Təklif: "Borçalı türklərinə ödənişsiz təhsil verək”

Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemi illərdir həllsiz qalıb. Bu sahədə pedaqoji kadrların çatışmazlığına dair narahatlıqlar davam edir.   Azərbaycandilli məktəblərdə çalışanların 80 faizi təqaüdçü və ya təqaüd yaşına yaxın olan müəllimlərdir. Xüsusən, Azərbaycan dili və ədəbiyyat müəllimləri azlıq təşkil edir. Azərbaycan dilini tədris edən müəllimlərin sayı az, üstəlik yaşları da 65-dən yuxarı. Bu səbəbdən soydaşlarımız gürcüdilli təhsil müəssisələrinə üz tutmaq məcburiyyətində qalırlar. Tarixçi-alim Kərəm Məmmədov da “Sherg.az”a açıqlamasında bildirib ki, Gürcüstanda olan soydaşlarımız üçün BDU-nun Qazax filialında hər il 25 nəfərlik qrup təşkil edilə bilər. Əks təqdirdə dilimiz tamamilə unudulacaq.

Görəsən, problemin həlli üçün konseptual layihə nəzərdə tutulurmu?



Mövzu ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, oradakı soydaşlarımıza ödənişsiz təhsil verə bilərik:

“Onlar xarici vətəndaş kimi yalnız ödənişli ixtisasları seçə bilirlər, bu da yaxşı hal deyil. Ona görə də soydaşlarımıza Azərbaycan ərazisində pulsuz təhsil almaq imkanı yaratmalıyıq. Həm də Gürcüstan universitetləri nəzdində müəyyən spesifik ixtisaslar üzrə Azərbaycan dilində tədris olmalıdır. 
Üçüncü vacib məqam odur ki, Azərbaycan özü müəyyən proqramlar çərçivəsində 1-2 illik müqavilə ilə könüllü o ərazilərdə işləmək üçün müəllimlər göndərə bilər. Bu addımların atılması çox zəruridir".

K.Əsədov diqqətə çatdırıb ki, əvvəllər Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində kifayət qədər anadilli məktəblər var idi. Son illər həmin məktəblərin sayı kəskin şəkildə azalıb:

“Bu da dövlət qurumlarına gedərkən, gürcü dilinə ehtiyacın olması ilə bağlıdır. Digər səbəb isə azərbaycanlı kadrların ciddi şəkildə çatışmazlığının müşahidə edilməsidir.
Vaxtilə Gürcüstanın bir neçə universitetində azərbaycandilli fakültələr var idi. Azərbaycandilli məktəblərdə kadr ehtiyacını qarşılamaq üçün tələbələri orada yetişdirirdilər”.

Təhsil eksperti sonda əlavə edib ki, təəssüflər olsun , Gürcüstanda bəzi məktəblər qəzalı vəziyyətdədir. Həmin məktəblərin müasir standartlara cavab verə bilməsi üçün Azərbaycan onları öz vəsaiti hesabına təmir edə bilər.

Qeyd edək ki, “Sherg.az” olaraq bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehova müraciət etdik. O, sualımızı Təhsil Nazirliyinə sorğu formasında göndərməyimizi bildirdi.