“Əmək bazarında belə ixtisaslara tələbat qalmayıb”
“Yeni ixtisasların yaradılması daha çox informasiya texnologiyaları yönümlü olmalıdır”
Ali təhsil müəssisələrində yeni ixtisaslar olmalıdır. Bu barədə təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, bakalavr pilləsinə bacarıq sahələri gətirilməlidir:
“Bundan sonra artıq ixtisasları sıradan çıxarmaq olar. Hər il peşə sahəsi üzrə yeni bir ixtisasların olmasını doğru hesab etmirəm. Öyrənmədə zəruri şərt keyfiyyətin qiymətləndirilməsi mexanizmlərinin olmasıdır. İtirilmiş öyrənmə məsələsinə gəldikdə isə, bu, daha çox itirilmiş inkişafdır. İtirilmiş öyrənmə yalnız bilik və bacarıq deyil. Əsas məsələ ondan ibarətdir ki, pandemiya dövründə qapalı və ev şəraitində qalmaq təhsilalanların mənimsəmə bacarığına mənfi təsir göstərə bilər. Bu səbəbdən şagirdlərin canlı ünsiyyətə sövq edilməsi labüddür".
Təkliflə bağlı “Sherg.az” a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda universitet və kolleclərdəki ixtisasların bir neçəsi mövcud dövrün tələblərinə uyğun deyil:
“Biz artıq həmin ixtixsaslarla “sağollaşmalıyıq”. Əmək bazarında belə ixtisaslara tələbat qalmayıb. Yeni ixtisasların yaradılması daha çox informasiya texnologiyaları yönümlü olmalıdır. Dünya praktikasına nəzər yetirsək, görərik ki, universitetlərdə müasir dövrün tələblərinə uyğun ixtisaslara daha çox yer ayrılır. Nəticələr də uğurludur. Bunlara daha çox yeniliklər etmiş ölkələri Şərq, Yaponiya, Cənubi Koreyanı misal göstərmək olar. Ölkəmizdə isə təzə -təzə texnologiyaya yönümlü ixtisaslar yaradılır. Məsələn, kosmik texnologiya ilə bağlı ötən il bir neçə ixtisas yaradılıb. Halbuki bu vaxta qədər yaradılmalı idi. Tələbələrin az sayda müraciət etdiyi ixtisaslar mövcuddur. Düzdür, həmin ixtisaslara ehtiyac var, amma çox deyil. Belə ixtisasların plan yerlərini azaldıb, yerinə digərlərinin plan yerlərini artırmaq daha məqsədəuyğundur. Məsələn, dağ mədən mühəndisliyi, materiallar mühəndisliyi ixtisaslarında 150-200 nəfər yox, cəmi 35-40 qəbul etmək olar. Qalanlarında isə 100 yox, 200 plan yeri yaratmaq məqbuldur. Bu sahədə görünür ki, islahatlara böyük ehtiyac var”.
E.Əfəndi vurğulayıb ki, Emin Əmrullayevin bu vaxta qədər təhsil naziri kimi fəaliyyətində hər hansı uğurlu təklifin şahidi olmayıb:
“Yalnız tələbə təhsil krediti ilə bağlı verilmiş qərardır. Düşünürəm ki, bu, Emin bəyin təşəbbüsü ilə gerçəkləşmədi. Birbaşa dövlət başçısının verdiyi sərəncamdan irəli gələn bir addımdır. İndiki mövqedə belə fikirlər səsləndirirsə, bundan sonra hər halda bu addımın atılması üçün səy göstərər”.