Təhsil nazirinin selfisi gündəm oldu

Bəyənənlər çoxdur, amma fərqli yorumlar da var

   Təhsil naziri Emin Əmrullayevin Lənkəran rayonu Jidi kənd orta məktəbini ziyarət etməsi, sosial şəbəkələrdəki videolarıyla məşhurlaşan Leyla müəlliməylə, şagirdlərlə görüşməsi, selfi çəkdirməsi günün müzakirə mövzularından oldu. Həm də müsbət mənada. Bəlkə də ilk dəfədir ki, Təhsil naziri Emin Əmrullayevin addımı cəmiyyətdə yekdilliklə müsbət qarşılanıb.  Doğrudur, yarı-zarafat, yarı-gerçək yanaşmalar da var.  Əvvəlcə onu deyək ki, nazir özü görüş barədə feysbukda paylaşım edib, fotolar da yerləşdirib: 

“Bu gün Lənkəran rayonu Jidi kənd ümumi orta məktəbində Leyla müəllimə ilə görüşdük. Leyla müəllimə sosial şəbəkələrdə şagirdləri ilə paylaşdığı ürəkaçan videolarla yadımızda qalıb. Onun timsalında ucqar kənd məktəblərində şagirdləri təhsilə həvəsləndirən bütün müəllimlərimizə minnətdarlığımı bildirirəm”. 

Nazirin paylaşımı, təbii ki, gündəmə çevrilib. Təkrar paylaşımlar, bəyənmələr və rəylər də özünü çox gözlətməyib. Bir neçəsinə diqqət edək:  

Həbibə Abdulla: Emin müəllimlə ulduzumuz barışmasa da, onun bir direktorun və bir QHT rəhbərinin (VMA) əlində əsir-yesir qaldığını düşünsəm də, bu addımını təqdir edirəm! Təhsil nazirinin həmişə müəllimin tərəfində olduğunu da daim qeyd edirəm və bəyənirəm. Bu addım müəllimlər üçün böyük stimuldur...
Rövşən Toğrul: Bu adama imkan versələr vallah normal işləyər.
Pərvanə İbrahimova: Hamı çox səmimidir... #Təhsil naziri videoları ilə tanınan Leyla  Qarazadə ilə görüşüb. 

Səbuhi Məmmədov:  Direktor bu qızı işdən çıxaracaq sonucda…

Pərvin Abbasov: Səbuhi Məmmədov,  bəli, tamamilə haqlısız. Bu müəllimi tezliklə gözümçıxdıya salacaqlar, elə edəcəklər ki, özü çıxsın.
Səbuhi Məmmədov:  Bəli, ehtimal çoxdur, gözümçıxdıya salacaqlar. 
Fatimə Şirinova Hüseynova: Artıq sosial şəbəkələrdə paxıl güruh başlayıb kinini qusmağa.
Kamran Əsədov: Möhtəşəm! 
Maqsud Mərdiyev: Sadə və səmimi NAZİR. Bəziləri neqativlərlə doldurmasa, yaxşıdır.
Lalə Qasımlı: Möhtəşəm olan nədir?
Kamran Əsədov: Lalə Qasımlı, nazirin sadə və səmimiliyi.
Lalə Qasımlı: Kamran Əsədov, bu sadəliyi və səmimiliyin olduğu kimi qalmasına çalışmaq lazımdır o zaman. İnanmıram ki, nazir buna qeyri-adi bir hal kimi baxsın və bunun belə təqdimindən razı qalsın..
Zülfüqar Hilaloğlu Kəlbiyev: Sadəlik olub təhsildə vəziyyət dəyişəcək?..

Hazırladı: Məlahət Rzayeva