Distant təhsil gələcəkdə də qüvvədə saxlanılacaq


Attestat və diplomların qiymətləndirilməsi, götürülməsi elektron qaydada mümkün olacaq

Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir. Təhsil Nazirliyindən verilən məlumata görə, sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur. Təzə sistemin ilin sonunadək daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur. Sistemə yeni qoşulan bütün məktəblərin inzibati-idarəetmə və pedaqoji heyəti sistemdən istifadə üzrə təlimlərə cəlb olunurlar.

Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır. Yeni sistem vasitəsi ilə sinif komplektləri, şagird siyahısı, işçilərin siyahısı, tədris planları, dərs cədvəlləri, qiymətləndirmə, davamiyyət göstəriciləri kimi proseslər tamamilə elektronlaşdırılıb. Qeyd edilən bütün məlumatlar elektronlaşdırıldığına görə dinamik hesabatların çıxarılması, prosesə məsafədən real vaxt rejimində nəzarət imkanı yaradılıb. Həmçinin, məktəbin işçi heyəti tərəfindən tədris prosesinin qeydiyyatı ilə bağlı aparılan kargüzarlıq yükü azaldılıb, əlavə insan resursu və vaxt sərfiyyatının qarşısının alınması hədəflənib. Bununla yanaşı, sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında qeyd edib ki, artıq həm təhsil sahəsində, həm də qeyri-təhsil sahələrində elektronlaşma istiqamətində müəyyən addımlar atılır. Ekspert diqqətə çatdırıb ki, bundan sonra daha çox elektron qeydiyyatının aparılmasına üstünlük veriləcək:

 "Bu da birbaşa dövlət başçısı tərəfindən imzalanmış sərəncama əsaslanır. Çünki bütün sənədlərin elektronlaşdırılması üçün müvafiq göstəriş verilib. Gələcəkdə attestat və diplomların qiymətləndirilməsi, götürülməsi elektron qaydada mümkün olacaq. Ona görə də bu proses artıq başladılıb. 

Qeyd edim ki, distant formada təhsil ölkəmizdə artıq bərqərar olunub. Yəni əvvəllər yox idisə, artıq son iki ildə biz bunu müşahidə edirik. Gələcək baxımından da proqnozlaşdırılır ki, distant formalı təhsil müəyyən istiqamətdə saxlanılsın və sırf onlayn qaydada proses həyata keçirilsin. Ona görə də artıq deyərdim ki, bu, sırf ona hesablanmış qərardır".