Çatdıra bilmirlər: Maddi vəziyyəti ağır olan valideynlərin rahatçılığı pozulub

Birdəfəlik məktəbli formalarının 3 ildən bir dəyişdirilməsinə yekun qərar verilməlidir

  Məktəblərdə yeni geyim formalarının 2022-2023-cü tədris ilindən tətbiq edilməsi nəzərdə tutulsa da, valideynlərin çoxu yeni dərs ilində övladlarının məktəbə hansı formada gedəcəyi barədə məlumatsızdır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq. 

  Qeyd edək ki, 2022/2023-cü il tədris ilində Azərbaycanda tətbiq olunacaq yeni məktəbli formalarının ilkin qiymətləri məlum olub. Yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif olunur.
  Qeyd edək ki, ikili məktəbli formalarının qiyməti 30 AZN-ə yaxın olacaq. Üçlü və dördlü dəst olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək.

  Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, məktəbli formalarını tez-tez dəyişdirmək istər şagird, istərsə də valideynlər üçün problem yaradır:

  "Nazirlər Kabineti tərəfindən sonuncu verilmiş qərara əsaslansaq, orada 3 ildən bir formaların dəyişilməsi nəzərdə tutulur. Eyni zamanda qız şagirdlərin şalvar geyinməsi də nəzərdə tutulub. Xarici ölkələrlə müqayisə aparsaq, orada da formalar ya hər il, ya da 3-5 ildən bir dəyişir. Düşünürəm ki, hər il forma dəyişilməkdənsə, 3 ildən bir dəyişilməsi daha məqsədəuyğundur. Artıq bu yöndə yekun qərar verilməlidir. Vahid məktəbli forması müəyyənləşdirilməli, ondan kənara çıxılmamalıdır. Burda valideynlərin ümumi durumu da nəzərə alınmalıdır. Hər il eyni formanı almaq, dəyişmək və yaxud tikdirmək, sözsüz ki, həm şagirdi, həm valideyni çıxılmaz vəziyyətə salır. Maddi sıxıntı yaradır. Hər il geyim dəyişdikcə valideyn məcbur olub yeni forma alır. Qiymətlər də 80 manat, bəzən ondan da yuxarı olur. Amma bu, standart olsa, valideyn qabaqcadan tədbirini görər. Yəni övladının hər il müəyyən qədər boy artımını nəzərə alar. Ümumiyyətlə, düşünürəm ki, şagirdlərə geyim məsələsində bir qədər sərbəstlik verilməlidir. Uşaq məktəbə özünü rahat hiss etdiyi geyimdə gəlməlidir. Məktəbli forması elə olmalıdır ki, şagird özünü rahat hiss etsin. Geyimlərin hazırlanmasında şagirdin özünü rahat hiss etməsi nəzərə alınmalıdır”.
  Ekspert bildirib ki, hazırda ölkədə övladına məktəb forması dəstini almağa gücü çatmayan ailələr var: “Bu gün ölkədə qazancı az, maddi vəziyyəti aşağı olan yüzlərlə ailə var. Belə ailələr üçün yeni məktəbli forması almaq çətin olacaq: “Məlumdur ki, vahid məktəbli formalarının qiyməti 70-80 manata qədər qalxır. Bu hal da təbii olaraq valideynləri narahat edir. Məktəblinin geyimi tək forma ilə bitmir axı. Ayaqqabı, çanta və digər ləvazimatlar da var. Fikrimcə, bütün bunları nəzərə alıb dövlət müəssisələrində sərbəst geyimə üstünlük verilməsi daha məqsədəuyğundur”.
Şəymən