Məktəblər hesabat verir

Kamran Əsədov: “Təhsildə keyfiyyət yüksəkliyinə nail olmaq istəyiriksə, məsuliyyəti bölüşməyi bacarmalıyıq”
 
  Azərbaycan təhsilinin Avropa təhsil sisteminə uğurlu inteqrasiyasını təsdiq edən faktlar mövcuddur. Orta təhsildə kurikulum sistemi, ali təhsildə Bolonya sistemi artıq uzun illərdir ki, tətbiq edilir. Orta ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi, elektron jurnal və gündəlik sisteminin tətbiqi də Azərbaycan təhsilinin müasir çağırışlara cavab verdiyini təsdiqləyir. Həmçinin, ali məktəblərdə imtahanların elektronlaşdırılması, sənədləşmə işlərinin elektron qaydada aparılması da tədris və idarəetmədə müasir metodlardan istifadəni göstərir. Tədris və idarəetmənin elektronlaşdırılmasının nə dərəcədə vacib və lazımlı olduğu pandemiya dövründə daha çox təsdiqini tapdı. 

Bəzi çatışmazlıqlar nəzərə alınmazsa, ümumilikdə Azərbaycan təhsili də pandemiyanı çox da ağrılı keçirmədi. 2021-2022-ci tədris ilinin yekunlarına baxdıqda təhsil siyasətinin bəlli inkişaf strategiyası üzrə aparıldığı məlum olur. Sözügedən tədris ilində ölkə üzrə 204 ümumi təhsil müəssisəsində elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilib. 

Bu barədə Təhsil Nazirliyinin məlumatında qeyd olunur. Bildirilir ki, sözügedən təhsil müəssisələri Bakı, Sumqayıt şəhərləri və digər 11 bölgədə yerləşir. Layihənin məqsədi müəssisə üzrə pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşmasıdır. Bu sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtib edilməsi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarə olunması elektronlaşdırılıb. Həmçinin elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, eyni zamanda, mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı da yaradır. 

Tətbiq olunan sistem vasitəsilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb. Hazırda elektron jurnal və gündəlik sistemi 204 təhsil müəssisəsinin 324 min 357 şagird və 23 min 337 müəllimini əhatə edir. Növbəti tədris ilindən daha 158 müəssisədə də bu sistemin tətbiqi nəzərdə tutulur. 

Bununla da, “Elektron jurnal və gündəlik” sisteminin 536 min 646 şagird və 37 min 448 müəllimi əhatə etməsi proqnozlaşdırılır. Qeyd edək ki, elektron jurnalın funksionallığı ilə bağlı istifadəçilərdən gələn tələb və təkliflər nəzərə alınmaqla hər tədris ilində təkmilləşdirmələr aparılır.

  Tədris ilinin yekunları barədə “Şərq”ə danışan təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Məktəb hesabatları”nın dinlənilməsinə start verilib. “Məktəb hesabatları”nın dinlənilməsi ilk olaraq Nəsimi, Binəqədi və Nərimanov rayonlarının ümumtəhsil məktəblərini əhatə edib: 

- “Məktəb hesabatları” nədir, nəyə xidmət edir, soruşsanız, deyə bilərəm ki, məktəb hesabatlarının dinlənilməsinin əsas məqsədi ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulmasının əhəmiyyəti, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin sağlam rəqabətin yaranmasına təsiri, şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi, təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını və məktəb hesabatlığını təmin etməkdir. İlk “Məktəb hesabatı” paytaxtın 247 saylı tam orta məktəbində keçirilib. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən danışıb, ötən dərs ilinin nəticələrinin təhlilinə diqqətin artırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib. Həmçinin şagird nailiyyətlərinin artırılması, elektron təhlil sisteminin qurulması, müəllimlərin sertifikasiyası, elektron hesabat bazasının formalaşdırılması, valideynlərlə iş və digər müvafiq məsələlərdən söhbət açıb, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri diqqətə çatdırıb. 

  K.Əsədov bildirdi ki, təhsildə keyfiyyət yüksəkliyinə nail olmaq istəyiriksə, məsuliyyəti bölüşməyi bacarmalıyıq:

- Bu məsələdə məktəb rəhbərliyi, müəllim heyəti və valideynlər birgə çalışmalıdır. Məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır. Hər bir məktəb direktorunun öz fəaliyyətinin təhlilini aparması zəruridir, bunu BŞTİ-nin müdiri də vurğuladı. Həmçinin, məktəbdaxili monitorinq sisteminin düzgün təşkili də böyük əhəmiyyət daşıyır. 

  Qeyd edək ki, məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin, həmçinin olimpiada və müsabiqələrin nəticələrinin təhlilinə dair təqdimatla çıxış edib. 

Sektor müdiri paytaxt məktəbləri üzrə keçirilən layihələr, qiymətləndirmə və monitorinq imtahanlarından danışıb. Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə ümumi təhsil məktəblərində IV və IX siniflərdə keçirilən monitorinq və buraxılış imtahanlarının nəticələrinə aid təqdimatla çıxış edib. Ümumi təhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətə nəzarət məsələlərinə toxunan sektor müdiri ötən dərs ilinin statistik təhlilinə diqqət çəkib. 

Məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilir ki, “Məktəb hesabatları” üzrə dinləmələrin paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulur.