Çünki onlar olmasa, tələbə adına namizədlərin heç biri bu ölkədə yüksək nəticə göstərə bilməz
“Bu gün kifayət qədər kurslar sınaq imtahanları keçirirlər. Amma biz o imtahanların nəticələrinə cavabdeh deyilik”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, kursların təşkil etdiyi imtahan nəticələri real biliyi əks etdirmir:
“DİM tərəfindən açıq sualları imtahanlarda təklif edirik, onun nəticələrini də ekspertlərimiz təhlil edir. Amma özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir. Kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər”.
Bununla bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzi sədrinin bu fikri özəl sektora qarşı ciddi hörmətsizlikdir:
“Bu gün DİM keçirdiyi qəbul imtahanlarında orta məktəblərin nəticəsinin də özünü doğrultmadığını görür. Amma DİM-in təşkil etdiyi imtahanlarda yaxşı nəticələrinə, cavab kartında düzgün işləmələrinə görə özəl hazırlıq kurslarına və repetitorlara təşəkkür etməlidir. Çünki DİM pandemiya dövründə bir dəfə olsun sınaq imtahanı keçirməyib. Abituriyentlər üçün hər hansı köməkçi vəsaitləri ortaya qoymayıb. Yalnız onlayn sınaqlar keçirib ki, bu da hamı üçün əlçatan deyildi. Amma özəl kurslar epidemioloji vəziyyət zamanı bütün resurslarını hazırlayıblar ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər yüksək nəticə göstərsinlər”.
Ekspert həmçinin vurğulayıb ki, özəl sektor ola bilər ki, DİM-in modelinə uyğun suallar hazırlamasınlar, amma mövzu istiqaməti üzrə bilikləri yoxlayıb, ölçürlər: “Bu o demək deyil ki, kursların keçirdiyi imtahan nəticələri avtomatik olaraq DİM-in təşkil etdiyi materiallarla üst-üstə düşməlidir. Sualların ağırlıq səviyyəsi, mövzu tamamilə fərqlidir. Lakin bu, real biliyi əks etdirmir anlamına gəlmir”.
K.Əsədov diqqətə çatdırıb ki, DİM-in bu tipli çıxışı maraqlar toqquşmasından irəli gəlir:
“Təbii ki, DİM ölkədə imtahan keçirən yeganə qurumdur. Biz onun imtahanlarının obyektivliyinə şübhə etmirik. Amma alternativ daha bir dövlət qurumu olsa, biz mövcud qurumun keyfiyyətini müşahidə edərik. Ümumilikdə isə hazırda hazırlıq kursları, özəl mərkəzlər təhsili dirçəldirlər. İndiki zamanda Təhsil Nazirliyi də, DİM də bilavasitə abituriyentlərə bilik verən insanlara minnətdar olmağa borcludur. Çünki kurslar olmasa, tələbəliyə namizəd olan heç kim bu ölkədə yüksək nəticə görə bilməz. Orta məktəblərin də, TN-in də, universitetlərin də işini özəl kurslar görür. Şahidi olduğumuz nəticələr repetitorlarındır”.