Valideynlər pullarını boşuna xərcləyir

Eyni vaxtda 5 yaşlı uşağı həm idmana, həm musiqiyə, həm rəsmə, həm də şahmata qoymaq zərərlidir


   Asudə vaxtın təşkili uşaqların həm fiziki, həm də psixi sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Hər bir ailə uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunmasına imkan daxilində şərait yaratmağa borcludur. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünəməxsus yeri var. Tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval-ruhiyyə yaradır. Uşaqlar bir-biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər.

Bir çox ailələr uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına bir o qədər də əhəmiyyət vermirlər. Hətta elə ailələr də var ki, övladını istirahət üçün maraqlı yerlərə, müxtəlif ölkələrə aparsa da uşaq daxilən bundan zövq almır. Səyahətlər onu sevindirmir. Deməli, burada ilk növbədə uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalı, hər bir valideyn öz uşağı üçün nəyin daha maraqlı olduğunu bilməlidir.
Özünün şəxsi feysbuk hesabında bu mövzuya toxunan  "Azadqadın.az" saytının baş redaktoru Aynur Qurbanqızı azyaşlı uşağa çox yatırım etməyin tərəfdarı olmadığını yazıb. Onların öyrəndikləri biliklərin zamanla unudulduğunu qeyd edən həmkarımız hesab edir ki, onsuz da böyüyəndə unudulur: “Boşuna valideyn yorulur, həm fiziki, həm maddi. Misal üçün, 4-5 yaşlı uşağı həm idmana, həm musiqiyə, həm rəsmə, həm də şahmata qoymaq kimi.... Bu sahələr üzrə gələcəyi professional davam etsə başqa məsələ. Amma belə düşünürəm ki, nə mənası var. Düzdür, artıq yaxşı pulun və uşağı aparıb-gətirməyə adam olsa, əlbəttə, bir ziyanı yoxdur. İnkişafına xeyirdir. Amma digər halda pul və vaxt itkisidir, deyə düşünürəm”.
Sözügedən post ətrafında müzakirə aparan valideynlər  arasında fikirlər haçalanıb. 

Onların fikrincə, vacib olan uşağın kursa getməsi yox, kursdan sonra valideynin onun etdiklərinə dəyər verməsi və uşağın fəaliyyət məhsullarını düzgün "saf-çürük" etməsidir.

Psixoloq Gülnarə Əliyeva “Şərq”ə açıqlamasında bildirib ki, asudə vaxtın səmərəli təşkili zamanı ilk növbədə uşağın yaşı və həmin yaş üçün uyğun olan aparıcı fəaliyyət növünü nəzərə almalıyıq:

 “3-5 yaşlı uşaqların daha çox anası ilə vaxt keçirməsi, oyunlar oynaması daha məqsədəuyğundur. Bu  uşaqların ruh sağlığı, valideyn-övlad arasındakı bağların möhkəmlənməsi baxımından çox vacibdir. 5 yaşından sonra isə uşaqları müxtəlif məşğuliyyətlərə yönləndirmək olar. Hardasa o fikirlə razıyam ki, bu yaşda uşaqlar öyrəndikləri məşğuliyyətlərin hamısını yadında saxlaya bilmir. Əgər davamlı olaraq həmin fəaliyyət sahəsinə maraq göstərib, məşğul olmursa, bir müddət keçdikdən sonra öyrəndiyi rəqsi, şahmatı, idman növünü  unudur. Amma onsuz da burada valideynin məqsədi övladına o sahənin elmi dərinliyini aşılamaq deyil. Burada əsas məqsəd uşağın şəxsiyyət kimi yetişməsinə, zəngin dünyagörüşünün formalaşmasına nail olmaqdır. Kiçik yaşlarından musiqi ilə məşğul olan uşaqlar böyüdükcə duyğularını, hisslərini daha yaxşı ifadə etmə, səslərdən, sözlərdən doğru şəkildə istifadə etmə bacarığına sahib ola bilirlər. Bədən quruluşunun, əzələ sisteminin formalaşması üçün rəqs növləri son dərəcə əhəmiyyətlidir.  
Kurslarda keçilən məşğələlər uşaqların duyğusal inkişafını dəstəkləyir. Kollektiv içərisində özünənəzarət, ünsiyyət bacarığının inkişafına kömək edir. Bütün bunlar isə uşaqda özgüvən yaradır, özünü bir şəxsiyyət kimi tanımasına səbəb olur. Uşağın kiçik yaşlarından müxtəlif yaradıcılıq növləri ilə məşğul olması qavrama, düşünmə, qəraralma, seçim etmə, problem həll etmə kimi zehni bacarıqlarını formalaşdırır. Bu cür uşaqlar yaşıdlarından fərqlənir, sosial varlıq kimi özlərini daha tez dərk etməyə və ifadə etməyə başlayırlar".   

Psixoloqun sözlərinə görə, uşağı yönləndirdiyimiz istiqamət valideynin deyil, uşaqların öz seçimi olmalıdır: 

"Bəzən valideynlər uşaqlıqda etmək istəyib edə bilmədiklərini övladlarına aşılamaq, onları həmin sahəyə yönəltmək istəyirlər. Öyrənəcəyi musiqi alətindən tutmuş idman növünə qədər hər şeyi uşaqlar özləri  seçməlidir. Eyni anda uşağı fərqli fəaliyyət bacarığı öyrədən kurslara aparmaq olar, lakin rəsmə marağı olan uşağı şahmata, rəqsə həvəsi olan uşağı idmana aparmaq  olmaz. Uşağın hər şeydən bir az, bir az bilməsi üçün  etdiyimiz bu addım onu bütün yaradıcılıq sahələrindən soyuda bilər. Belə uşaqlar heç bir sahədə özlərini tapa bilmirlər. Uşağın maraq obyekti onun daxili tələbatına uyğun yönləndirilməlidir. Professor Dipak Çopranın da dediyi kimi riyaziyyatı yox, tennisi yaxşı bilən uşaqları riyaziyyat elminə yönləndirirlər. Halbuki, həmin uşağın tennis sahəsi üzrə mükəmməlləşməsi üçün çalışmaq lazımdır. Mən də o fikirdəyəm ki, uşağı yormadan, yaşına uyğun fəaliyyət sahələrinə yönəltməkdə bir problem  görmürəm". 

Psixoloq-konsultant, psixoterapevt Nərgiz Hüseynova isə  hesab edir ki, səmərəli təşkili uşağın əxlaqi, estetik, əqli tərbiyəsində müstəsna rol oynayır. Uşağın dünyagörüşü formalaşır, zənginləşir, təəssüratları inkişaf edir: 

“Uşaqları kurslara göndərib, məşğələlərə cəlb etməsək onun daxilindəki istedadı üzə çıxara bilmərik. Uşağın hansı fəaliyyət sahəsi üzrə talantı olduğunu bilməsək  gələcəkdə onun inkişafı və özünü təkmilləşdirməsinə mane ola bilərik. Onun üçün də fərqli-fərqli kurslara aparmaq, bütün sahələr üzrə bacarığını, götürmə qabiliyyətini yoxlamaq lazımdır. Dil kursları, musiqi, şahmat dərnəkləri uşaqların beyin inkişafı üçün çox vacibdir. Bu kimi məşğuliyyətlər uşağın asudə vaxtının səmərəli istifadəsi üçün çox əhəmiyyətlidir. Kursa getməyən uşaqlar bütün gün ya telefon, ya da televizor qarşısında oturub zərərli informasiyaları qəbul edir. 
Məsələyə sırf individual yanaşası olsaq eyni anda bir neçə fəaliyyət sahəsi üzrə peşəkar məşğul olan bacarıqlı uşaqlar var. Amma uşaq üçün eyni anda bir neçə kursa getmək, müxtəlif sahələr üzrə məşğələlərdə oturmaq ağır və yorucudursa, bu zaman valideynin sərf etdiyi vaxt və pul itkiyə gedir. Ən yaxşısı uşağın marağı olan sahəni tapıb üzə çıxartmaqdır. Ailəsində poliqlot olan uşaqlar var ki, 4-5 yaşından bir neçə dildə danışmağa meyillilik yaranır və gələcəkdə həmin dilləri mükəmməl şəkildə mənimsəyə bilir. Amma elə uşaq da var 2 dildə danışmağa cəhd edən kimi fikirləri dolaşır və özünü ifadə edə bilmir. 
Məşğələlər incə motorikanın inkişafına çox böyük dəstək  verir və uşaqların sosiallaşmasına, rahat ünsiyyət qurmasına səbəb olur".