Professor 65 yaşına salam dedi

Tofiq müəllimin həyatı, yaşayışı, pedaqoji fəaliyyəti haqqında hər şeyi dəqiqliklə söyləyir

Görkəmli alim, Azərbaycan Dövlət İqtisad Universitetinin  kafedra müdiri, filologiya elmlər doktoru, professor,  “Əməkdar Mədəniyyət İşçisi” Tofiq Əbdüləziz oğlu Əbdülhəsənlinin 65 yaşı tamam olur.  Bir müəllim haqqında danışmaq, yazmaq o zaman çətindir ki, o şəxs həyat yolunu şərəflə, ləyaqətlə özü yazır.

Belə olduqda hansı tərəfdən baxırsan, bax,  qarşında ləyaqət timsalı insan  görəcəksən. İnsanın keçdiyi həyat yolu göz önündə canlanacaq və ora müdaxilə etməyə, nəyisə artırıb, nəyisə əskiltməyə ehtiyac qalmayacaq. Bəzən birisinin doğum gününü təbrik etmək üçün təsirli ifadələr axtarmağa, söz xəzinəsinə baş vurmalı olursan. Tofiq müıllim isə elə bir insandır ki, onu təbrik etmək, haqqında danışmaq üçün söz axtarışına çıxmağa lüzum qalmır. Bu insanın həyatı, yaşayışı, pedaqoji fəaliyyəti haqqında hər şeyi dəqiqliklə söyləyir.   
  


 Tofiq müəllim 1955-ci il dekabrın 30-da Neftçala rаyоnunun Pirəbbə kəndində аnаdаn оlub. 1973-1981-ci illərdə Azərbaycan Dövlət Univеrsitеtinin (indiki Bakı Dövlət Univеrsitеti) filologiya fakültəsində təhsil alıb və ali məktəbi fərqlənmə diplomu ilə bitirərək filoloq, azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. 2000-cı ildə isə Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-1985-ci illərdə istehsalat yönümlü müəssisədə çalışıb. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1985-1990-cı illərdə “Gənclik” nəşriyyatının redaktoru işləyib. 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin mətbu orqanı “Həyat” qəzetində şöbə müdiri olub. 1992-2002-ci illərdə Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1993-cü ildən Azərbaycan Respublikası Prezident Aparatının “Respublika” qəzetində redaksiya müdiri vəzifəsində işləyib. Namizədlik dissertasiya işini müdafiə edərək flologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 2004-cü ildə isə dosent elmi adına layiq görülüb. 2014-cü ildən filologiya elmləri doktoru, professordur.

 1993-cü ildən Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin “Azərbaycan dili” kafedrasında müəllim, bаş müəllim, dоsеnt vəzifələrində çalışıb. Hаzırdа “Azərbaycan dili” kafedrasının müdiridir. 4 mоnоqrаfiyаnın, 5 dərslik, dərs vəsаiti, habelə müasir Azərbaycan dilinin və ədəbiyyatının problemlərinə həsr olunmuş onlarla kitabın və monoqrafiyanın, ölкədə və хаricdə çаp оlunmuş 100-dən аrtıq elmi məqаlənin, həmçinin “Azərbaycan dili” və “İşgüzar Azərbaycan dili” dərsliklərinin müəllifidir. Respublikanın əməkdar mədəniyyət işçisidir. Rəsmi dövlət qəzetlərində 200-dən artıq publisistik məqaləsi dərc olunub.  Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. “Qızıl Qələm”, “Həsən Bəy Zərdabi” və “Araz Ali Ədəbi” mükafatları laureatıdır.

 Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Аiləlidir, üç övlаdı vаr.
Zəngin həyat yoluna, əhəmiyyətli pedaqoji fəaliyyətə  malik, əsl müəllim adına layiq Tofiq müəllimi 65 yaşının tamam olması münasibətilə “Şərq” qəzeti redaksiyası adından təbrik edirikr, uzun ömür, cansağlığı arzu arzulayırıq.