Son vaxtlar məktəb şagirdlərinə psixoloji təyziq, intihar halları kimi xəbərlərlə təəssüf ki, tez-tez rastlaşırıq. Əslində məktəb direktoru müxtəlif psixoloji xüsusiyyətlərə malik minlərlə şagirdlə qarşılaşır. Yəni, direktor geyimi, yerişi, davranış tərzinə görə uşaqlara nümunə olmalıdır. Lakin ölkəmizdə 6-ci sinif şagirdi məktəb direktoru tərəfindən psixoloji təzyiqə və təhqirə məruz qalıb.
Goranboy rayonu Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışova məktəbli ətəyinin yerinə şalvarla gələn şagirdi dərsdən kənarlaşdırıb.
Bu barədə Bizim.Media-ya şagirdin atası Şəhruz Əsədov məlumat verib.
O, məktəb direktorunun qızı ilə kobud rəftar etdiyini və iki gün ard-arda dərsə buraxmadığından gileylənib:
“Qızın məktəbli ətəyi yararsız hala düşdüyü üçün şalvarla getməli olub. Direktorun “niyə ətək geyinməmisən” sualına qızım “yoxumdur” deyə cavab verib. O, isə qızımı sinif yoldaşlarının yanında aşağılayaraq, “yoxundur, get qonşudan al, ya da nənənin “ştanı”nı geyin” deyə cavab verib və onu dərsdən çıxararaq evə göndərib. Mən direktora zəng edib, “imkanım yoxdur, ay sonunda maaş alanda uşağa yeni geyim alacağam, niyə elə biabırçılıq edirsiniz?” dedim. O, isə “bəli demişəm, uşağına ətək alarsan, sonra məktəbə gələr” cavabını verdi. Bu gün qızım yenə dərsə gedəndə direktor tərəfindən məktəbə buraxılmayıb”.
Ata uşağına psixoloji travma yaşadan, onu dərsdən yayındıran direktor barədə tədbir görülməsini istəyir.
Goranboy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Kifayət Rzayeva açıqlamasında məsələdən xəbərdar olduğunu, direktor və valideyndən izahat aldıqlarını deyib.
Məktəb rəhbərinin davranışını "Sherg.az"a dəyərləndirən təhsil eksperti Elşən Ramizoğlunun fikrincə, direktorların bir çoxu özlərini ağa kimi aparır, elə bilirlər qarşısındakılar qul, nökərdir:
"Bilirsiniz bundan əvvəl direktorun səs yazısı yayılmışdı. Müəllimləri geyimlərinə görə, təhdid edirdi. Sonra ona xəbərdarlıq olundu.
Təsəvvür edirsiniz, müəllimləri təhqirlə hədələdi, sadəcə xəbərdarlıq aldı. Xəbərdarlıq intizam tənbehi belə sayılmır.
Goranboydakı məsələdən agaham.
Ümumiyyətlə, qız şagirdlərimizin məktəbə şalvarda gəlməsinə qarşıyam. Ancaq şagirdə irad tutmağın da bir həddi var.
Qul dövranı gedib, bitib, yoxdur artıq elə bir yanaşma. Əksəriyyət direktorların arxalandığı kimsə olur. Barmaqla sayılacaq qədər direktor var ki, "kiminsə adamı" deyil. Ona görə də belə hallar tez-tez yaşanır. Geyimə irad tutacam deyə, məsələni bu vəziyyətə gətirmək, şagirdə qarşı anlamsız hərəkət yolverilməzdir. Ancaq cəza tətbiqi yox səviyyəsindədir.
Aiddiyyəti şəxslərdən də soruşmaq lazımdır ki, qanun niyə arxasız təhsil işçiləri olanda yada düşür?
Nazirlər Kabineti tərəfindən dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiqlənib, ancaq 2022-2023-cü tədris ilindən reallaşacaq. Yəni hələ tətbiq edilməyib".