Təhsil eksperti millət vəkilinin təklifini yüksək qiymətləndirib
"Bu hal baş verərsə gənclərin kütləvi şəkildə peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq"
Milli Məclisin dünənki iclasında deputat Etibar Əliyev peşə təhsil müəssisələrində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilməsini təklif edib.
Deputat bildirib ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbi xidmətə çağırırlar. Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər: “Təhsil Nazirliyi yanında Peşə Agentliyi yarandıqdan sonra peşə təhsilinin inkişafına müəyyən təkan verdi. Lakin bir müddət sonra durğunluq yarandı. Altı il ərzində Agentliyin 5 direktoru dəyişib. Bu, idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinifdə olan 92673 şagirddən 23650 nəfər 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?”.
Təhsil eksperti Kamran Əsədovun fikrincə, peşə təhsili alanlara təklif edilən həqiqi hərbi xidmətdən möhlət hüququ verilərsə, peşə təhsili alan tələbələrin fasiləsiz təhsil alma hüququ təmin olunacaq.
O, texniki peşə təhsilinin bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial-mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin etdiyini bildirib: “Peşə təhsili üçün təklif edilən dəyişikliyin qəbulu müsbət nəticələr verə bilər. Peşəyönümlü ixtisaslar ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Ona görə, hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bu təhsildə qırılma olmayacaq. Bu da müxtəlif peşə üzrə yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması deməkdir”.
Qərb hökumətlərinin peşə məktəblərinin inkişafı üçün hər cür şərait yaratdığını deyən K.Əsədov Avropada hər il yeniyetmələrin 20-25 faizinin peşə təhsilinə yönəldiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda bu rəqəm 10 faizin altındadır: “Müasir Azərbaycan gənclərinin peşə təhsili müəssisələrini seçməməsinin bir səbəbi də onların təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilməməsi idi. Bu pillədə təhsil alanlara da möhlət hüququnun verilməsi gənclərin kütləvi şəkildə peşə təhsilinə yönəlməsinə gətirib çıxaracaq”.