Nabatəli Qulamoğlu: “Azərbaycan məktəbində hicab geyinməsini uyğun hesab etmirəm”
Əkrəm Həsənov: “Hər hansı bir şəxs hicab geyinirsə, bunu problemə çevirmək lazım deyil”
Artıq illərdir ki, ölkədə hicabla bağlı vəziyyət müzakirə obyektidir. Hazırda qanunvericiliyə əsasən təhsil müəssəsilərində hicaba məhdudiyyətin qoyulması ilə bağlı qərar yoxdur. Lakin son günlər sosial şəbəkələrdə təhsil ocaqlarında hicabın yasaqlanmasına dair fikirlər səsləndirilir. Hicaba qoyula biləcək məhdudiyyətlə razılaşanlar da oldu, bunu sayğısızlıq hesab edənlər də... İbtidai sinif şagirdlərinin hicaba məcbur edildikləri barədə məlumatlar yayılıb. Ümumiyyətlə, qadınların hicabdan istifadə etmə faktına islamdan çox-çox öncə müxtəlif dinlərdə və ölkələrdə rast gəlinir. Azərbaycan isə dünyəvi, tolerant ölkədir deyə əhali arasında fikir müxtəlifliyi yaranır.
Mövzunu “Sherg.az”a şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu aşağı sinif şagirdlərinin məktəblərdə hicab geyinməsinin ürəkaçan hal olmadığını deyib:
“Hicab daşımaq ölkənin mental qanunları və dini durumundan asılıdır. Tutaq ki, ərəb ölkələrində hicab geyinirlər, bu hamı üçün qayda-qanundur. Bizdə milli tolerantlıq var, inanlar müəyyən qədər müasir texnologiyalarla işləyə bilirlər. Məncə, Azərbaycan məktəblərində hicabdan istifadə edilməsi o qədər də uyğun deyil. Ona görə ki, cəmiyyət özü bunu yaxşı qarşılamayacaq. Həmçinin bu məktəbdə disproporsiya (balansın pozulması) yaradır. İnanmıram ki, şagirdlər kütləvi şəkildə hicab daşısınlar. 3-5 nəfər olar, onlar da valideynlərinin təkidi ilə hicab geyimindən istifadə edərlər. Molla Pənah Vaqif deyib ki, çirkinlik üzünü bürüyəndədir.
Azərbaycan məktəbində hicab geyinməsini uyğun hesab etmirəm. Yuxarı sinif şagirdləri öz xoşu ilə hicaba keçibsə, bu, mümkündür. Çünki yuxarı sinif şagirdləri həyatı müəyyən qədər anlayır, hicabın mahiyyətini başa düşürlər”.
“Sherg.az”a danışan fəlsəfə doktoru, ilahiyyatçı Əkrəm Həsənov isə bildirib ki, hicab geyinmək problem yaratmamalıdır:
“Azərbaycan məktəblərində xüsusi geyim forması var. Məktəbli geyim forması standart formada təyin edilib. Lakin dini nöqteyi nəzərindən hər hansı bir şəxs hicab geyinirsə, bunu problemə çevirmək lazım deyil. Ümumiyyətlə, din müasir geyimlərlə vəhdət təşkil etmir. Şəriətə görə dizdən yuxarı geyinmək haram sayılır. Bir məktəbdə 2-3 qız şagird olar ki, hicablı geyimdə olsun. Dini geyimdə olan şagird yenə də, məktəbli formasını geyinməlidir. Birinin başını örtməsi, ayağına qədər geyinməsi problem yaratmamalıdır. Cəmiyyətdə ayrı-seçkilik yarana bilər”.