Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) oktyabrın 4-dən bu günə qədər Bakı şəhəri və regionlarda yerləşən 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib. Agentlikdən verilən məlumata əsasən, yoxlamalar zamanı 205 bağçada 1 236 nöqsan aşkar edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülüb.
Bildirilib ki, AQTA ölkə üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində monitorinqi davam etdirir:
“Bu ilin oktyabrın 4-dən başlayan yoxlamalar çərçivəsində məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinin qiymətləndirilməsi məsələlərinə baxılıb. Həmçinin yeyinti məhsullarının tədarükü, saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl olunması yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən bağçalarda yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilib”.
Məlum hadisə bağçların yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını gündəmə gətirib.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da bildirib ki, Misir Mərdanovu vəzifədən azad etmək üçün uşaq bağçalarını Təhsil Nazirliyinin (TN)səlahiyyətindən çıxardılar:
“Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) pedaqoji fəaliyyətlə məşğul olmayan bir qurumdur. Siyasi idarədir. Bir çox ekspert, həmçinin vaxtilə M.Mərdanovla arası olmayan adamlar daim təsir edirdilər ki, yeyintiləri keçmiş nazir təşkil edir. Sabiq təhsil naziri M.Mərdanov da açıq-aşkar çıxışında deyib ki, orta məktəblərdə, bağçalarda rüşvəti təşkil edən icra hakimiyyətləridir. Ondan sonra naziri istefaya göndəriblər. Yemək təchizatını o vaxt da BŞİH təşkil edib. Amma faktiki olaraq nəzarət TN-nin əlində idi”.
Ekspert bunu da əlavə edib ki, icra hakimiyyətlərinin rüşvət praktikası var:
“Nə qədər ki, uşaq bağçaları onların əlindədir, bu praktika belə də davam edəcək.
Hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə verilməsi vəziyyəti tam olmasa da, qismən dəyişəcək. Müəyyən qədər qayda-qanun yaranacaq.
Təhsil N azirliyi digər qurumlara nisbətən rüşvətə az qurşanıb. Uşaq bağçalarının icra hakimiyyətinə verilməsi üzərində hazırki deputat Etibar Əliyev insanların adından məqalələr yazıb. Yazılarındakı çıxışında “TN uşaq bağçalarını yeyib-dağıdır.
Ona görə də bunu BŞİH-ə vermək lazımdır”, deyə bildirib. Yaxşı indi bağçalardakı arzuolunmaz halları kimlər yaradır?!”.