Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Kürdəxanı qəsəbəsində istifadəyə verilən məktəb "Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı çərçivəsində inşa edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən olan bu proqram 2005-ci ildən həyata keçirilir. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır.
Təhsil eksperti Kamran Əsədovun "Şərq"ə açıqlamasına görə, ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır:
"Azərbaycanda təhsil infrastrukturunun təkmilləşdirilməsi, ən ucqar bölgələr də daxil olmaqla təhsil müəssisələrinin əsaslı şəkildə bərpası və yenidən qurulması alqışalayiqdir. Bu, eyni zamanda respublikamızda təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin uğurlarından biridir.
Təhsil infrastrukturunun yenilənməsi də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Məktəblərin maddi-texniki bazasının bütövlükdə müasir tələblər səviyyəsinə çatdırılması məqsədilə onların təlim keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən tədris laboratoriyaları, kitabxana və idman infrastrukturu ilə təmin olunması istiqamətində də ciddi addımlar atılıb".
Rəsmi rəqəmlərə istinadən Azərbaycanda məktəb tikintisinin son illərdə sürətlə aparıldığını vurğulayan ekspert qeyd edib ki, Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar:
“Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir: "Heydər Əliyev Fondunun da bu sahədəki xidmətləri böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara milli təhsilimizin inkişafında uğurlar arzulayır".
Ekspertin sözlərinə görə həttə son 2 il ərzində belə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmayıb:
“2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb. 2021-ci ildə isə ölkəmizdə ümumilikdə 88 təhsil müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir”.