Tələbələr təhsil kreditini təhsilini bitirdikdən sonra ödəməlidir
Əks təqdirdə qanunun onlara heç bir köməyi dəyməyəcək
“Cənab Prezidentin tapşırığına uyğun olaraq təhsil kreditləri ilə bağlı məsələyə baxılır. Artıq müəyyən sənədlər hazırdır. Formalaşan sənədin işçi qaydada müzakirə edilməsi təklifi olduqca maraqlıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirə edilməsinə ehtiyac var.
“Təhsil kreditləri haqqında” qanunda hansı müddəalar əksini tapmalıdır? Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd edib ki, təhsil kreditləri təhsil haqqının ödənilməsinə dəstək üçün nəzərdə tutulur və bunun dünyada bir çox modelləri var. Məsələn, Türkiyədə tələbə təhsil haqqını ödəmək üçün götürdüyü krediti təhsilini tam başa vurduqdan və işlə təmin edildikdən sonra aşağı faizlə ödəməyə başlayır.
Dünyanın bir çox ölkəsində təhsil krediti verən banklar mövcuddur və onlar aşağı faizlə kreditlər təklif edirlər. Azərbaycan vəziyyət necədir? Ödənişsiz, dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar, müəyyən təbəqəyə mənsub olduqları üçün imtiyazlara sahib tələbələr (valideyn himayəsindən məhrum, şəhid, müharibə əlili ailəsi, qaçqın, köçkün, əlilliyi olan və sair) və heç bir imtiyazı olmayan, lakin təhsil haqqını ödəməkdə çətinlik çəkən imkansız ailələrin övladı tələbələr var. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, 2012-18-ci illərdə - 7 il ərzində 6 min tələbə məhz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub.
Təsəvvür edin, ölkəmiz və əmək bazarı nə qədər kadr itkisinə məruz qalıb. Halbuki, bu tələbələrin təhsil haqlarının ödənməsində onlara yardım olsaydı, ölkəmiz nə qədər ixtisaslı kadr qazanacaqdı.
Hazırda tələbələrin təhsil haqqının ödənməsinə yardım göstərilməsində 3 struktur fəaliyyət göstərir. Biri Maarifçi Kredit Fondudur.
Bu Fond təxminən 200 tələbəyə yardım edə bilir. Digəri Gənclər Fondudur ki, onların yardım imkanları məhduddur. Üçüncüsü, daha real sayıla biləcək struktur isə istehlak krediti verən banklardır.
Bu banklar isə adi istehlak krediti şərtləri ilə işləyir. Bu şərtlərlə aztəminatlı, yaxud imkansız ailələrin tələbə təhsil haqqının ödənməsi üçün kredit götürüb onu ödəməsi mümkün deyil. Gərək hər ay kreditin faizi müəyyən edilmiş vaxtda ödənsin. Buna ailələrin maddi gücü yetmir.
K.Əsədov qeyd etdi ki, “Təhsil kreditləri haqqında” qanunun qəbulu vacibdir:
- Hələ ki, müzakirələr gedir, təkliflər verilir. Qanun qəbul olunacaqsa, dəqiqləşməlidir ki, hansı banklar, hansı şərtlər altında, hansı faiz dərəcəsi ilə təhsil krediti verəcək. Dünyada qəbul olunmuş praktika budur ki, tələbə təhsil krediti təhsil aldığı müddətdə ödəmir, təhsilini bitirdikdən sonra ödəyir. Yəni tələbəyə təhsil alması üçün verilən kredit təhsil müddətində geri alınmır.
Bizdə də belə olmalıdır. Əks halda qanunun tələbələrə heç bir köməyi dəyməyəcək.