" "Beyin axını" kiçik ölkələri pis vəziyyətə salıb. Azərbaycanı xeyli sayda elm adamlarımız tərk edib. Onların kənarda uğurlarını görəndə istər-istəməz beynimizdən belə bir sual keçir:
"Burda olsaydılar daha yaxşı olmazdımı?"".
"Sherg.az" xəbər verir ki, bu sözləri deputat , təhsil üzrə ekspert Etibar Əliyev Feysbuk hesabında paylaşıb.
E.Əliyev ali təhsilli, savadlı kadrların xaricə üz tutmasından söz açıb. O bildirib ki, ölkəmizdə təbiət elmlərinin tanınmış alimlərinin yeri daha çox görünür:
"Yeni nəsil fizik, riyaziyyatçı, kimyaçı, İKT mütəxəssisləri yetişdirmək olduqca vacib, həm də çətindir. Nobel mükafatı laureatı Əbdüs Salam 300-dən çox pakistanlı fizik yetişdirib. Aziz Sancar da missiyanı davam etdirir. Yaponların isə bəxti gətirib. Son 10 ildə elm sahələri üzrə 12 Nobel mükafatı laureatı... Yapon alimləri ölkələrində yetişiblər və vətənlərində çalışırlar. İnsan kapitalından danışırıq: Bu paradiqmanın tutumunu daha çox fundamental elmlər təşkil edir.
Ölkəni tərk edən tanınmış fiziklər, kimyaçılar və riyaziyyatçılar sanki nədənsə küsüblər. Onlar ildə bir neçə dəfə gəlib universitetlərimizdə kurslar aparsalar, tələbələrlə görüşsələr, çox faydalı ola bilər.
Ancaq onların belə fəaliyyətini görmürük. Bəlkə, özlərinə sığışdırmırlar! Elm adamı umu - küsünü unutmalıdır. Əməkhaqqı və universitetlərdəki mühit bəhanə gətirilməsi mümkündür.
Amma tələbənin və şagirdin heç bir günahı yoxdur. ABŞ, Çin, Hindistan kimi ölkələrə beyin axınının təsiri hiss olunmur. Ancaq bizdə artıq aclıq forması kimi özünü büruzə verir".