Təklif:“Məktəbəqədər təhsil müəssisələri agentliyi yaradılsın”



“Konkret  bütün diqqət keyfiyyətin artırılmasına yönəlməlidir”

“Heydər Əliyev Fondu tərəfindən  uşaq bağçaları təmir edilir, yüksək standartlara cavab verir,  lakin idarəetmədə problemlər qalmaqdadır”

“Bağçalarda kənar müdaxilə olmadan istər işə qəbul, istərsə də  uşaqların qeydiyyatı elektron qaydada olmalıdır”



Dövrün tələblərinə uyğun olaraq bir çox insan işdə vaxt keçirməli olur.  Gərgin iş rejimində çalışan şəxslər övladlarını bağçalara əmanət etmək məcburiyyətində qalır. Lakin bəzən bağçalarda xoşagəlməz hallar yaşanır. Məsələn elə, Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın işlədiyi müddətdə 16 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. Müşahidələrə əsasən, belə durumlara daha çox dövlət bağçalarında rast gəlinir. Məhz ona görə də bağçaların İcra hakimiyyəti orqanlarından alınıb, Təhsil Nazirliyinin tabeliyinə verilməsi mütəmadi olaraq gündəmə gəlir. 

Qeyd edək ki, 2011-ci il prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balasından çıxarılaraq İcra hakimiyyətlərinin tabeliyinə verilib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki,  Azərbaycanda kifayət qədər bağça çatışmazlığı var. Onun sözlərinə görə,  bundan sui istifadə edən  bağça müdirləri məhz uşaqların qəbulu zamanı əsassız tələblər irəli sürürlər:

“Hazırda ölkədə 1672 məktəbəqədər müəssisə, uşaq bağçası fəaliyyət göstərir. 123 min uşaq təlim-tərbiyə  prosesinin iştirakçısına çevrilir.  
 Belə ki,  valideynlər bağçaya müraciət edəndə onlara yerin olmadığı deyilir. Amma valideyn övladı üçün pul ödəyəndə uşaqları rahatlıqla qəbul edirlər.  Bağçaların İcra Hakimiyyətinin tabeliyinə keçməsinin əsas səbəbi ondan ibarət idi ki, məktəbəqədər müəssisələrin maddi texniki bazası yaxşılaşdırılsın, kadr potensialının idarə edilməsində çeviklik olsun. Çünki Təhsil Nazirliyinin tabeliyində 5200 qurum var. Bağçaları idarə etmək məsələsində problem yaşanır. Lakin qarşıya qoyulmuş hədəflər özünü doğrultmadı”.

K.Əsədov hesab edir ki,  bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarmağa ehtiyac yoxdur:

 “Ayrıca, məktəbəqədər təhsil müəssisələri agentliyi yaradılmalıdır. Konkret  bütün diqqət keyfiyyətin artırılmasına yönəlməlidir. Heydər Əliyev Fondu tərəfindən  uşaq bağçaları təmir edilir, yüksək standartlara cavab verir,  lakin idarəetmədə problemlər qalmaqdadır. Bağçalarda kənar müdaxilə olmadan istər işə qəbul, istərsə də  uşaqların qeydiyyatı elektron qaydada olmalıdır”.

Təhsil eksperti sonda qeyd edib ki, infrastruktur baxmından dövlət bağçaları daha yaxşı olmasına baxmayaraq, özəl bağçalarda diqqət, qayğı daha yaxşıdır.  Amma idarəetmə, kadr potensialı çox zəifdir.