“Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini xanımlar, 29 faizini isə kişi müəllimlər təşkil edir”
“Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən kənarlaşmasına səbəb olur”
Hazırda ölkəmizdə qadın və kişi müəllimlərinin sayı arasında fərqlərin şahidi oluruq. İldən ilə qadın müəllimlər çoxluq təşkil edir. Kişi müəllimlərin sayı isə kəskin şəkildə azalır. Bu da öz növbəsində cəmiyyətimizdə birmənalı qarşılanmır. İnsanların əksəriyyəti bunun kişilərin pedaqoji sahəyə maraq göstərmədiyindən qaynaqlandığını söyləyirlər. Bu, valideynləri narahat edən məsələlərdən biridir.
Bununla bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini xanımlar, 29 faizini isə kişi müəllimlər təşkil edir:
“Əslində rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir.Yəni hazırda təhlükə yalnız təhsilin keyfiyyəti,dərsə davamiyyət deyil, eyni zamanda uşaq xarakterinin formalaşması ilə bağlı da problemlə mövcuddur. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş ali məkətəbə qədər ancaq qadın müəllimlərin, evdə isə analarının təsiri altında formalaşır. Bu da onların xarakterində mənfi effektlə nəticələnir”.
Ekspert etiraf edib ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir:
“1980-ci illərə nəzər salsaq, görərik ki, bu rəqəm 50/50 faizə nisbətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr,Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı.1995-ci ildən sonra ölkədə sabitlik yarandı. Amma müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı. İndiki zamanda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27mini qadın, 3600-ü isə kişidir. Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən kənarlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimlər tədris edirlər”.
Kamran Əsədov həmçinin qeyd edib ki, Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın rayonlarında,kəndlərində qadın müəllimlər yox dərəcəsində idi:
“Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakıdan həmin yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər.Pedaqoq kimi yeni işə başlayan şəxs təbii ki,bu maaşla dolana bilməyəcəyinin fərqindədir. Nəticədə ixtisası üzrə aldığı diplomunu bir kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur”.
K.Əsədov diqqətə çatdırıb ki,dünyanın bir çox inkişaf etmiş ölkəsində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur:
“Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməli deyillər. Bu göstəricini onların kişilərdən xarakter baxımından zəif olmaları və ya aşağı səviyyədə tədris etmələri kimi qəbul etmək düzgün deyil. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki kişilərin sayı qadınların sayından üstündür,bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla,digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki,Sovet hakimiyyəti sosializm,indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi,formalaşdırılmasında xidmətini nəzərə alaraq yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazları saxlanılıb”.
Müsahibimiz hesab edir ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır:
“Bundan başqa, müəllimin əmək haqqının ciddi şəkildə artırılmasına dövlət büdcəsinin vəsaiti imkan vermir. Onda müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq,qaz,su kimi xərclərdən azad edilməlidir ki,aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin.Hazırkı vaxtda müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir. Ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməli, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməli,deputata verilən əmək haqqını müəllim üçün təşkil etməliyik.Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox artırılmalıdır. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.