Əksəriyyəti dəftərxana işi ilə məşğul olur, direktorlara çay daşıyırlar
"Şagirdlərlə daha çox testlər üzərindən işləməliyik və onların sosial, psixoloji vəziyyətləri müəyyənləşməlidir. İndividual yanaşma tətbiq olunsa, ən azından xoşagəlməz hallar azalar"
Təhsil naziri Emin Əmrullayev Gəncədə məktəbli qızlar arasında baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.
Təhsil sisteminin böyük olduğunu xatırladan nazir deyib ki, tez-tez bu tipli münaqişələrə, xoşagəlməz hallara rast gəlinir və yəqin ki, gələcəkdə də belə halların olması istisna deyil: “Düşünürəm ki, bu tipli xoşagəlməz hallar daha çox ümumtəhsil müəssisəsi səviyyəsində həll edilməlidir. Digər aidiyyəti dövlət qurumlarının da bu məsələyə cəlb olunmasına ehtiyac var. Konkret hadisə azyaşlılar arasında baş verib. Azyaşlılarla xüsusi ilə tərbiyəçilər, psixoloqlar və aidiyyəti dövlət qurumlarının əməkdaşları, müvafiq şəxslər işləməlidir”.
Qeyd edək ki, məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərinin öhdəsindən gələ bilmirlər. Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir. Təhsil ekspertləri və müəllimlərin fikrincə, məktəblərdə psixoloqların saylarının az olması vəziyyəti daha da çətinləşdirir.
Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, orta məktəblərdə çalışan psixoloqlar öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğul olur, direktorlara çay daşıyırlar. Təbii ki, bu, hamısına aid deyil. Məktəblərdə öz işini bilən psixoloqlar var. Amma onlar barmaqla sayıla biləcək qədərdir: “Müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib olan ştatlardan biridir. Bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir.
Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar, bıçaqlaşmalar artır. Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. İnternet və sosial şəbəkənin uşaqların həyatına sürətlə inteqrasiyası psixoloqların rolunu bir qədər də artırmalıdır. Açığı deyim ki, mən heç bir orta məktəbin sosial şəbəkədəki səhifələrində psixoloji dəstək məqalələri və testlər görmürəm.
Psixoloji konsultasiyalar mövzusunda hər hansı fəaliyyət gözə dəymir. Bunlar çox ciddi məsələlərdir və diqqətdən kənarda qalmamalıdır. Burada digər problem odur ki, 100 şagirdi olan məktəbin də bir psixoloqu var, 1000-3000 şagirdi olan məktəblərin də. İlk növbədə psixoloq ştatının sayı artırılmalıdır.
Həmçinin məsuliyyət olmalıdır. Təəssüf ki, bəzi məktəb psixoloqları qeyri-ixtisas sahədən gəliblər. 6 aylıq kurs bitirərək bu ştata qəbul olunurlar. Onların özlərinin belə psixoloji gərginlikləri olur. Məktəb psixoloqlarının hansı tələblərə cavab verməsi müəyyənləşdirilməlidir. Bu tələblərdən irəli gələrək məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqram işlənilməli, hazırlanmalıdır.
Hesab edirəm ki, şagirdlərlə daha çox testlər üzərindən işləməliyik və onların sosial, psixoloji vəziyyətləri müəyyənləşməlidir. İndividual yanaşma tətbiq olunsa, ən azından xoşagəlməz hallar azalar. Şagirdlərin yetkinlik dövrü mütləq nəzərə alınmalıdır".