancaq məktəb zay. Deməli, maraq olsa hər şey yaxşı olar.
- Yazmaq lazımdır o müəllimdən, səsinizi çıxarmadıqca, o bildiyini edəcək, dərhal materialları toplayın göndərin TN-ə, daxili nəzarət şöbəsinə.
Bir müəllimsə, and-aman edir:
- Vallah, mən 10 dəqiqə də əvvəldən girib, uşaqların tam yığılmağını gozləyirəm, 2 uşaq girib, yenə çıxmamışam...
Yazılanlardan belə anlaşılır ki, müəllimlər şagirdlərə “qaib” yazdıqları kimi, şagirdlər və ya valideynlər də müəllimlərə “Q” – “gəlmədi” yaza bilər. Bəs dərsləri keçməyən müəllimlərlə əlaqədar şikayət etmək mümkündürmü? Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında bu cür səhlənkar və məsuliyyətsiz müəllimlərlə bağlı Təhsil Nazirliyinə müraciət edilməli olduğunu bildirsə də, “amma müəllimlərin də əsasları ola bilər” söylədi:
- Bilirik ki, internet imkanları heç də həmişə normal deyil. Hətta internetin çox zəif, onlayn dərslərin keçilməsini faktiki qeyri-mümkün etdiyi vaxtlar da olur. Mümkündür ki, müəllimin də interneti olmasın. Bu məsələ artıq şəxsi məsuliyyət hissinə, vəzifəni yerinə yetirmək istəyinə bağlıdır. Müəllim var ki, dərsinin bir dəqiqəsini də boş keçirmir, müəllim də var, internet yoxdur deyə, başqa iş-gücünün ardınca gedir. Ya da interneti bəhanə edir. Məktəb direktorları dərsləri izləyə bilər. Ancaq direktorları da bütün dərsləri izləmək imkanına malik olmurlar. Yenə də valideyn narazıdırsa, Təhsil Nazirliyinə, məktəb rəhbərliyinə müraciət etməkdə tam sərbəstdir.