Əziz valideynlər, övladınızı siz yox, o "ekranlar" böyüdür - EKSPERTDƏN ÇAĞIRIŞ

"Uşağa telefon vermək onu müasir etmir, onu tənhalığa və ünsiyyətsizliyə məhkum edir" 

Son zamanlar məktəbəqədər hazırlıq və bağça yaşlı uşaqlarda dəhşətli bir tendensiya müşahidə edirik. Uşaq öz ana dilində iki cümləni yan-yana gətirib dərdi izah edə bilmir, amma telefonun kodunu açmağı, videoları sürüşdürməyi, TikTok-da trendləri tapmağı "su kimi" bilir. Bu, qətiyyən texnoloji savad deyil, bu, rəqəmsal bir fəlakətdir! 

Bu sözləri Sherg.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti  Əmrah Həsənli deyib. Valideynlərin övladlarını texnologiya ilə sakitləşdirdiyini iddia edən ekspert bildirib ki, restoranlarda, evlərdə valideynlər rahat otursun, uşaq "səsini kəsib" yeməyini yesin deyə uşağın əlinə telefon verirlər:

"İstirahət etmək üçün övladlarının beyin inkişafını iflic edirlər! Saniyədə beş kadr dəyişən rəngli videolara alışan beyin üçün müəllimin sinifdəki sakit izahı və ya kitabın səhifəsi "ölüm darıxdırıcılığıdır". Bu uşaqlar məktəbə gələndə 5 dəqiqə bir yerə fokuslana bilmirlər, çünki beyinləri artıq sürətli və ucuz dopamin asılısı olub. 

Əziz valideynlər, övladınızın tərbiyəsini tanımadığınız bloggerlərə, nəzarətsiz kontentlərə həvalə edirsiniz, sonra da "bu uşaq niyə belə aqressivdir, niyə sözə baxmır?" deyə sual verirsiniz. Çünki onu siz yox, o "ekranlar" böyüdür! Valideynlərə səslənirəm: Uşağa telefon vermək onu müasir etmir, onu tənhalığa və ünsiyyətsizliyə məhkum edir". 

Ə. Həsənlinin sözlərinə görə, bağça yaşında nitqi inkişaf etməli olan uşaq planşet qarşısında "zombi" kimi oturmamalıdır: "İndi o telefonu uşağın əlindən alın. Qoy ağlasın, qoy etiraz etsin, amma sizinlə danışsın. Unutmayın, uşağın ehtiyacı olan "wi-fi" deyil, valideynin diqqəti və canlı ünsiyyətidir!"