Ancaq bir problem var, şəhərin nəqliyyat strukturu ciddi maneələr törədir
Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq.
Bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilir.
Belə ki, qanun layihəsi təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şəraitin yaradılmasının təmin edilməsi məqsədini daşıyır.
Təhsil eksperti Kamran Əsədovun “Şərq”ə açıqlamasına görə, sağlamlıq imkanları məhdud şagird və tələbələrin rastlaşdığı bir çox problemlər inklüziv cəmiyyətin yaranmasına və ümumiyyətlə, təhsilli əhalinin yetişməsinə ciddi əngəllər törədir.
Yəni müyəssər infrastrukturun olmadığı bir şəraitdə təhsillə bağlı proqramlar heç bir ciddi effekt verə bilməz. Hazırkı nəqliyyat strukturu və küçələrin, yolların quruluşu sağlamlığı məhdud şəxslərin müstəqil hərəkətinə ciddi maneələr törədir. Hətta dövlət qurumları, təhsil müəssisələri və şirkətlərin bir çoxunun binası da müyəssərlik cəhətdən geri qalırlar:
“Qonşu Türkiyənin və inkişaf etmiş Britaniyanın bu sahədəki işi ölkəmiz üçün nümunə sayıla bilər. Hər iki ölkədə sağlamlıq imkanları məhdud şəxslərə əlavə imtahan müddəti verilməklə yanaşı, onlar ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər. Ali təhsil müəssisəsinə qəbul olan tələbə isə nə dövlət, nə də universitetdən heç bir maddi dəstək alır. Belə dəstəyin olmaması qaçılmaz olaraq aşağı təminatlı ailələrdən gələn tələbələrin yolunu bağlayır. Təhsil haqqından başqa təhsillə bağlı dəstəkləyici texnoloji avadanlıqların da alınmasını vacib hesab etsək, o zaman tələbənin nə qədər maddi çətinlik çəkdiyini başa düşə bilərik.
Britaniyada şagirdlərin təxminən 18 faizi bu və ya digər formada sağlamlıq imkanlarının məhdudiyyətindən əziyyət çəkir. Güclü təhsil sistemi ilə ad çıxarmağına baxmayaraq, Britaniyada da sağlamlıq imkanları məhdud şəxslərin nəzərə çarpacaq dərəcədə qismi ya yalnız orta məktəb təhsilinə sahibdirlər, ya da heç bir təhsilləri yoxdur. Aparılan araşdırmalara görə, sağlamlıq imkanları məhdud insanların təxminən 30 faizi heç bir təhsil dərəcəsinə sahib deyildir”.
Hazırda Azərbaycanda da təhsil sistemində inklüziv təhsil sisteminin mövcud olmadığını vurğulayan ekspertin fikrincə, sağlamlıq imkanları məhdud şəxslər xüsusi təhsil ocaqlarında təhsil alırlar:
“Lakin sevindirici haldır ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planında yaxın gələcəkdə (2015-2023) məktəbəqədər və ümumi təhsil müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Effektiv təhsilin və dolğun inkluziyanın təmin edilməsinin başlıca yollarından bir neçəsi infrastrukturun müyəssərliyi, sağlamlıq imkanları məhdud şəxslər üçün adekvat vasitələrin təminatı və sağlamlıq imkanları məhdud şəxslərə uyğun tədris materiallarının hazırlanmasıdır. Estoniyada olduğu kimi, Azərbaycanda da məktəblərin xüsusi ehtiyacları olan şagirdlər üçün proqram hazırlaması və bu məsələyə məsul koordinator təşkil etməsini təklif edirik. Bundan başqa, sağlamlıq imkanları məhdud şəxslər üçün fərdiləşdirilmiş adekvat kurrikulumların hazırlanaraq həm xüsusi təhsil ocaqlarında, həm də normal məktəblərdə tətbiq edilməsi inklüziv təhsilin inkişafına dəstək ola bilər.
Görmə qüsuru olan uşaqlar üçün xüsusi məktəblərin təcrübələrinin öyrənilməsi göstərdi ki, xarici dilin öyrənilməsi zamanı şagirdlərlə tədrisə xüsusi metodiki yanaşma korrektiv-pedaqoji işin müasir təşkili sahəsi az işlənib hazırlanıb.
Sağlam uşaqlarla inkişaf qüsurları olan uşaqların bir yerdə təhsil almasına dair mübahisələr indiyədək səngimək bilmir. Əlil uşağın uşaq bağçasında kollektivlə konfliktdən yayınmasına və təhsil proqramının öhdəsindən gəlməsinə necə kömək etmək olar, necə etmək olar ki, o, dərslərdə yorulmasın və özünə inamını itirməsin. Hər bir uşağın təhsil hüququ var. Səhiyyə və təhsil orqanları onu məhdudlaşdırmır. Bu prosesdən hər iki tərəf udur. Bununla yanaşı, hələ bilinmir hansı tərəf daha çox qazanır – buna daha çox ehtiyacı olan əlil uşaq, yoxsa xeyirxahlıq və tolerantlıq dərsləri keçən adi uşaqlar”.