Adı var, özü yox təhsil tələbə kreditləri... – Şərtlər elə ağırdır ki....


“Fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu, ciddi məhdudiyyətdir”

“Demək kredit almaq üçün əksər tələbə müraciət edə bilməyəcək, çünki 300-dən yuxarı balları olsaydı, elə dövlət sifarişi olan ixtisalara qəbul olunardılar, yəni 300-dən aşağı balı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar”

“Ölkəmizdə  tələbələrə kreditin verilməməsi üçün bütün imkanlar səfərbər edilib”

Təhsil Tələbə Kreditinin(TTK) hansı müddətə verildiyi açıqlanıb.Təhsil nazirinin müavini İdris İsayev bu haqda məlumat verib.Onun sözlərinə görə,TTK-nın verilməsi tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Bu müddət ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbələr  üçün 14-21 il, magistratura səviyyəsində təhsil alanlar üçün 12-18 il,orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbələr  üçünsə 12-19 il ola bilər. 

Qaydaya əsasən,təhsil krediti verilən zaman tələbədən girov və zəmanət tələb olunmur.Tələbənin gələcəkdə krediti qaytarmaması halı müşahidə olunarsa, həmin məbləğ ondan  məhkəmə yolu ilə geri alınacaq. Azərbaycanda təhsil alan əcnəbilərsə bu fürsətdən yararlana bilməyəcəklər. Qeyd edək ki,TTK-nın verilməsi üzrə müraciətlərə bu gündən start verilib.

  Maraqlıdır, tələbə təhsil krediti ilə bağlı qəbul edilmiş yeni qərarlar mövcud durum üçün nə qədər qənaətbəxşdir? Yeni qaydalar tələbələri qane edəcəkmi? 

Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov “Sherg.az”a söyləyib ki, dünya ölkərində bu prosesə 1960-cı illərdən  başlanılıb:

“Hazırda  61 ölkədə tələbə kreditləri verilir. Ən çətin təhsil kredilərinin verilmə şərtləri Azərbaycandadır. Əvvəla tələb olunur ki, “www.e-ttkf.edu.az” portalı vasitəsi ilə müraciət edilməlidir. Buna görə “asan login”a malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçünsə  müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına möbil nömrə yoxdursa, o sistemdə qeydiyyatdan keçə bilməz. Deməli, indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir. Şərtə görə “www.e-ttkf.edu.az” portalında müraciət etmək üçün notarial qaydada təsdiq edilən arayış alınmalıdır. Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir-neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? 

Niyə bizim tələbələri qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur?”.

Ekspert növbəti problemli məqamın  tələbələrin topladığı balla əlaqəli olduğunu bildirib:

 “Fond tələb edir ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Bu, ciddi məhdudiyyətdir. Gəlin rəqəmlərə baxaq: I qrup üzrə 9866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7137 nəfər 300 dən çox bal toplayıb. Amma I qrupda 10112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul oluna biliblər. II qrupda 5346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3568 nəfəri 300 balı keçib. Lakin burada da 4230 plan yeri dövlət sifarişli, yəni ödənişsiz ixtisas var və II qrup üzrə tələbələr 250 balla ödənişsiz ixtisaslara qəbul ola bilərlər. Demək kredit almaq üçün əksər tələbə müraciət edə bilməyəcək, çünki 300-dən yuxarı balları olsaydı, elə dövlət sifarişi olan ixtisalara qəbul olunardılar, yəni 300-dən aşağı balı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar”.

Təklif edilən kredit faizlərinin  hədsiz dərəcədə yüksək olduğunu bildirən ekspert, standart kredit üçün 6 faizin tələb edilməsinin  kreditin əlçatanlılığına ciddi maneə törətdiyini diqqətə çatdırıb:

“Bu sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Belə olduqda kredit götürülməsi üçün müraciətlər azalacaq. Diqqət edək, kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər, qiyabi təhsil alan tələbələrsə, müraciət edə bilməzlər.Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər işsiz tələbələrə kredit vermək olmazdı? Tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. Tələbənin kəsrinin olması normal bir şeydir. Təbii ki, bu tələbələr yüksək elmi potensiala malik olsaydılar, ödənişli əsaslarla təhsil almazdılar”.

 K.Əsədov  bu sahədə dünya praktikasından danışıb:

 “Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. 3 növ kredit mövcuddur: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniya, Fransa, Böyük Britaniya və Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir.Həmçinin universitetlərin özləri də kredit ayırırlar.Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün kreditlərin qaytarılmasında çətinlik yaranmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa, təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə kredit faizləri yalnız texniki xərcləri örtəcək həcmdə yəni 1-2 faizdir”.

Təhsil eksperti mövcud şərtlərlə verilən tələbə kreditlərinin ölkə konstitusiyasının tələblərinə də zidd olduğunu , konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlətin zəmanət verdiyini söyləyib. Sonda ölkəmizdə  tələbələrə kreditin verilməməsi üçün bütün imkanların səfərbər edildiyini əlavə edib.