Bütün təhsilverənlərin sertifikasiyadan keçirilməsi təqdirəlayiq haldır
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır. Təhsil Nazirliyindən verilən məlumata görə, iyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər mərhələli şəkildə sertifikatlaşdırılacaq: “Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar”.
Qeyd edək ki, məsələni sosial şəbəkələrdə müzakirə edən müəllimlər arasında sertifikatlaşdırılmanın əleyhinə olanlar vardı. Onlar həmkarlarını sertifikasiya imtahanlarını boykot etməyə çağırırdı.
Təhsil eksperti Qoşqar Məhərrəmov isə hesab edir ki, sertifikasiya pedaqoji işçinin, müəllimin öz ixtisasını hansı səviyyədə bilməsini müəyyənləşdirəcək. O, “Şərq”ə açıqlamasında deyib ki, sertifikasiya imtahanlarının keçirilməsi müəllimlər üçün gözlənilən bir qərardır. Uzun müddətdir bu barədə müzakirələr gedirdi:
“Şəxsən mən müəllimlərin sertifikatlaşdırma prosesini düzgün qərar hesab edirəm, hətta bu bir zərurətdir. Beynəlxalq praktikada da var bu. Bütün peşələr üzrə sertifikasiya imtahanlarının aparılmasına ehtiyac var. Burada məqsəd müəllimlərin müasir təhsilə nə dərəcədə uyğun olmasını, öyrətdiyi fənn üzrə baza biliklərinin nə dərəcədə yetərli olub-olmadığını yoxlamaqdır. Bu imtahandan keçə bilməyən müəllim dövlətin resurslarını boşuna tükətmiş, şagirdlərin vaxtını almış olur. Sertifikasiya təhsilin inkişafına yönəlmiş addım olacaq. Belə ki, bu, ilk növbədə müəllimlərin hazırlıq səviyyəsini və savadını müəyyən edir. Ona görə də bütün təhsilverənlərin sertifikasiyadan keçirilməsi təqdirəlayiq haldır. Öz biliyindən əmin olan müəllimlərin narahatçılıq keçirməsinə və narazılıq bildirməsinə elə də ciddi səbəb görmürəm. Amma elə müəllimlər var ki, tədris etdiyi fənn üzrə baza bilgilərinə belə sahib deyil.
Sertifikasiya da məhz həmin müəllimlərin aşkarlanması və təhsil sistemindən uzaqlaşdırılması üçün vacib məsələdir. Təbii ki, oxuyub-öyrənmək üçün onlara bir il möhlət verilməsində fayda var”.